Modern.az

Məti Osmanoğlunun KƏNDİ: “İsa Hüseynov məndən və nəslimdəm üzr istədi”

Məti Osmanoğlunun KƏNDİ: “İsa Hüseynov məndən və nəslimdəm üzr istədi”

12 İyun 2015, 09:56

Modern.az saytının “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər təəssüratlarını bölüşürlər. Bu dəfə ədəbiyyatşünas alim, Bakı Dövlət Universitetinin dosenti Məti Osmanoğlu  doğulub-böyüdüyü Ağstafa rayonunun Sadıqlı kəndi və  oradakı uşaqlıq illərindən danışıb. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:

Məti Osmanoğlu o yerləri, o illəri belə xatırlayır: 

Kəndimizin coğrafiyası

Mənim kəndim - Ağstafa rayonunun Sadıqlı kəndi Azərbaycanın qərbində ən uc nöqtədir. Gürcüstanla mənim kəndimin arasından bir arx keçir. Uşaqlığımdan arxın o biri üzünə həsədlə baxmışam və həmin hiss məni bu gün də tərk eləməyib...

Kəndimdən Tiflisə 45 kilometr – rayon mərkəzi Ağstafaya 55 kilometr məsafə var.

Kəndimdə Tiflisə, sadəcə, şəhər deyirlər: Sadıqlı camaatının dilində “şəhərə getmişdim” - “Tiflisə getmişdim” deməkdir...

Üzü gündoğana dayananda kəndim sağdan Kiçik Qafqaz, soldan Böyük Qafqaz sıra dağlarının əhatəsindədir. Bura dağ kəndi deyil – Kür ovalığında yerləşir.

Kəndim cənubdan yer üzünün unikal təbiət hadisələrindən olan Qaryayazı meşəsinə söykənir. Qarayazının qaranlıq taleyi, qara yazısı barədə ilk həyəcanı 1960-cı illərin əvvəllərində böyük yazıçımız, qonşu kəndin yetirməsi İsa Hüseynov (İsa müəllimlə kəndimiz ayrı olsa da, meşəmiz birdir) qaldırmışdı: “Teleqram” povesti Qarayazını gözləyən ölüm barədə “qara kağız”, xəbərdarlıq idi. O vaxtdan bəri Qarayazı ölməsə də, artıq can verir...

Şimalda dörd kilometrliyindən keçən dəmir yolu kəndimi və Azərbaycanı dünya ilə birləşdirir.

Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz kəməri də kəndimin yanından keçir...



Tarixi

Bura dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişi zamanı torpaq altından çıxan mədəniyyət abidələri burada beş-altı min əvvəl insan yaşadığını təsdiqlədi (Onu da deyim ki, əldə olunan arxeoloji qazıntı nümunələri ABŞ və Fransa laboratoriyalarında analiz edilib - bu barədə oxuya bilərsiniz: Nəcəf Müseyibli. “Böyük Kəsik eneoloit dövrü yaşayış məskəni”, Bakı, 2007. 216 səh). Maraqlı budur ki, bəşər sivilizasiyasının qədim dövrünə aid edilən yaşayış məskənindəki evin quruluşu, orada istifadə olunan materiallar mənim uşaqlıqda gördüyüm və İsa Hüseynovun “Kollu Koxa” povestində təsvir etdiyi “yer damı” ilə eynidir.

Kəndimdə sonuncu kütləvi məskunlaşma XIX əsrin sonlarına aiddir. Kənd əhalisinin əksəriyyətini təşkil edən Sadıqlı tayfasının Kürün o biri yaxasından - Şıxlıdan gəlib burada məskunlaşması  haqqında müxtəlif rəvayətlər var. Mənə inandırıcı görünəni isə 1883-cü ildə Zaqafqaziya dəmir yolunun istismara verilməsidir. Burada yaşamaq üçün əlverişli şərait yaranmışdı. Bir yanı meşə, bir yanı bərəkətli düzəngah, biçənəklər. Üstəgəl, dəmir və quru yolu. Tiflisə yaxınlıq...

Kəndimin tarixinin maraqlı hadisələrindən biri də Azərbaycanın müstəqillik qazandığı ilk illərdə burada güclü xalq özünümüdafiə dəstələrinin yaranması olub. Meqi, Ması, Masqara (onların ayaması belə olub və sonradan əsl adları yaddan çıxıb) kimi igidlər həm ermənilər,  həm də gürcülər tərəfdən  əhalimizə  təhlükə yaradan ünsürlərlə qəhrəmancasına döyüşüblər...



Yurd yerimiz

Mənim kəndim (Sadıqlı) ilə mərhum xalq yazıçısı İsa Hüseynovun kəndi (Muğanlı) arasında yolun uzunluğu təxminən altı kilometrdir. Bu yolun tən ortasında sahibsiz bir ocaq var: “Çırağın yurd yeri...”.  Həmin ünvan sonradan İsa Hüseynovun tərcümeyi-halına düşəcəkdi: “Tərcümeyi-halım”: kəndimizdə ilk bolşevik, ilk sovet sədri Səməd əmim və onun faciəli ölümü. Kəndimizdə “Kor İsa” adı ilə şöhrətlənmiş ilk kolxoz sədri və onun ölümü. İlk traktorçu – Bakı fəhləsi Qara Bayram və onun ölümü. Güllələnmiş qolçomaq Çırağın yurd yerində uşaqlıq və ilk gənclik dostum Hacı Eminovla söhbətlərim”.

İsa Hüseynovun “Güllələnmiş qolçomaq” adlandırdığı şəxs atamın əmisidir,  kolxoz quruculuğu vaxtı onu siyasi mülahizə ilə güllələyiblər. Çıraq babamı “qolçomaq” adlandırdığına görə İsa Hüseynov sonradan (sovet vaxtı) məndən və nəslimizdən mətbuat vasitəsilə üzr istədi. Bu, onun nəhəngliyi idi...

Məzunu olduğum Sadıqlı məktəbi kəndimizin lap ucqarında - Muğanlı tərəfdə yerləşir. O vaxt iki kənd üçün bir məktəb tikməyi planlaşdırıblarmış. Şahid olanlar danışırdılar ki, məktəbin kərpiclərinin hamısı Çırağın kəl arabaları ilə daşınıb...

Kəndim və alman texnologiyası   

Gürcüstanla Azərbaycanın sərhədi olan arxın o üzündə 1943-cü ilə qədər alman koloniyası yerləşib. Rəsmi adını bilmirəm, ancaq oranı bizim  camaat “Voyovka” adlandırırdı...

Almanlardan bizim kəndin götürdüyü su quyularının içinin xüsusi daş konstruksiyalarla hörülməsi (sonradan betona üstünlük verdilər), dördtəkərli “furqon” tipli at arabalarının  düzəldilməsi və palıd çəlləkdə şərab hazırlanması olub. İkinci Dünya Müharibəsi zamanı almanlar sürgün olunandan sonra onlardan qalan peşələr üzrə kəndimin  öz ustaları yetişmişdi. Mübaliğəsiz deyirəm ki, Sadıqlı kəndində XIX əsrdən qalma alman texnologiyası üzrə hazırlanan şərabın bənzəri dünyanın heç yerində yoxdur...

Almanlardan bizim kənddə bir də bir gəlin qalmışdı, cavanlığında mahir cıdır ustası olan Fəmil əminin həyat yoldaşı Lidiya bibi. Onların oğlu - əlli faizi alman olan Mustafa alman dilini bilməsə də, gözəl saz çalır...



Kəndimin tanınmışları

Mən uşaq olanda el arasında Qulu Rzaquliyev haqqında müxtəlif  rəvayətlər söyləyirdilər. Deyilənə görə, müharibədə əsir düşəndən sonra əsirlikdən qaçıb partizanlara qoşulan Qulu Mehdi Hüseynzadənin silahdaşlarından olub və igidlikdə ondan heç geri qalmayıb. Ancaq vətənə qayıdandan sonra sovet hökuməti müharibədə əsir düşənləri təqib etdiyinə görə Qulu da hökumətdən gizlənib, qaçaqçılıq eləmək məcburiyyətində qalıb və silsilə cinayət əməllərində iştirak edib.

Qulu Rzaquliyev Stalin öləndən, ölkədə siyasi iqlim mülayimləşəndən sonra hökumətə təslim olub və Qazaxıstana sürgün edilib. Qazaxıstanda rəhmətə getdi. Ancaq kənddə adı hələ də qəhrəman kimi anılır...

Azərbaycanda oftolmologiya elminin formalaşmasında, oftolmoloji mərkəzin təşkilində müstəsna xidmətləri olan professor Nazim Əfəndiyev əslən bizim kənddəndir. Onun direktoru olduğu mərkəzdə mərhum akademik Zərifə xanım Əliyeva elmi tədqiqatlarını aparıb, şöbə müdiri olub. Nazim Əfəndiyevin oğlu Mirhəmzə hazırda Azərbaycanın Niderland Krallığındakı səfiridir. Mirhəmzənin qızı Nəzrin Əfəndiyeva (anası Sevil xanım böyük bəstəkarımız Fikrət Əmirovun qızıdır) Belçikada yaşayır - məşhur pianoçu və vokalistdir, Nezrine adı ilə tanınır.

Daha bir həmkəndlim - böyük alim, professor İsrayıl Əfəndiyev, mənim bildiyim qədərində, Yusif Məmmədəliyevdən sonra SSRİ Dövlət Mükafatına layiq görülən ikinci azərbaycanlı alimdir. Onun hələ lap gənc olarkən avtomatika sahəsində nailiyyətləri SSRİ miqyasında böyük qiymət alıb. Hazırda Dövlət Neft Akademiyasında kafedra müdiridir. Şan-şöhrətdən və karyeradan qaçan adamdır...



Xatirələrim

Rəhmətlik Güləbətin nənəmin məni hər addımda himayə etdiyini xatırlayıram: ağlım kəsənə qədər özümü onun oğlu hesab edirdim.

Xırda damalı kostyum geyinib məktəbə getdiyim ilk gün mənə çox əzizdir.

İlk sevgimin ünvanı bu kənd olub və kənd xatirələrimdən ilk sevgi ətri gəlir.

Yeniyetməlik vaxtı sovxozun biçənəyindən uşaqlıq dostum Sahiblə oğurladığımız ot taylarını Avdı kirvəmin gecə boyunca belimizdə geri, yerinə daşıtdığını xatırlayıram. Səhər açılanda çiynimdə pres iplərinin döydüyü yerlərdən və ovcumun içindən qan axırdı.



Universitetə qəbul olandan sonra Bakıdan ata evinə qonaq kimi getdiyim günü bütün detalları ilə gözümün önündədir. Oxumaq üçün mənə ayırdıqları otağa girəndə özümü saxlaya bilməyib, ağlamışdım.

Yusif Səmədoğlunun qızı Mehriban xanımla 1984-cü ilin yazında mənimlə bizim kəndə - dədəmin evinə qonaq getməsi yaddaşımın ən rəngli səhifələrindəndir. Nazim Əfəndiyevin atası Mirqasım müəllimin evində olduq, oradan Çal dağına, Ağ gölün sahilində getdik. Bakıda “şəhər uşağı” kimi böyüyən Yusif müəllim mənim kəndimdə dəli-dolu cıdır atının belinə qalxmışdı...

Yaddan çıxmayan ata şilləsi

Təxminən 10 yaşımda atamın məni biçənəyə at dalınca göndərdiyini, mənim də saatlarla arxda üzüşən qara balıqlara tamaşa etdiyim, tapşırığı unutduğum yadıma gəlir. Atam gəlmədiyimi görüb, atı biçənəkdən aparmağa özü gəlmişdi, məni Dəli arxın yaxasında möhkəm döymüşdü. Uzun müddət atamı bağışlaya bilmədim: o hadisədən sonra ruhumda qəribə bir boşluq yarandı. İndi bu sətirləri yaza-yaza o səhnə yadıma düşür və qəhərlənirəm.

Həmin hadisəyə görə mən atamı çoxdan bağışlamışam. Ancaq o özünü hələ də bağışlaya bilmir...



Kəndimin sosial problemləri

Kəndimdə hələ də məktəb binası yoxdur - XXI əsrin nəsli kərpicləri 90 il əvvəl Çıraq babamın öküz arabaları ilə daşınan köhnə binada və yöndəmsiz yardımçı korpuslarda oxuyurlar. Buna çox ağrıyıram. Ən azından ona görə ki, arxın o üzündə qonşu Gürcüstan kəndinə üçmərtəbəli məktəb çoxdan fəaliyyət göstərir. Təhsil Nazirliyini bu məsələ ilə ciddi maraqlanmağa və konkret iş görməyə dəvət edirəm.

Arxın o biri üzündə evlərdə qaz yanır, kəndimin əhalisi qaza möhtacdır, hələ də Qarayazı meşəsindən odun daşıyır, həyətlərindəki bar ağaclarını kəsirlər. Onu da deyim ki, bu məsələdə kəndimə bp şirkətinin böyük xəyanəti olub: transmilli şirkət olan bp-nin biznes siyasətinə görə Cənubi Qafqaz qaz kəməri istismara verilənə qədər kəmərin hər iki tərəfində dörd kilometr məsafə boyunca bütün yaşayış məntəqələri qazlaşdırılmalı idi. Ancaq bp buna əvvəlcə söz versə də (sənədləri göstərə bilərəm), Azərbaycan xalqına böyük sayğısızlıq göstərərək öz andını pozdu. Bunu bp-yə bağışlaya bilmirəm...

Son ünvanım

Kəndimizin günbatanında - “Seyidin  küdrüsü” adlanan yerdəki qəbiristanlıqda mənə ən əziz insanlar uyuyur. Mən  də öz son ünvanımı orada, doğmalarımın, əzizlərimin arasında görürəm...   






Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü