AXCP-Müsavat seçki blokunun 46 saylı seçki dairəsi üzrə vahid namizədi, satirik şair Mirzə Sakit imza vərəqələrini Dairə Seçki Komissiyasına təhvil verə bilmədiyindən o, deputat mandatı uğrunda mübarizə apara bilməyəcək.
46 saylı Dairə Seçki Komissiyasında Modern.az-a verilən məlumata görə, Mirzə Sakit imza vərəqələrini dünən saat 18.00-dan sonra təqdim etdiyindən onun namizədliyinin qeydə alınmaması barədə qərar çıxarılacaq.
DSK-dan bildirilib ki, Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini irəli sürmüş şəxslər oktyabrın 8-də saat 18.00-a qədər imza vərəqələrini və digər zəruri sənədlərini təhvil verməliydilər. Amma AXCP-Müsavat seçki blokunun namizədi bunu edə bilməyib.
Qeyd edək ki, bu dairədən tanınmış simalar - Milli Məclisin deputatı Azay Quliyevin, hakim YAP-ın vahid namizədi Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyevin, Prezident təqaüdçüsü Akif Əmənovun namizədliyi var.
Modern.az