Modern.az

“Bəzi açıq-saçıq geyinənlər insanları şəhvani hisslərlə danışmağa vadar edir” - İlahiyyatçı

“Bəzi açıq-saçıq geyinənlər insanları şəhvani hisslərlə danışmağa vadar edir” - İlahiyyatçı

Mədəni̇yyət

11 İyun 2015, 12:18


ANS-in efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova hicablı xanımların qara geyinməsinə etiraz edərək, onları “bayquş”a bənzədib. Bir qrup hicablı şəxs aparıcının bu bənzətməsinə etiraz əlaməti olaraq telekanalın rəhbərliyinə etirazlarını bildiriblər. Nəticədə verilişlin yayımı dayandırılıb və dindarlardan üzr istənilib.

Maraqlıdır, görəsən, dində qadının vahid geyim forması varmı? İlahiyyatçı Elşad Miri Modern.az saytının bu sualına cavabında deyib ki, ümumiyyətlə, dinlərdə vahid forma anlayışı yoxdur: “Bu sual tək qadınlara yox, kişilərə də aiddir. Məsələn, peyğəmbərimiz gələndə birgə yaşadığı insanlardan fərqli geyim forması gətirmədi, həmçinin səhabələrinin də səhabəlik forması yox idi. Yəni peyğəmbər gələndən sonra “bütün müsəlmanlar belə geyinəcək” deyə bir fikir yox idi. Sadəcə, islamda əsas meyarlar var. Ərəb ölkələrində qadınlarla yanaşı, kişilər də başını örtüblər, bu gün də belədir.

Azərbaycanda ənənəvi olaraq qadınlar üçün kəlağayı, örpək, kişilər üçün nəzərdə tutulan papaqlar var idi. Yaxşı xatırlayıram, gəlinbacım dediyim dayımın yoldaşı heç bir zaman qayınatasının yanında başıaçıq gəzməzdi. Sadəcə, müasir dövrümüzdə örtünmənin formasını bir az dəyişiblər. Bəziləri rəngarənglik və ya əlavələr etməyə çalışdılar. Amma nəticədə örtük elə olmalıdır ki, nə kişinin, nə də qadının bədən əzalarını kənardakı insanlar görməlidir. Bir qadının kişi ilə söhbəti bədənini göstərmək üçün yox, əksinə, insan olduğu üçün danışması daha məqsədəuyğundur. Amma bu gün açıq-saçıq geyinənlər insanları şəhvani hisslərlə danışmağa vadar edir”.

İlahiyyatçı hansısa formanı nəyəsə oxşatmağın doğru yanaşma olmadığını da vurğulayıb: “İnsan var, başıaçıq da fərqli görsənə bilər, örtülü də. Bunu insanları təhqir etmək üçün istifadə etmək heç bir şəkildə doğru deyil. Bu İslama da aid olan məsələ deyil. Xristianlığın özündə örtünmə var. Rahibələrə baxsaq görərik ki, onlar müsəlman qadınlarımızdan daha qatı şəkildə örtünürlər. Hətta müasir yəhudilikdə bir məktəb var, orada olan qadınlar ya örtünməlidirlər, ya da saçlarını dibindən kəsib süni saç taxmalıdırlar. Örtük İslamın gətirdiyi bir yenilik deyil”.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi