Modern.az

ADU-nun 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək

ADU-nun 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək

Təhsil

1 Oktyabr 2010, 13:57

Oktyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) 1 və 2 saylı ingilis dili, alman və fransız dili fakültələrinin IV kurs tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib.

Modern.az-ın məlumatına görə, konfransda ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, fakültə dekanları, eləcə də pedaqoji təcrübəyə göndəriləcək tələbələr iştirak edib. 

Konfransda çıxış edən ADU-nun prorektoru Natiq Yusifov pedaqoji təcrübənin tələbələrin gələcək karyeralarında mühüm rol oynadığını, bilik və bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İndiyədək həyata keçirilən pedaqoji təcrübələrin uğurlu başa çatdığını vurğulayan prorektor, qazanılan nailiyyətlərdə pedaqoji təcrübəyə rəhbərlik edən pedaqoqların, metodistlərin və psixoloqların böyük əməyi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb:

“Buna qədər olan pedaqoji təcrübələr uğurla keçib. Tələbələrin təcrübə keçdiyi məktəblərdən fəxri fərmanlar və təşəkkürlər almışıq”. 
Pedaqoji təcrübənin keçirilməsi üçün bütün hüquqi-normativ məsələlərin həll olunduğunu  bildirən Natiq Yusifov, problem yaranacağı təqdirdə, fakültə dekanlarına müraciət etməyin vacibliyini önə çəkib. ADU-nun prorektoru pedaqoji təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.

Sonra söz alan ADU-nun Pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımov nəzəriyyədə mənimsənilən biliklərin, yeni ideyaların və təlim metodlarının təcrübədə tətbiq edilməsinin zəruri olduğunu bildirib. 

2010-2011-ci il tədris ilində ADU-nun 442 tələbəsi  Bakının 30 məktəbində pedaqoji təcrübə keçəcək.  Onu da bildirək ki, təcrübə müddəti oktyabrın 1-dən noyabrın 5-dək davam edəcək. 

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə