15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyi bu gün qeydə alınıb. Modern.az bu barədə MSK-nın "Seçkilər" İnformasiya Mərlkəzinə istinadla xəbər verir.
Müsavat başqanı seçkilərə 15 saylı Yasamal birinci seçki dairəsindən AXCP-Müsavat blokunun vahid namizdi kimi qatılıb.
Azərbaycanın tanınmış siyasi xadimi İsa Qəmbər 1990-cı ildə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilib. 1992-93 -cü illədə Milli Məclisin sədri olub.
Azərbaycanın tanınmış siyasi xadimi İsa Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1964-1974-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1979-1982-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-1990-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub.
AXC-nin yaradıcılarından biri, ilk İH-nin üzvü, 1990-1991-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub. 1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. Müsavatı bərpa edən mərkəzə rəhbərlik edib və 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayında təşkilatın başqanı seçilib.
29 mart 2003-cü ildə 14 partiyanın daxil olduğu Demokratik Konqresin Məclisinin, 18 iyun 2003-cü ildə Müsavat Partiyası Məclisinin qərarı ilə prezidentliyə namizədliyi irəli sürülüb. "Bizim Azərbaycan" blokunda birləşən 21 siyasi partiya, 10-larla ictimai təşkilat onun namizədliyini müdafiə edib. 2003-cü il Prezident seçkilərinin rəsmi nəticələrinə görə 8 namizəd arasında 13.97% səs toplayaraq 2-ci yer tutub.
Modern.az