Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovanın dəvəti ilə Türkiyənin Yalova şəhərinin bələdiyyə başqanının yardımçısı Hikmət Yavuz Azərbaycana səfərə gəlib. Modern.az-ın məlumatına görə, səfərin məqsədi Yalova şəhəri ilə Şamaxı rayonunun qardaşlaşması məsələsini müzakirə etməkdir.
Qeyd edək ki, G. Əhmədova bir müddət öncə bu iki şəhərin qardaşlaşması ilə bağlı təşəbbüslə çıxış etmişdi.
G.Əhmədova, H.Yavuz və Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri İsmayıl Çalışqandan ibarət nümayəndə heyəti Şamaxı rayonunda səfərdə olub. Qonaqlar 1918-ci ildə Qafqaz-İslam ordusunun əsgərlərinin şərəfinə Şamaxı rayonuna gedən yolun kənarda ucaldılmış "Tənha məzar" abidəsini ziyarət ediblər. Azərbaycanın azadlığı uğrunda həlak olmuş mehmetçiklərin, eləcə də bütün türk millətinin şəhidlərinin ruhuna dualar oxunub, fatihə verilib. Onların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qonaqları şəhərlə tanış edib.
Daha sonra Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasında rəsmi görüş keçirilib. Görüş zamanı iki şəhərin qardaşlaşması ilə bağlı anlaşma memorandumunun hansı məzmunda hazırlanması ilə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, bununla bağlı protokol hazırlansın. Oktyabrın 4-dən sonra Yalova bələdiyyəsinin iclası keçirilərək məsələ müzakirə olunacaq. Beləliklə də, Yalova şəhəri ilə Şamaxı rayonunun qardaşlaşması prosesi həyata keçiriləcək.
Görüş zamanı millət vəkili G. Əhmədova yaxın bir il ərzində Yalovada ulu öndər Heydər Əliyevin adını daşıyacaq parkın salınması və milli ilderin büstünün açılması ilə bağlı təkliflə çıxış edib. H.Yavuz isə bu təklifi xoş niyyətlə qarşılayıb və razılaşıb. Şamaxı rayonunda isə Yalova parkının salınması haqqında müzakirələr aparılıb. H.Yavuz Yalova şəhəri, bələdiyyəsi, əhalisi haqqında məlumat verib. Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" sözlərini xatırladan H.Yavuz hər il Yalovada Xocalı soyqırımını, 20 Yanvar faciəsini qeyd etdiklərini, Dağlıq Qarabağ münaqişəsini hər zaman diqqət mərkəzində saxladıqlarını vurğulayıb. O, hər ay Yalova bələdiyyəsinin təşkilatçılığı ilə oradakı ictimai birliklərin, QHT-lərin, dərnəklərin ermənilərin Türkiyə və Azərbaycan türklərinə qarşı törətdikləri vəhşiliklər barədə müzakirələr aparılması üçün xaricdən elm adamları dəvət etdiklərini açıqlayıb. Başqan yardımçısına 1918-ci ildə Şamaxıda törədilmiş soyqırımın fotoları da göstərilib.
Modern.az