Azərbaycan Milli İstiqlal Partiyası parlament seçkilərinə partiya tərəfindən irəli sürülən namizədlərə qarşı təzyiqlərin olması ilə bağlı açıqlama yayıb.
Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, AMİP bir sıra dairələrdə yerli icra strukturları və polis seçki prosesinə kobud şəkildə müdaxiləsindən və namizədlərin imza toplamasına bu və ya digər şəkildə maneçilik törədilməsindən narahatdır.
Belə ki, 38 saylı Gəncə-Nizami İkinci Seçki Dairəsindən Aslanov Eldar iki dəfə polis idarəsinə dəvət olunub və ona hədə-qorxu gəlinib. 93 saylı Bərdə şəhər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş AMİP Bərdə Rayon Təşkilatının sədri Zahid Qarayev üçün imza toplayan şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onlara təzyiqlər göstərilib. Rayonda icra strukturlarının tapşırığı ilə büdcə təşkilatlarında çalışan şəxslərin şəxsiyyət vəsiqələri yığılıb, bu azmış kimi məktəb direktorları və bələdiyyələr vasitəsi ilə seçicilərin şəxsiyyət vəsiqələrinin onlara təhvil verilməsi istənilib.
79 saylı İmişli Seçki Dairəsindən isə AMİP İmişli Rayon Təşkilatının sədri, deputatlığa namizədliyi irəli sürülən Tapdıq Həsənovdan yerli hakimiyyət orqanları “öz xoşu” ilə namizədliyini geri götürüməsi tələb olunub.
117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Qəbələ Rayon Təşkilatının sədri İsmayılov Sadiqə yerli hüquq-mühafizə orqanları imza toplamasına maneçilik törədir, onun kəndbəkənd izləyirlər. Həmçinin, S. İsmayılovun yaxınlarına da basqılar davam edir.
Partiya hesab edir ki, bütün bunları hökumətin AMİP-ə qarşı seçkilərin elə ilk dövründən davamlı pressinqi kimi qiymətləndirib və bunu partiyanı hər vəchlə seçki prosesindən kənarlaşdırmaq niyyəti güddüyünü bildirib.
Modern.az