Modern.az

Xankəndli deputatdan erməniyə cavab: “Bizim dairənin seçiciləri heç vaxt ermənilərə səs verməz”

Xankəndli deputatdan erməniyə cavab: “Bizim dairənin seçiciləri heç vaxt ermənilərə səs verməz”

28 Sentyabr 2010, 18:45

Azərbaycan Erməniləri Assambleyasının sədri Qriqori Ayvazyan rəsmi müraciətlə 7 noyabr parlament seçkisinə qatılmaq istədiyini bildirib. Dünən İrəvanda jurnalistlərə açıqlama verən Ayvazyan Azərbaycanın Mərkəzi Seçki Komissiyasına, prezident İlham Əliyevə və xarici işlər naziri Elmar Məmmədyarova elektron poçt və faksla müraciətlər göndərdiyini söyləyib.

O, Azərbaycan ermənilərinə parlament seçkisinə qatılmaq imkanı verilməsini tələb edib. Qriqori Ayvazyanın sözlərinə görə, Azərbaycan ona seçkidə iştirak imkanı və təhlükəsizliyinə beynəlxalq təminat verməlidir. “Azərbaycan Konstitusiyasına görə, bu ölkədə doğulmuş hər bir şəxs Azərbaycan vətəndaşıdır”.

Erməni “vətəndaşımızın” bu müraciəti birmənalı qarşılanmayıb. Milli Məclisdə 123 saylı Xankədi seçki dairəsni təmsil edən deputat Həvva Məmmədova  Modern.az saytına açıqlamasında  bildirib ki, Dağlıq Qarabağ erməniləri yalnız Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını rəsmən bəyan etdikdən sonra ölkəmizin vətəndaşlarının malik olduqları hüquqları əldə edə bilərlər.

“Yalnız bu şərt daxilində ermənilər seçkilərdə iştirak etmək üçün namizədliyini verə bilərlər. Nə qədər belə mövqe səsləndirməyiblər, Dağlıq Qarabağ ermənilərinin seçkilərdə iştirakı mümkün deyil”-deyə millət vəkili vurğulayıb. 

“Dağlıq Qarabağda heç bir erməni ərazi bütövlüyümüzü tanımadan Azərbaycanın Milli Məclisinə seçilə bilməz. 20 il ərzində bu ermənilərindən heç biri torpaqların işğal etdiklərini deməyiblər, Ermənistanın işğalçı siyasətini tənqid edən heç bir açıqlama verməyiblər. İndi kim onlara səs verəcək? Xankəndində olan seçicilər heç vaxt ermənilərə səs verməz”.

Bununla bərabər millət vəkili deyib ki, prezident İlham Əliyev 2005-ci ildə 122 saylı Xankəndi seçki dairəsini açmaqla Dağlıq Qarabağ ermənilərinə böyük jest edib.

Xatırladaq ki, özünü Azərbaycan vətəndaşı kimi qələmə verən Qriqori Ayvazyan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına və 1 milyondan çox azərbaycanlının yurd-yuvasından qovulmasına heç bir  münasibət bildirməyib.

122 saylı Xankəndi Seçki Dairəsinin sədri Allahverdi  Doluxanov Modern.az-a bildirib ki, 2009-cu ilin  statistikasına görə bu dairənin 4 min 539 nəfər seçicisi var. Allahverdi Doluxanov qeyd edib ki,  Xankəndindən olan məcburi köçkünlərin sayı təxminən 18 min nəfərdir. 18 min nəfər sakinin cəmi 4 min 539-u seçici kimi qeydə alınmasını DSK sədri məcburi köçkünlərin ölkənin müxtəlif yerlərinə səpələnməsi ilə izah edib:

“Məsələ ondan ibarətdir ki, 1988-ci ildə xankəndililər məcburi köçkün düşüb. Onlar ilk məcburi köçkünlər olduğundan, republikanın müxtəlif ərazilərində pərakəndə şəkildə məskunlaşıblar. Qeydiyyatda problemlər oldu. Xarici ölkələrə də gedənlər olub. Bu səbəbdən də hamının seçici siyahısına düşməsi ilə bağlı ciddi problemlər var”. 

A.Doluxanov onu da əlavə edib ki, 122 saylı Xankəndi seçki dairəsindəki səsvermədə təkcə azərbaycanlılar deyil, eyni zamanda Xankəndidən olan erməni əsilli Azərbaycan vətəndaşları da seçkilərə qatıla bilərlər.
“İndiki vaxta erməniləri götürüb bura gətirmək mümkün deyil, həm də bu arzuolunan məsələ deyil. Bütün torpaqlarımız azad olunsun və 122 saylı seçki dairəsi Xankəndinin özündə fəaliyyətə başlasın”.

A.Doluxanov deyib ki, ola bilsin yaxın müddətdə Xankəndinin icra strukturları yaradıla bilər. Artıq bununla bağlı müəyyən söhbətlər gedir.
“Şəxsən mən bu məsələnin tərəfdarıyam. Çünki işğal olunmuş bütün Azərbaycan rayonlarının hər birinin icra strukturları fəaliyyət göstərir. Ancaq Xankəndinin icra qurumu yoxdur. Xankəndililər pərakəndə halda yaşayırlar. İcra strukturunun yaradılmasını şərtləndirən digər amil də odur ki, xankəndililər kompakt halda bir-biri ilə əlaqə saxlaya bilərlər”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub