Modern.az

Azərbaycan və ABŞ prezidentləri görüşdülər

Azərbaycan və ABŞ prezidentləri görüşdülər

Təhsil

24 Sentyabr 2010, 23:28


Nyu-Yorkda keçirilən BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə görüşüb. Amma jurnalistlərə görüşdən yalnız bir neçə dəqiqəlik foto çəkməyə imkan verilib.

”Azadlıq” radiosunun məlumatına görə, görüşdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyms Cons, ABŞ-ın BMT-dəki səfiri Süzan Rays, Ağ Evin məsləhətçisi Valeri Carrett iştirak edib.

Görüşdən sonra prezidentlər heç bir açıqlama verməyiblər.

AzərTAc isə bildirir ki, prezidentlərin görüşündə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
ABŞ Prezidenti Barak Obama Prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğulayıb.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, təhlükəsizlik sahələrində əlaqələrimizin regional əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edilib.
Azərbaycan ilə ABŞ-ın beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyətinə toxunulan görüşdə Azərbaycanın bu əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib.
Energetika sahəsində ölkələrimiz arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilərək, Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə töhfəsi xüsusi qeyd olunub.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, problemin tezliklə nizama salınmasının regionda sülhün və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildiriblər.
Prezident İlham Əliyev münaqişənin həlli ilə əlaqədar danışıqlar prosesinə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb.
Dövlət başçılarının görüşündə Azərbaycanda demokratik inkişaf prosesləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin regional və beynəlxalq məsələlər də müzakirə edilib.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır