15 saylı Yasamal birinci seçki dairəsi üzrə “Azadlıq aşiqi” Nemət Pənahlının deputatlığa namizədliyi qeydə alınıb. Modern.az xəbər verir ki, bu barədə “Seçkilər” İnformasiya Mərkəzinin məlumatında bildirilib. Milli Dövlətçilik Partiyasının sədri barədə məlumat bu gün açıqlanıb. O, seçkilərdə Müsavat başqanı İsa Qəmbərlə mübarizə aparacaq.
Leytenant Şmidt adına Maşınqayırma Zavodunun fəhləsi olan Nemət Pənahovun siyasi olimpə yolu 1988-ci ildə Lenin adına meydanda təşkil edilən nümayişlə başlayıb. Tarixi mitinqlərin aparısıcı kimi məşhur olan Pənahlı sonradan müxtəlif vaxtlarda müxtəlif gurultulu siyasi proseslərin içində görünüb. Ən yadda qalanı 1993-cü ildə polkovnik Sürət Hüseynovun qiyamı zamanı fəaliyyəti olub. O zaman qiyama dəstək verən N. Pənahlı az sonra yeni hakimiyyətin tərkibinə daxil olub. Lakin mərhum prezident Heydər Əliyev ona yalnız dövlət müşavirinin müşaviri postundan o tərəfə heç bir vəzifə vermədi.
1995-ci ildə paralment seçkiləri zamanı qalmaqalla istefa verən N. Pənahlı Prezident Aparatında təsdiq edilmiş namizədlərin siyahısını KİV-ə açıqlamaqla böyük rezonans yaratmışdı. Sonrakı illər ərzində bir neçə dəfə siyasi səhnəyə qayıtmağa uğursuz cəhd edən Pənahlı buna nail olmayıb. Son illərdə daha çox biznesdə adı hallanan “Azadlıq aşiqi” heç vaxt deputatlığa namizəd olmayıb.
Modern.az