Modern.az

İsrailli ravvin Şloma Omar: “Azərbaycanda yəhudilər yəhudi olmaqları ilə fəxr edirlər”

İsrailli ravvin Şloma Omar: “Azərbaycanda yəhudilər yəhudi olmaqları ilə fəxr edirlər”

Təhsil

5 Oktyabr 2010, 15:33

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan İsrailin baş ravvini Şloma Omar, Rusiya Federasiyasının baş ravvini Berl Lazar və onları müşayiət edən şəxsləri qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az saytına bildirlib ki, H.Orucov qonaqlara Azərbaycanda milli azlıqların hüquq və azadlıqlarının qorunmasına, dil və mədəniyyətlərinin inkişafına xüsusi diqqət yetirlidiyini bildirib.
”Azərbaycan keçmiş nəhəng imperiyada yeganə ölkədir ki, burada antisemitizm, milli-dini ayrı-seçkilik olmayıb. Azərbaycan həm də burada yaşayan onlarla digər xalqların, o cümlədən yəhudilərin Vətənidir. Ölkəmizdə elə bir elm-təhsil, mədəniyyət, sənaye və başqa sahələr yoxdur ki, yəhudilər orada faydalı işlərilə təmsil olunmasınlar. Azərbaycanın öz müstəqilliyinin yenidən bərpasında, Qarabağın azadlığı uğrunda döyüşlərdə yəhudi vətəndaşlarımız düşmənlə mübarizədə qəhrəmanlıqlar nümayiş etdirib. Yəhudi əsilli Azərbaycan oğlu Albert Aqoronov Azərbaycan Respublikasının Milli  Qəhrəmanıdır” deyə H.Orucov bildirib.

İsrailin baş ravvini Şloma Omar səmimi qəbul üçün Dövlət Komitəsinin sədri Hidayət Orucova minnətdarlığını bildirərək deyib ki, Bakı onu hava limanından başlayaraq heyran etməkdə davam edir.
”Respublikanız o ölkələrdəndir ki, burada yəhudilər yəhudi olmaqları ilə fəxr edirlər. Çünki müasir dövrümüzdə də yəhudilərə qarşı sərt mövqe tutan ölkələr və millətlər var. Azərbaycanın təcrübəsi isə başqa ölkələrə örnək ola bilər. Biz bunu dövlət siyasəti, həmçinin, millətinizin mənəvi zənginliyi kimi yüksək dəyərləndiririk. Uca Yaradana ölkənizə yeni-yeni uğurlar bəxş etməsi, heç bir düşmən qüvvənin Azərbaycana mane ola bilməməsi üçün dua edirəm”.

Rusiya Federasiyasının baş ravvini Berl Lazar və başqaları bildiriblər ki, əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad edən Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənilib, müxtəlif yəhudi dini icmaları heç vaxt burada anti-semitizm hiss etməyiblər.

Quba rayonundakı Qırmızı qəsəbənin keçmişi və bu günü nümunəsində xalqların dinc, yanaşı yaşamaq ənənəsinə və Azərbaycan–İsrail münasibətlərindəki mənəvi dəyərlərin genişləndirilməsi perspektivlərinə inamla baxdığını söyləyən Hidayət Orucov həm Yaxın Şərq, həm də Qafqazda tezliklə əmin-amanlığın bərqərar olması barədə arzularını ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə