st1:*{behavior:url(#ieooui) }
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ikinci iş günündə sivil dünyanı ciddi narahat edən bir problemdən danışılıb. İspaniyalı deputat Pedro Aqramonun AŞPA-nın hüquqi məsələlər və insan hüquqları üzrə komitəsinin xətti ilə hazırladığı məruzə “Ekstremizm əleyhinə mübarizə: nailiyyətlər, çatışmazlıqlar, uğursuzluqlar” adlanırdı və həmin məsələ ilə bağlı müzakirələrdə çıxış etmək üçün 43 deputat qeydiyyata alınıb. (AzərTAc) Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da bu məruzə ətrafında müzakirələr zamanı çıxış edərək Ermənistanı ifşa edən ciddi faktlar ortaya qoyub. Deputat Ermənistan hakimiyyətinin yalnız torpaqlarını işğal etdiyi Azərbaycan deyil, terrorizmi dövlət siyasətinə çevirmiş bir ölkə olaraq bütövlükdə Avropa və dünya üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. R.Hüseynov bildirib ki, ekstremizm, onun törətdiyi fəsadlar daha geniş miqyasları əhatə etmək təhlükəsi barədə nəzəri cəhətdən hər kəs danışa, etiraz səsini ucalda bilər. Çünki dünyanın onlarla ölkəsindən həmin dəhşətli bəlanın qanlı izləri barədə vaxtaşırı həyəcanlı xəbərlər alırıq, mətbuat bu barədə qorxunc təfərrüatları bizə dərhal çatdırır. Lakin bir var ekstremizm, onun ayrılmaz yol yoldaşı olan terrorizmlə əlaqədar səndən məsafəcə uzaqdakı ölkələrdə baş verənləri izləyərək təəssüflənəsən, bir də var bunlar sənin lap yaxınlığında, gözünün qarşısında, içərisində yaşadığın mühitdə baş versin. Əlbəttə, bu halda ekstremizmin nə qədər dəhşətli bir bəla olduğunu, verdiyi metastazların cəmiyyəti necə sarsıtdığını daha dərindən anlayırsan. R.Hüseynov deyib ki, ekstremizmin, terrorizmin acılarını öz bioqrafiyası ilə yaşamış yüz minlərlə Azərbaycan vətəndaşı kimi, o da bu siyasət sunamisinin hansı dağıdıcı gücə malik olmasına uzaqdan-uzağa eşitməklə, oxumaqla deyil, canlı şahid olaraq bələddir. ”1980-ci illərin sonlarında Dağlıq Qarabağda erməni ekstremistlərinin başladığı separatçı hərəkətlərin qarşısı bütün imkanlar olmasına baxmayaraq vaxtında alınmadığından, bu cərəyan getdikcə nəzarətdən çıxaraq nəhəng miqyaslar aldı, tədricən bir sıra böyük dövlətlərin də bu və ya digər dərəcədə daim müdaxilə etdiyi uzun və üzücü müharibəyə çevrildi. Ermənistanın ekstremizmin, irqçi düşüncənin bəhrəsi olan cəhdləri Azərbaycanın 1 milyona yaxın insanını qaçqına və məcburi köçkünə çevirdi, minlərlə insan həyatını itirdi. Ermənistan ərazisində tarixən yığcam şəkildə yaşamış 300 mindən artıq azərbaycanlı zorla öz doğma yurd-yuvasından çıxarıldı, bu ölkədəki milli azlıqlar - ruslar, yəhudilər, almanlar, yunanlar, kürdlər və digər xalqların nümayəndələri də qovuldular. Ermənistan monoetnik bir dövlətə çevrildi. Erməni xalqı da ekstremizmi, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran hakimiyyətin girovuna çevrildi. Nəticə göz qabağındadır. Ermənistan çıxılmaz siyasi, iqtisadi, mənəvi tənəzzül içərisindədir və bu böhran gündən-günə dərinləşərək xalqı xaosa, səfalətə, uçuruma doğru sürükləyir. Ən pisi odur ki, irqçilik, şovinizm, islamafobiya, türkafobiya təbliğatı Ermənistanda bu gün də elektron və yazılı media vasitəsilə intensiv şəkildə aparılr. Daha acınacaqlısı isə odur ki, belə fikirlər dərsliklərdə, elmi və bədii ədəbiyyatda da əks olunaraq gənc nəsillərin beyinlərini zəhərləyir”. Azərbaycanlı deputat Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi ekstremizmin və terrorizmin qanlı səhifələri barədə danışıb. Bildirib ki, Bakı metrosunda törədilən və qurbanlarının sayına görə misli-bərabəri olmayan partlayış bu cinayətlərdən yalnız biridir. Bu kədərli siyahı isə kifayət qədər uzundur. Ekstremizmin, terrorizmin bəzən milliyyətinin, rənginin müəyyənləşdirilməsinə cəhd edilir. Bu, yanlış yanaşmadır. Dünyanın bir sıra ölkələrində, elə Fransanın özündə “Asala”, “Haydut”, “Vartan cəngavərləri” və digər erməni terrorçu təşkilatlarının törətdikləri qətlləri, dağıntıları təbii ki, bu terrorçuların mənsub olduqları xalqın adı ilə bağlamaq doğru olmaz. Rafael Hüseynov çıxışının sonunda deyib ki, bu rəzalətlərin milli mənsubiyyəti yoxdur və onun hədəfi insandır. “Ona görə də ekstremizmin bütün təzahürlərinə, terrorizmə qarşı mübarizədə insanlıq naminə hamımız birlikdə olmalıyıq”. Azərbaycanlı deputatın nitqi maraqla qarşılanıb və elə həmin gün ingilis və fransız dillərində nəşr edilərək yayılıb. R.Hüseynov hazırladığı sənədə zəruri imzaları toplayaraq AŞ PA katibliyinə təqdim edib. Artıq sənəd ingilis və fransız dillərində nəşr edilərək yayılıb. Yazılı bəyannamə olaraq tərtib edilmiş bu sənəd “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsi zərurəti” adlanır. Sənədi şərh edən Rafael Hüseynov bildirib: “Azərbaycanın gündən-günə daha əyani şəkildə görünən iqtisadi gücü, mükəmməl hərbi doktrinası, ildən-ilə artan büdcəsi və ölkəmizin müdafiə qüdrətini yüksəltmək üçün həcmi böyüyən büdcəmizə müvafiq olaraq bu sahəyə ayrılan vəsaitlərin çoxalması Ermənistanda təşviş, qorxu yaratmaqdadır. Onlar bir tərəfdən sülh danışıqlarında destruktiv mövqe tutur, digər tərəfdən qabaqdangəlmişlik edərək demaqoqcasına Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edirlər. Bu sənədi də avropalı deputatların diqqətinə çatdırmaqla ermənilərin riyakarlığını növbəti dəfə ifşa etməyə çalışdıq və səsimizə səs verənlər, Avropanın müxtəlif ölkələrinin ən nüfuzlu deputatlarından bizimlə həmrəylik nümayiş etdirənlər az olmadı. Əsas səbəb də odur ki, biz AŞPA-da çalışdığımız illərdə ermənilərin maskasını yırtmağa, onların əsl simasını avropalı siyasətçilərə olduğu kimi təqdim etməyə nail olmuşuq”. Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq yazılı bəyannamələr təkcə nəşr edilərək yayılmır, həm də Rəyasət Heyəti tərəfindən plenar iclasda elan edilir, digər deputatlar da sənədi imzalamağa dəvət olunurlar. Əgər sessiya ərzində imzası ilə sənədə tərəfdar çıxan başqa deputatlar olursa, bu halda yazılı bəyannamə həmin imzalar da əlavə edilməklə yenidən kütləvi tirajla nəşr edilir. Bu isə sənədlə tanış olanların sayının ikiqat artması, başqa sözlə, təcavüzkar Ermənistanın daha artıq ifşa edilməsi deməkdir. Rafael Hüseynovun hazırladığı sənəddə deyilir ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, 1 milyona yaxın vətəndaşının qaçqın və məcburi köçkünə çevrilməsinə, minlərlə itki verməsinə baxmayaraq Azərbaycan münaqişənin hərbi vasitələrə əl atmadan həll edilməsinə ardıcıl olaraq səy göstərir. AŞPA-nın 2005-ci il 25 yanvar tarixli 1416 saylı qətnaməsi də Dağlıq Qarabağ və onun ətrafındakı daha 7 Azərbaycan rayonunun Ermənistan tərəfindən zəbt olunması, azərbaycanlılara qarşı etnik təmizlənmə aparılması, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğunu göstərməklə yanaşı, münaqişənin diplomatik vasitələrlə, sülh yolu ilə həllini vacib sayır. ABŞ, Fransa və Rusiya Federasiyası prezidentləri Böyük səkkizlərin 2009-cu ildə İtaliyada, 2010-cu ildə Kanadadakı görüşlərində birgə bəyanat verərək hərtərəfli sülh sazişi layihəsinin hazırlanması ehtiyacını ifadə ediblər. Bu fonda ATƏT-in Minsk qrupunun problemin tezliklə həllini nəzərdə tutan yeniləşmiş Madrid prinsipləri ilə əlaqədar təkliflərinə Ermənistanın cavab verməməsi və 2010-cu ilin yayından etibarən atəşkəs rejimini bütün təmas xətti boyunca mütəmadi şəkildə pozması narahatlıq doğurur. Ermənistan sülh sazişi əvəzinə diqqəti 1994-cü ildə münaqişənin kardinal şəkildə həllini sürətləndirmək məqsədi ilə müvəqqəti vasitə kimi qəbul edilmiş atəşkəs rejiminin təkmilləşdirilməsi məsələsinə yönəldir. “Nə sülh, nə müharibə” variantı, nəticəsiz danışıqlar əbədi davam edə bilməz. Bu, müharibə təhlükəsi vəd etməklə Cənubi Qafqazda, bütövlükdə Avropada sülh və sabitliyin gələcəyi üçün ciddi təhlükələr yaradır. Assambleya üzv dövlətlər arasında münasibətlərin bu səviyyəsinin arzuolunmazlığını bir daha bəyan edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin diplomatik vasitələrlə, sülh yolu ilə həllinin reallaşması istiqamətində konkret səyləri artırmağın zəruriliyini vurğulayır. Payız sessiyasının ikinci iş gününün başlanğıcında AŞPA sədri bu sənəd barədə deputatlara məlumat verib, onları mətnlə yaxından tanış olmağa, həmfikir çıxanları bəyannaməni imzalamağa çağırıb.