Modern.az

“Oxucu romanımı oxuyarkən halı pisləşib və onu xəstəxanaya yerləşdiriblər” - MÜSAHİBƏ

“Oxucu romanımı oxuyarkən halı pisləşib və onu xəstəxanaya yerləşdiriblər” - MÜSAHİBƏ

21 May 2015, 09:40

Elxan Elatlı: “Məni Cek Londona bənzətsələr, bunu özümə təhqir kimi qəbul edərəm”


Modern. az
saytı ədəbiyyat adamları ilə silsilə müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz son illər əsərləri ən çox oxunan yazıçılardan biri, dedektiv ədəbiyyatın nümayəndəsi Elxan Elatlıdır:

- Uşaq vaxtından riyaziyyatı çox sevmişəm. Bu səbəbdən də Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirdim. O zaman bizim diplomda ixtisas kimi riyaziyyatçı yazılırdı. Ona əlavə olaraq riyaziyyat müəllimi də əlavə olunurdu. Universitet vaxtı da riyaziyyata marağım böyük idi. Hətta mənə orada qalıb elmi fəaliyyətimi davam etdirmək də təklif olundu. Amma razılaşmadım. Universitetdə özümü ictimai işlərdə də göstərə bilmişdim. Amma sonradan həvəsdən düşdüm. Odur ki, 15 il rayon məktəbində müəllim işlədim. Həmin 15 ili sürgün illəri adlandırıram. Lakin kifayət qədər vaxtım oldu ki, məhsuldar mütaliə ilə məşğul olum. Uşaqlıqdan dünya ədəbiyyatından Azərbaycana dilinə nə tərcümə olunurdusa, demək olar hamısını mütaliə edirdim. Ara-sıra kiçik hekayələr və şeirlər yazırdım. Amma heç birisini çap etmirdilər. İlk yazılarım rayon qəzetində çap olunub.

- Təxəllüsünüz daha çox şair təxəllüsünə oxşayır. Riyaziyyatçı və dedektivə o qədər də xas olmayan bir təxəllüsdür...

- Bunu şair kimi, yəni şeirlər yazanda təxəllüs götürdüm. Bəzən deyirlər ki, anadan olduğum Şamaxıya bu təxəllüsün heç bir dəxli yoxdur. Nəzərdə tutmuşdum ki, şair olacağam. 3 şeir kitabım çıxandan sonra düşündüm ki, bu qədər istedadlı şairlərin içində ad qazanıb özümü təsdiq edə bilməyəcəyəm. Elə indi də o şeirlərə baxanda görürəm ki, müasir poeziya ilə uyuşmur, daha çox riyaziyyatçı şeirlərinə oxşayır. Fikirlərim dəqiqdir, amma indi poeziyaya tələbat başqadır. İndi poeziyada ruhu dincəldən fikirlər olmalıdır.

- Sonradan sizi məşhurlaşdıran dedektiv janra keçid aldınız. Bu janrda ilk addımlarınız zamanı nə kimi uğursuzluqlar baş verdi?

- Dedektivə keçid alan zaman demək olar heç bir uğursuzluq yaşamadım. Çünki ilk yazdığım “Şəhvətin cinayəti” adlı hekayə bu gün də çap olunur. Amma ilk hekayələrimdə dedektiv ustalarını, məsələn, Konan Doylu müəyyən qədər yamsılama var idi. Şükür, bu təsirlənmə çox tez bir zamanda aradan çıxdı. Mən “Pəncərədə görünən kölgə” adlı ilk romanımda bu təsirdən xilas oldum. Bu gün də eləyəm. “Kiçik olum, özüm olum” deyə düşünürəm. Bu gün mənə desələr ki, Elxan müəllim  Cek Londona bənzətsələr, bunu özümə təhqir kimi qəbul edərəm.

- Dedektivin ədəbiyatdakı yeri necədir? Bəziləri onu “underground”, yəni yeraltı ədəbiyyat adlandırır. Bəziləri isə ikinci dərəcəli ədəbiyyat. Sizin fikrinizcə, Edqar Allan Podan, Aqata Kristidən, Konan Doyldan  üzü bəri  dedektivin ədəbiyyatdakı yeri haradadır?

- Fikrimcə, ədəbiyyata verilən iki tələb var: o maraqlı və təsir gücünə malik olmalıdır. Məncə, istənilən bir əsər maraqsızdırsa, deməli, müəllifin özü zəifdir. İkincisi, əgər hər hansı yazıçı maraq prinsipindən istifadə etməyib ortaya güclü bir əsər qoymaq istəyirsə, o əsərin təsir gücü olmalıdır. Əgər bir yazıçı Allaha yaxındırsa, qısaca desək, yaxşı insandırsa onun yazdığı güclü təsir gücünə malik olan əsər insanlara da yaxşı yöndə təsir edəcək, yaxud əksinə. Klassik dedektiv ədəbiyyatı çox vaxt yüngül ədəbiyyat adlandırıblar. Orada konkret bir süjet xətti var. Həmin süjetdə cinayət hadisəsi var və müəllif də süjetdən kənara çıxmamaq şərti ilə qatili tapır və s. Təbii ki, bu cür dedektivlər oxucunu yorur. Oxucu çox zaman buna əyləncə kimi yanaşır. Rusiyada bəzi dedektivlər üçün deyirlər ki, onların əsərləri avtobusda oxuyub elə pəncərədən tullamaq üçündür. Amma mənim elə bir əsərim var ki, orada dedektiv amili demək olar ikinci yox, hətta  üçüncü sıradadır. Ona dedektiv deyə də bilərsiz, deməyə də bilərsiz. Süjeti dedektiv üzərində qururam. Ondan sonra başqa ənənəvi  romanlarda necə bunlarda da elədir. İkincisi, başqa romanlarda həkimin, müəllimin həyatından yazılırsa, mənim əsərimdə polisin həyatından yazılır. Hər ikisi insandır. Sadəcə, dedektivin fərqi bundandır ki, oxucu onu oxuyarkən axıracan getmək istəyir. Mən də bundan istifadə edib bugünkü gənclərə maarifçilik, əxlaqi istiqamətdə nə demək istəyirəmsə, bunu həmin dedektiv süjetin içində çatdırıram. Üstünlüyüm də elə ondadır. Uşaq vaxtı xəstələnəndə analarımız sağalmamız üçün bizə həb verirdi. Həb də təbii ki, acı olduğundan biz onu qəbul etmək istəmirdik. Onda həbi yarı qaşıq mürəbbənin içinə qoyub bizə verirdilər. Elə bilirdik ki, mürəbbə yemişik. Amma axı həb də onunla birgə bədənə daxil olub öz effektini göstərəcək. Mənim də yazdıqlarım elə bu misala bənzəyir. Camaatın maraqla oxuduğu dedektiv süjet, sevgi süjeti və başqa maraqla qarşılanan hadisələr o “mürəbbə”dirsə, həmin mürəbbənin içində gedən acı həqiqət, acı həb isə vətənin problemləri, əxlaqi məsələlər, başımıza gələn bəlalardır.  O “mürəbbə”nin içində gizlədib fikrimi deyirəm.

“Sənət-sənət üçündür” deyənlər var, “sənət-xalq üçündür” deyənlər də var. Hər iki fikirdə müəyyən qədər həqiqət var. Amma mənim mövqeyim heç də “sənət-sənət üçündür” deyənlərin mövqeyi ilə üst-üstə düşmür. Bilirəm nəyə görə. Amma məni bu gün maraqlandırmır ki, sənət üçün zirvədə ola biləcək bir əsər yaradaq. Qoy bu haqda başqaları düşünsün. Məni bu gün o maraqlandırır ki, əgər əlimdə qələm varsa və xalqa nəsə verə bilərəmsə, qoy elə xalqa xidmət edim. 100 il bundan əvvələ baxanda görürük ki, böyük Mirzə Cəlil də o fikirdə olub. Deyib ki, qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir. Yazıçı azad olmalıdır. Ürəyindən keçəni yazmalıdır. Mən nə zaman qələm götürürümsə, əsərimdə Azərbaycanın yağılarına toxunmaya bilmirəm. Hətta bir dəfə deyirəm ki, bu əsərimdə düşmənlərin adını çəkməyəcəyəm, sırf dedektiv bir əsər yazacağam. Düşünürəm ki, sırf bir dedektiv olsun, Rusiya və başqa yerlərdə çap olunsun. Amma yenə də özümdən asılı olmur. Romanı bitirəndən sonra baxıb görürəm ki, bir çox yerlərdə bu məsələni qabartmışam. Düşmənə nifrət duyğularını yenə də gənclərə əsaslandırmışam.

- Bu gün dedektiv ədəbiyyatı daha çox oxutduran meyarlar hansılardır?

- Dedektiv əsər insanın özündən asılı olmayaraq onu düşündürür. Oxucu özünü xəfiyyənin yerinə qoyaraq yekun nəticə haqqında fərziyyəsini irəli sürür. Dedektiv əsər insanın məntiqi şəkildə düşünməsinə şərait yaradır. Oxucular mənim özümə neçə dəfə deyiblər ki, Elxan müəllim, sizin əsərinizi oxuyandan sonra daha dəqiq, daha məntiqi şəkildə düşünməyə, hər şeyə ciddi yanaşmağa başlamışıq. Mən də bu cür sözləri eşidəndə çox xoşbəxt oluram. Yazıçı bundan artıq insanlar üçün nə etməlidir ki?! Bəzən deyə bilərlər ki, bəşəri bir əsər yazım. Bunlar mənə gülünc gələr. Bəzən də bununla bərabər yenilikçi olmanı da istəyirlər. Bəşəri mövzulardan biri də anaya məhəbbətdir, vətənə məhəbbətdir. Bunları necə yeniləşdirmək olar?!



- Məni qabaqladınız, mən elə dedektivin insan İQ-nə (məntiqi mühakimə qabiliyyətinə) təsirini şoruşmaq istəyirdim...

- O barədə danışmaq bir az çətindir. Amma onu deyə bilərəm ki, uşaq ikən eşitdiyi nağıllar da insanın düşünmə qabiliyyətinə müsbət təsir göstərir. Uşaq əvvəlcə ananın, dayənin dediyi nağılları dinləyir, sonra öz beynində avtomatik olaraq düşünməyə başlayır. Beləcə, o vaxtdan etibarən onun beyini məşq etməyə başlayır. Həmişə şagirdlərimə də deyirdim ki, bir idmançı ağırlıq qaldırmaq üçün əvvəlcə öz əzələlərini məşq etdirməlidir. Beyini məşq etdirmək üçün onu divara vurmaq lazım deyil, sadəcə, düşünmək lazımdır. Bundan sonra beyin yavaş-yavaş  əzələ yığmağa başlayacaq. Məntiq məsələlərindən bəhs edən kitabıma yeni metodlar, adlar daxil etmişdim ki, onlara əvvəllər başqa mənbələrdə rast gəlməmişdim. Məsələn, qohumluq məsələləri kimi yeni ad daxil etmişdim. Çox maraqlı və dəqiq məsələlərdir. Onlarda qeyri-dəqiqlik yoxdur. Məsələn, filankəsin 3 əmisi oğlu var, onun isə yeddi əmisi oğlu. Bunun iki qardaşı varsa, onun neçə qardaşı var? Bu kimi məsələlərə görə hətta elmi dərəcəsi olan adamlar da mənə zəng vururdular. Deyirdilər ki, ailəmizdə neçə gündür bunun üstündə baş sındırırıq. Mümkündürsə, bunun yolunu bizə də deyin. İnsanlara bu kimi şeylər də maraqlıdır. Ona görə də bütün dünyada dedektiv daha çox oxunur.

- Necə yazırsınız?  Hər hansı romanın süjetini hansı plan əsasında qurursunuz?

- İlk növbədə beynimə əsərin dedektiv ünsürü gəlir. Bəzən elə olub ki, şərti olaraq dedektiv ünsür adını verdiyim bir hadisəni özüm yaşamışam. Məsələn, “Pəncərədən görünən kölgə” əsərimdə pərdə ilə çıraq arasında qalanda adamın kölgəsi pəncərədən aşağı düşür. Bu hadisə mənim öz başıma gəlib. Qorxulu bir hadisə yaşanmışdı. Mənim üçün ilkin lazım olan dedektiv ünsürü məhz belə yaranır. Sonra hadisələr və obrazlar şaxələnir. Haradasa qorxunc bir ər surəti, zavallı bir xanım surəti yaranır. Daha sonra həyatda olan polis surətləri meydana gəlir və s. Özlərinə demədən, danışmadan tanıdığım polis obrazlarından istifadə elədim. İndiyə qədər kimsədən kömək istəməmişəm. Tanıdığım adamların surətini onların özündən xəbərsiz yaratmışam.

- Əsərlərinizdə rast gəlinən başqa bir meyar isə xəfiyyənin peşəkar psixoloji qabiliyyətidir. Məsələn, “Arxalı canavar” romanınızda canavar fotosunu göstərməklə xəfiyyə qızın alt şüuruna təsir edir və o qışqırmağa başlayır. Bu cür metodlar  üçün xüsusi araşdırmalar aparırsınız?

- Bütün insanlar həyatda nəyisə yaşayır, nəyisə görürlər.  Həmin o yaşantılar şüurun alt qatına enir. Oranın da sanki öz işçiləri var. O bilgiləri elə “presləyir”lər, sistemləyirlər  ki, çətin bir də o anbardan  çıxa bilsin. Amma yazıçı üçün də ilham deyilən bir şey var. O peyğəmbərlərə verilən vəhyə çox yaxındır. Deyərdim ki, yalnız adlarında fərq var. Həmin ilham zamanı beynin alt şüurunda olan nəsnələr üzə çıxmağa bənzəyir. Hərdən özümə sual verirəm, məsələn, qorxaq bir adamın psixoloji portretini necə yaratmışam? Amma dərindən düşünəndə görürəm ki, uşaq vaxtı, ya nə vaxtsa bir saniyəlik də olsa özüm o halı yaşamışam.

- Hansı romanınızda real həyatda yaşananların qabarıq əksi var?

- Əsas fəsilləri heç zaman real həyatdan götürməmişəm. Yəni hamısı təxəyyül məhsuludur. Əsas obrazlarım da real həyatda yoxdur. Qanbay Qasımlı da, Ələmdar da təxəyyül məhsuludur. Amma yardımçı fəsillər və obrazlar olub ki, onlar real həyatda olub. Hətta bu yardımçı obrazlardan bir-ikisinin heç adını da dəyişməmişəm.

- Sizdən təsirlənən oxucuların sizə nə kimi maraqlı etirafları olub? Oxucu ilə sizin aranızda hər zaman xatırladığınız hansı maraqlı hadisələr yaşanıb?

- Bu cür hallar çox olub. Dərin düşünsəm, bəlkə daha yaxşıları yadıma düşər. Amma ilk anda xatırladıqlarım budur ki, “Xəyanətromanımı oxuyandan sonra xəyanət yoluna baş vurmaqda olan qadınların bir neçəsi həmin yoldan çəkiniblər. Bunu özləri mənə etiraf ediblər. Yaxud, yüngül forması olub, məsələn, telefonda mesajlaşma. Amma romanı oxuyandan sonra mesajı həmən siliblər və bundan əl çəkiblər. “Cəhənnəmdən gələn səs” romanımla bağlı mənə gəlib çatan 3 məlumat var. Oxucu romanı oxuyarkən halı pisləşib ki, təcili yardım gəlib və onu xəstəxanaya yerləşdiriblər. Sonra mənə xəbər veriblər ki, yüksək qan təzyiqi ilə xəstəxanaya düşüb. Sonra baş həkim maraqlanıb ki, bu hansı romanı oxuyan zaman olub. Cavab veriblər ki, Elxan Elatlının “Cəhənnəmdən gələn səs” romanını oxuyan zaman olub. Orada Xocalı hadisələrindən bəhs etmişəm. Mən oxuculardan ancaq sevgi görmüşəm. Halbuki, bu sevgini heç öz pərəstiş etdiyim yazıçılarıma qarşı da görməmişəm. Bunu da polkovnik Qasımlı obrazı ilə əsaslandırırlar. Kim həmin obrazı təxəyyül məhsulu hesab edirsə, həmin sevgini mənə yönəldir. Kim onun varlığına inanırsa, məndən xahiş edir ki, bizi Qanbay Qasımlı ilə görüşdürün. Mən də o zaman aciz qalıram. Bunun özü bir şərəfdir. Mən Qanbay Qasımlı obrazını yaradanda düşünmüşdüm ki, Azərbaycanın Şerlok Holmsın yaradım. Düşündüm ki, nəyə görə bu gün Londonda bir evə hələ də Şerlok Holmsun varlığına inanıb onun adına məktublar yollayırlar, niyə bizdə belə bir qəhrəman yoxdur?!

Əgər bu gün oxucular israrla məndən Qanbay Qasımlı ilə tanış olmalarını istəyirlərsə, onun varlığına inanırlarsa, uşaqlar qeyri-qanuni də olsa divarlara Qanbay Qasımlının adını yaza bilirlərsə, deməli, mən Azərbaycanın Şerlok Holmsunu yarada bilmişəm.

- Söhbət əsnasında dediyiniz ki, bu gün dedektiv janrda sizdən təsirlənənlər var. Ümumiyyətlə, bizdə bu janrın gələcəyi var?

- Azərbaycan dedektiv ədəbiyyatının ən parlaq nümunələrini yarada biləcək gənclərdən Vüqar Bayramlını deyə bilərəm. Onun bu yaxınlarda dedektiv kitabı çıxdı. Ön sözü də mən yazdım. Firuzə Çiçək adlı bir xanım da var, dedektiv ədəbiyyata çox meyl edir, həm də istedadlıdır. Maraqlandım, kitabını oxudum və redaktə etdim. Bu yaxınlarda Cənnət İbad adlı bir xanım yazarın hekayələrini oxudum. Zəng vurub valideynlərinə təşəkkür də etdim. Amma o dedektiv janrda yazmır. Özünü dedektiv ədəbiyyatda mənə bənzətmək istəyən gənclər çoxdur.

- Fikrinizcə, ədəbiyyat tariximizdə qoruyub saxlamağa məcbur olduğumuz xadimlər kimlərdir?

- Sözsüz ki, ən birincsii Cəlil Məmmədquluzadə. Min il bundan sonra da insanlar o yazıçını qoruyub saxlamağa məcburdurlar. Həm də ədəbiyyat elə bir məfhumdur ki, sən zaman-zaman ayrı-ayrı yazıçılardan öyrəndiklərini sonradan öz əsərlərində görə bilirsən. Bəlkə də həmin müəllifin adı yadında qalmayacaq. Amma ondan götürdüyüm gözəl bir söz, gözəl bir ifadə sənə gərəkli olacaq. Məsələn, hərdən işlətdiyim “ən qəribəsi budur ki” ifadəsini yazıçı Elçindən götürmüşəm. Bu gün elə yazıçılar var ki, gənclərimiz onu oxumurlar. Məsələn, Mehdi Hüseyn. Amma həmin gənclər bu gün Elxan Elatlını oxuyurlarsa, deməli, Mehdi Hüseynə də eyni zamanda minnətdar olmalıdırlar. Çünki mənim həm ondan, həm də başqasından öyrəndiklərim var.

-Dünyada,  eləcə də ölkəmizdə baş verən siyasi proseslərdən bəhs edəcək dedektiv əsərlər yazmaq fikriniz var?

- Demək olar ki, siyasətdən uzağam. Allah Çingiz müəllimin canını sağ eləsin o, bu istiqamətdə  yazacaq (gülür). Mən elə öz xəttimdə yazsam daha yaxşı olar.  Ümumiyyətlə, hərə öz yolunu getsə, daha yaxşıdır.



Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub