Bütün ermənilərin katalikosu II Qareginlə Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutmuş görüşün yekunları barədə Rusiya partriarxına məlumat verilib. Modern.az ANS-ə istinadən bildirir ki, Eçmiədzin kilsəsinin yaydığı məlumata görə, erməni tərəfi azərbaycanlı əsirlər və əsgərlərin meyitlərini qaytamağa hazırdır.
Rusiya patriarxına verilən məlumatda bildirilir ki, əgər Azərbaycan tərəfi də problemlərin həllində beynəlxalq humanitar hüququn tələblərinə sadiq qalaraq, birgə əməkdaşlığa hazır olarsa, Ermənistan tərəfi bu məsələni müzakirə etməyə hazırdır.
Azərbaycan Müdafə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə bildirib ki, ermənilər nə vaxtsa bu məsələni qaldırmayıblar.
“Ermənilər nə vaxtsa bu məsələni qaldırmayıblar. Azərbaycan tərəfi isə dəfələrlə əsir əsgərlərimizin qaytarılması məsələsini qaldırıb. Azərbaycan tərəfi həmçinin, hər zaman erməni əsirləri qaytarmağa hazırdır. Lakin erməni əsir əsgərləri geri qayıtmaq istəmirlər. Erməni əsgərləri onlardan əvvəlki əsirlərlə pis davrandığını əsas gətirərək onları da eyni taleyin gözləyəcəyindən ehtiyat edirlər. Üstəlik indiyə qədər rəsmi İrəvan Azərbaycan tərəfdə olan əsirləri barədə narahatlığını ifadə etməyib”, - deyə Eldar Sabiroğlu bildirib.
Xatırladaq ki, Ermənistan tərəfində 2 əsir, 1 girov və 2 meyitimiz var. Azərbaycan tərəfində isə 6 erməni əsgəri və 5 mülki şəxs var.
Modern.az