Modern.az

Xalq artisti Ramiz Novruz: “Çəkildiyim bir film var, buna görə çox xəcalət çəkirəm” - MÜSAHİBƏ

Xalq artisti Ramiz Novruz: “Çəkildiyim bir film var, buna görə çox xəcalət çəkirəm” - MÜSAHİBƏ

Mədəni̇yyət

5 İyun 2015, 16:30


Modern.az
saytı xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzla müsahibəni təqdim edir:

- Ramiz müəllim, mədəniyyət əsl intellekt hadisəsidir. Cəmiyyətdə gənclərin hazırkı intellekt səviyyəsi barəsində nə deyə bilərsiniz? Dövlət Televiziyasında “Mən Azərbaycanlıyam” intellektual oyununu apararkən onlara heç təəssüf etdiyiniz məqamlar olub?

- O proqramı aparan zaman uşaqların bilik dairəsi məni çox ruhlandırırdı. Çox şeyi bilirdilər. Hazırlıqlı uşaqlar həqiqətən də çox idi. Belə bir deyim var: pislər qorxduğumuz qədər çox deyilmiş, yaxşılar da heyfsiləndiyimiz qədər az deyilmiş. Amma məni qorxudan bir məsələ var idi: uşaqların bilikləri daha çox testə yönəlik cavablardan ibarət idi. Faktı bilirdilər , amma mühakimə etmək bacarıqları zəif idi. Mənim üçün çox ağrılı olurdu ki, mədəniyyətə aid əlavə bir sual verəndə cavab tapa bilmirdilər. Məsələn, “Yeddi oğul istərəm” filmi haqqında sual verəndə  rejissoru bilirdilər, bəstəkarı bilirdilər. Amma  əlavə olaraq soruşanda ki, orada Gəray bəyi oynayan aktyor başqa hansı rollarda çıxış edib, bax, bunu bilmirdilər. O cümlədən də ədəbiyyat mövzusunda. Məmməd Arazın məşhur “Dünya sənin, dünya mənim” şeirindən iki misra deyirdin ki, ardını qarşındakı gənc söyləsin. Amma ardı gəlmirdi. Lakin ən çox orada uduzanlar mənimlə şəkil çəkdirirdi. Çünki onları ruhlandırırdım, boyunlarına qoyurdum ki, onların məğlubiyyəti sırf təsadüfdən oldu. Yaxşıları var, amma təəssüf ki, əksəriyyəti geniş mühakimə yürütmür.
Yadıma gəlir, hələ internetin olmadığı zamanda bir professor qohumum deyirdi ki, kinorejissorun söyləyib: knoya baxanda həmin fikri görəcəksən, amma kitabda insanın özü mühakimə yürüdür. “Dəli Kür” filmi rejissorun fikridir, amma təbii ki, roman insana daha çox şey qazandıra bilər. Deyirlər ki, “Dolu” filmi yaxşıdır, xoşlarına gəlir. Amma romanı oxuyanlar üçün bu film o qədər də yaxşı deyil. Onlar üçün roman daha maraqlıdır. Hərdən təəssüflənirəm, bir də görürsən ki, gənclər heç “Əli və Nino” əsərini də oxumayıblar. Onu da oxumayandan sonra daha nə oxuyacaqsan ki?!

- Mədəniyyət və intellektin qarşılıqlı sintezinin qurulmaması Azərbaycan sənət tarixinə nə kimi zərbə vurub?

- Buna heç sintez də deməzdim. Bunlar bir-birilə eyni xəmirdə yoğrulmuş kimi olmalıdırlar. İntellektual olmayan aktyor şəxsiyyəti, obrazı yarada  bilməz. İçərisi dolu olmayan insan nə dediyini də bilməz. Bir misal çəkim: Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” povestinin əsasında “Qəm pəncərəsi” adlı film çəkildi. Maarifçi-publisistik filmdir. Ona böyük kino, kinorejissor işi demək olmaz. Amma maarifçi filmdir. İntellektual olmayan aktyor heç vaxt obrazın tarixini qura bilmir. Filmə baxıram, orada bir Məhəmmədhəsən əmi obrazı var. Rejissor aktyora tapşırıq verib ki, sən “ay çavuş, bu məktubu al, apar çatdır Həzrəti Abbasa” deməlisən. Aktyor da bunu çox yaxşı deyir. Amma intellektual aktyor fikirləşməlidir ki, yaratdığı obraz ömrü boyu qəpik-qəpik pul yığıb, ailəsinin boğazından kəsib özünün yeganə arzusu olan Kərbəla ziyarəti üçün bir eşşək alıb. Həmin eşşəyi də oğurlayırlar. Ona görə də burada bir az irəli tarixə baxmaq lazımdır. Əslində oğurlanan həmin obrazın arzularıdır. Məhz hər şeyi itirəndən sonra nəticə olaraq gətirib məktubu çavuşa verir. Mən həmin ön tarixçəni bilirəm və “ay çavuş apar bu məktubu Həzrət Abbasa çatdır” cümləsini 100 dubla da çəksələr, hər dəfə mənim gözlərim dolar.

- Yəni, ön tarixçəni yaxşı bilmədən nəticəni düzgün çatdırmaq mümkün deyil?

- Hazırda teatrda “Yaşlı xanımın gəlişi” tamaşasını oynayırıq. Orada vaxtilə şəhərdən inciyən və bir nəfərə tam dəqiq məlum olmayan səbəbdən nifrət edən milyarder yaşlı xanım bir milyarda bütün şəhəri satın almaq istəyir. Həmin o xanımın nifrət etdiyi kişi  obrazını da mən oynayıram. Yaşlı xanım ondan qisas almaq üçün onu öldürtmək istəyir. Şəhəri də bir milyarda satın aldığı üçün heç kim ona qarşı çıxmır. Axırda bu öldürüləcək zavallı obrazın hər yandan əli kəsiləndən sonra ailəsi ilə vidalaşmağa gedir. Həmin vidalaşmasını bu cür təsvir edir: “Onların vaxtı yox idi, mənimlə vidalaşsınlar, onlar  kinoya tələsirdilər ”. Görün vəziyyət nə yerə çatıb ki, hətta öz doğma ailəsi də adicə kinoya tələsməkdən ötrü, yəni gülməli bir səbəbə görə onunla sağollaşmır. Çünki həmin şəhərlə birlikdə insanları da satın alınıb. Həmin xanım iddia edir ki, cavanlıqla o zavallı obraz ona pislik edib. Amma heç özü də xatırlamır. Sadəcə, pulu var, nə istəyir edir. Yəni ön tarixçə olmasaydı, məncə həmin obrazın vidalaşan zaman dediyi son sözü o qədər də effektli demək olmazdı.

Başqa bir məsələ də tarixi şəxsiyyətlərə aid çəkilən filmlərlə bağlıdır. Fikir verirəm ki, tarixi şəxsiyyətləri – Hitleri, Mussolinini vizual baxımdan indi xatırlayan yoxdur. Amma aktyor inandırıcı oynayanda o, Hitleri çatdırır. İndi rejissorlar çox çalışırlar ki, aktyor həyatını oynadığı tarixi şəxsiyyətə sırf vizual baxımdan oxşasın. Amma ona bənzər aktyor  onun ruhunu bilmir axı. Ola bilər ki, yüzə yüz oxşasın. Amma ruhu bilmək lazımdır. İnsanın ruhunu düzgün tutmaq lazımdır. Bu mənada da intellektual olmayan aktyor yəni ruhu çatdıra bilməyən aktyor heç vaxt yaxşı aktyor ola bilməz. Aktyor mütləq Tolstoyu, Dostoyesvkini, dünya ədəbiyyatını oxumalıdır.  Tamaşaçının təfəkkürünü zorlamaq olmaz.  

- Tələbəlik, gənclik illərinizə qayıdaq. O dövrün böyük sənətkarları sizə nəyi çatdıra bilmədilər?

- Mən bir neçə dəfə demişəm: bizdən əvvəlki rejissorlar və aktyorlar,  eləcə də bizlər  teatr sənətini elm səviyyəsinə qaldıra bilmədik. Ruslar, gürcülər və başqaları özlərinin teatr sistemini yarada bildilər. Amma təəssüf ki, bizdə bu olmadı. Bilirik ki, qədimdə  bizdə meydan tamaşaları, şəbih oyunları olub. Amma biz onlardan başlayan sistemi qura bilmədik. Biz oxuyan zaman çox çətin idi. İnstitutda biz gənc tələbələr  Ədil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib Tofiq Kazımov və başqalarını  görəndə o saat ciddi forma alırdıq. Çünki bilirdik ki, bunlar böyük sənətkarlardır və nəsə ciddi bir iş görmək üçün bura gəliblər. Amma elə müəllimlərimiz də var idi ki, onlar aktyor kimi heç bir teatra yaramadıqlarından institutda qalıb müəllim işlədilər. Nəzəriyyə çox gözəl keçirilirdi. Biz demək olar ki, bütün nəzəri nüansları bilirdik. Hərdənbir kurs tamaşaları hazırlanırdı. Amma orada da müəllim-rejissorlar nə deyirdilərsə bizdən də ancaq onu tələb edirdilər. Yəni yalnız onun dediyini qaytarmalı idin. “Özüm necə edim” məsələsi heç kəsi maraqlandırmırdı. Mən məhz həmin “özüm necə edim”i sonradan öyrəndim. İlk dəfə rejissor Əşrəf Quliyev, daha sonra isə onun gənc həmkarı Namiq Ağayevlə işləmək çox rahat idi. O, aktyora səhnədə rahat olmağı, əzələ gərginliyindən xilas olmağı diqtə edirdi. Daha sonra isə Mehdi Məmmədov, Yavər Rzayev,  Bəhram Osmanov, Rövşən İsax kimi rejissorla işləmək də mənə çox şey qazandırdı. Dostlar hərdən mənim üçün deyirlər ki, Ramiz uşaqlığı cibində olan insandır. Yəni studiya həvəsini hər zaman qoruyub saxlayır. Mən indi də bu yaşımda da səhnəyə çıxanda elə bilirəm ki, zalda haradasa bir yerdə Mehdi Məmmədov oturub mənə baxır və məni qiymətləndirir.  

- Sənətdə indiyə kimi bağışlaya bilmədiyiniz şəxslər kimlər olub?

-
Bəxtim onda gətirib ki, həyatım boyu çox yaxşı adamlarla qarşılaşmışam. Bağışlaya bilmədiyim adamlar talantsız adamlardır. Lap bağışlaya bilmədiyim şəxslər isə onlardı ki,  istedadlı olub və xalqın sevməsinə baxmayaraq, deyirlər ki, “mən sənətə gəlmək istəmirdim, təsadüfən gəldim”. Bu kimi adamlar əvvəl-axır sənətə xəyanət edəcəklər. Necə ki, edirlər. Bir də bağışlaya bilmədiyim adamlar istedadsız olub, bunu bilməyən adamlardır. Onlar yüz il bu işlə məşğul olurlar. Amma başa düşə bilmirlər ki, bu, onlarda alınmır. Bilmirlər ki, özlərini məhv edirlər. Şəxsi konflikt zəminində bağışlaya bilmədiyim, lap elə nifrət etdiyim adam da olub. Amma o rəhmətə gedəndən sonra öz özümə demişəm ki, bu lazım idimi?

- Həyatınızda sizə ədəbi dərs verən hansı hadisəni danışa bilərsiniz?

- Mən adətən intuitiv olaraq hansı obrazın mənə aid olmadığı hiss edirəm. Məsələn, bir dəfə bilirdim ki, nazir oğlu rolu mənə görə deyil. Tamaşaçılar məndə bunu qəbul etməyəcəklər. Amma oynadım. Bir serial var ki, orada heç çəkilmək istəməmişəm. Hətta adı gələndə xəcalət çəkirəm: “Dodaqdan qəlbə”. Rejissor mənə təklif etdi, dedim Lütfi müəllim (rejissor Lütfi Məmmədbəyov-red.) bu rol mənə görə deyil. Bunu ya Füzuli Hüseynov, ya da Nurəddin Mehdixanlı oynaya bilər. Onu da bilirdim ki, onlar Bakıda olmadığı üçün rejissor bu rolu mənə təklif etdi. Bir neçə dəfə imtina etdim. O zaman “1 may” küçəsində yaşayırdım. Bir də gördüm ki, gəlib qapını döyür. Mən də pəncərədən baxırdım. Bilirdim ki, bu məsələyə görə gəlib, ona görə qapını açmadım. Bir də gördüm ki, qapının ağzında nəsə kiçik qələm-kağız çıxardı və nəsə edəndən sonra çıxdı getdi. O gedəndən sonra gəlib gördüm ki, qapıya kağız yapışdırıb. Yazıb ki, “Ramiz, ömrümün axırıdır, ola bilsin bu mənim son işimdir. Çəkilməsən peşman olarsan”. Ondan sonra sındım və gəldim çəkildim. Amma bilirdim ki, mənim rolum deyil.  

- Bəs özünüzə bağışlamadığınız bir hadisə...

- Heç zaman unutmadığım bir əhvalat var. Bir dəfə rəhmətlik böyük aktrisamız Barat Şəkinskaya mənə məktub yazmışdı. Heç tanışlığımız da yox idi. Özü də bunu qeyd edirdi. Elə bu cür də yazmışdı: “Təəccüblənə bilərsiz ki, bu xanımın başı xarabadır, nədir ki, tanımadığı adama məktub yazır. Amma sizi ekranda görmüşəm və bəyənmişəm”. Orada mənə toxunan bir cümlə də var idi. O yazmışdı ki, “mən səhnədə Dezdemona, Cülyetta kimi obrazlar oynasam da,  həyatımda ən ağrılı cəhət budur ki, xalq məni yalnız qulluqçu Sənəm kimi tanıdı”. Bu sözlər mənə çox toxundu. Məktubda bir aktrisanın yaşadığı ağrılı həyat haqqında çox sözlər var idi. Amma özümə onu bağışlaya bilmirəm ki, o, xəstə olan zaman gedib baş çəkə bilmədim. Həm evlərini tanımırdım, həm də müsəlmanın bu gün-sabahı... Çox adamdan, hətta rəhmətlik oğlu Elçindən də (Elçin Məmmədov tanınmış rəssam və aktyor idi, “Dədə Qorqud” filmində Qaraca Çoban rolunun ifaçısı-red.) soruşdum. Elçin də məsələni bilirmiş. Rusdilli idi, əlini vurdu kürəyimə dedi ki, “niçevo çuvak, səni apararam”. İş elə gətirdi ki, həm Elçin, həm də Barat xanım bir-birinin ardıyca dünyadan köçdülər.

- Son illər çəkilən seriallar və kommersiya məqsədilə çəkilən yüngül filmlər haqqında danışaq...

- Bir çox yerdə demişəm. 3-4 dəfə televiziyadan rəsmi olaraq elan etmişəm ki, mən heç zaman serialda çəkilməyəcəm. Çəkilsəm də, ancaq Rövşən İsaxla çəkilərəm. Çünki o, digər rejissorlara baxanda fərqlidir. Nə çəkdiyini, aktyordan nə alacağını, onunla necə işləmək lazım olduğunu çox gözəl bilir. Yeni çəkilən serialların 99 faizinə kino deməyə dilim gəlmir. Sadəcə olaraq 3-4 nəfər bir yerə yığışıb “xaltura” ilə məşğul olurlar. Əslində mənim üçün əsl peşəkar film kinokamera ilə çəkiləndir. Videokamera ilə çəkilənin heç bir effekti yoxdur. Özümdən də çəkildiyim filmləri soruşanda yalnız kinokamera ilə çəkilən “Sizi dünyalar qədər sevirdim” (Həzi Aslanov), “Sarı Gəlin”, “ Cavad xan”,  bir də Mircəfər Bağırov haqqında çəkilən  filmləri deyirəm.

- Teatrın sabahını necə görürsünüz? Gənclərin qarşısını nə saxlaya bilər və saxlayır da?

- “Pərvanələrin rəqsi” serialında gördünüz ki, çoxusu tanınmamış gənc aktyorlar idilər. Bu yaxınlarda teatr festivalı oldu və istedadlı gənclər gördük. Bəlamız nədir? Bəlamız odur ki, bizim vaxtımızda populyar olmaq çox asan idi. Çünki televiziya bir dənə idi. Ora çıxan kimi hamısı səni tanıyırdı. Amma indi hər şey artıb və dəyişib. Gənclər bacardıqları qədər tez məşhur olmağa çalışırlar. Buna tələsməsinlər. Bu onlara mənfi təsir edir. İkinci də qonorar sistemi düzgün bölüşdürülməlidir. Azərbaycanda bu dəqiqə qonorar sistemi bərbad vəziyyətdədir. Prodüserlər və rejissorlar aktyora atmağı özlərinə borc bilirlər. Heç vaxt da danışılan məbləği axıra qədər vermirlər. Aktyor da bu zaman asılı, hüquqsuz vəziyyətdə qalır. Dünyada aktyorlar maşınları,  geyimləri dəb halına salır, cəmiyyətə diqtə edir, amma Azərbaycanda əksinədir,  aktyorlar o geyimləri dəbdən düşəndən sonra ala bilirlər. Aktyorun qonararı düzgün bölünsə, o toya da getməz, oturub öz işi ilə məşğul olar.

Xalq artisti sonda özü ilə bağlı bir neçə maraqlı əhvalat danışır:

-
Bir dəfə Astarada müəllifi olduğum “Hələ sevirəm deməmişdilər” tamaşasını təqdim edirdik. Səməndər Rzayevin oğlu Rəşid Səməndər xəstə olduğundan onun oynadığı erməni obrazını məcbur olub mən ifa etməli oldum. Səhnəyə çıxanda hamı mənə əl çaldı. Çünki məni Həzi Aslanov kimi bilirdilər oranın camaatı. Oynamağa başlayanda gördüm ki, hamı mənə nifrətlə baxır. Hərə bir cür etiraz edir. Nə təhər əsəbləşdilərsə, zalın az qala yarısını tutan gül-çiçəkdən heç birisini mənə vermədilər.

Yenə həmin tamaşanı xaricdə  təqdim edirdik. Böyük yazıçı Çingiz Aytmatov da orada idi. Tamaşa bitəndən sonra bizə yaxınlaşdı və dedi: “Mən dünyanın bir çox nəhəng teatrlarında olmuşam. Amma ilk dəfədir, görürəm ki, 3-4 obrazdan ibarət olan tamaşa bu cür gözəl alınıb”.



Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü