Modern.az

ATƏT missiyası işğal olunmuş ərazilərimizə gedəcək

ATƏT missiyası işğal olunmuş ərazilərimizə gedəcək

25 Sentyabr 2010, 16:39

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradke (ABŞ) və İqor Popov (Rusiya), eləcə də ATƏT-in sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik sentyabrın 23-də Nyu-Yorkda BMT-nin Baş Məclisi çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüşüblər.
Bu barədə ATƏT-in rəsmi saytında dərc olunmuş Minsk qrupunun bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, həmsədrlər nazirləri oktyabrın 4-dən 14-dək Dağlıq Qarabağın ətrafındakı ərazilərə səfər edəcək qiymətləndirmə missiyasının hazırlığı barədə məlumatlandırıblar.
Bundan əlavə, sənəddə qeyd olunur ki, həmsədrlər BMT-nin Cenevrədəki və Nyu-Yorkdakı nümayəndələri ilə özlərinin qurduqları ilkin əlaqələrə əsaslanaraq, BMT-nin İnkişaf Proqramının və Qaçqınlarla İş üzrə Ali Komissarlığının ekspertlərinə missiyada iştirak etmək xahişi ilə rəsmi müraciət ediblər.
Həmsədrlər nazirləri ATƏT-in Astanada keçiriləcək sammitinə hazırlıq və iş planları ilə tanış ediblər.
Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirmə missiyası hazırda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki vəziyyəti öyrənir. ATƏT-in Minsk qrupunun həmsədrləri son səfərləri zamanı bu ərazilərdə vəziyyətlə tanış olmuşlar. Vasitəçilərin Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətlə bağlı hesabat hazırlayacaqları gözlənilir.


 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır