Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, 2010-cu ildə 400-ə yaxın aztəminatlı ailəyə sosial ipoteka verilib.
Elman Rüstəmov deyib ki, bir vətəndaşa verilən sosial ipotekanın həcmi 35 min manatdır: “2010-cu ildə dövlət büdcəsindən sosial ipotekaya ayrılan vəsait tam olaraq istifadə edilib qurtarmaq üzrədir. 9 ayın yekunlarına görə, vəsaitin əhaliyə verilməsi son həddindədir”.
Mərkəzi Bankın sədri hesab edir ki, dövlət büdcəsindən sosial ipoteka üçün ayrılan vəsait əhəmiyyətli bir məbləğdir:
“Biz kommersiya ipotekasını tam olaraq bazar alətləri vasitəsilə daxili bazardan cəlb edirik. Kommersiya ipotekası İpoteka Fondu vasitəsilə əhaliyə verilir.
2011-ci il üçün dövlət büdcəsindən sosial ipotekaya 14 milyon manat ayrılıb. Ölkədə sosial ipotekaya tələbat həddindən artıq çoxdur. Çünki bu ipotekanın şərtləri daha yüngüldür. Kommersiya ipotekasının şərtlərinin həddindən artıq ağır olması fikri ilə də razı deyiləm. Çünki kommersiya ipotekasının faizləri mövcud bazar faizlərindən ən azı iki dəfə aşağıdır.
Sosial ipotekanı alacaq çevrə olduqca əhəmiyyətlidir. Bu, əhalinin aztəminatlı təbəqəsidir. Təbii ki, onların ipotekaya olan tələbləri 14 milyon manatdan çoxdur. Gələn ilin dövlət büdcəsi konservativ tərtib olunub, artımlar minimaldır. Ona görə də 2010-cu il üçün nəzərdə tutulan ipoteka da ümumi büdcənin artımı kontekstində müəyyənləşdirilib. Bunu da məntiqli hesab edirəm. Əgər büdcə bir necə faiz artırsa sosial ipotekanın dəfələrlə artırılması real olmazdı. Məsələ ilə bağlı Maliyyə Nazirliyinin və hökumətin mövqeyi belədir”.
E.Rüstəmov bildirib ki, ipoteka üçün nəzərdə tutulan vəsaitin təyinatı üzrə verilməsinə, xərclənməsinə ciddi nəzarət olunur. Onun sözlərinə görə, İpoteka Fondu elektron ipoteka layihəsi hazırlayır. Layihə yaxın bir ildə işə salınacaq: “Əhalinin müraciətləri, sənədləri tam şəkildə, insan faktoru olmadan birbaşa banklara qəbul ediləcək. Banklar vasitəsilə isə İpoteka Fonduna müraciət olunacaq. Təmasın əsas hissəsi banklarla əhali arasında olur. Çünki kreditlər banklardan verilir. İpoteka Fondu isə sənədlərin son yoxlamasını həyata keçirir, qanunlara uyğunluğu yoxlanılır, ipoteka krediti alan insanın həqiqi maliyyə vəziyyəti araşdırılır. İpoteka institutu olduqca şəffaf işləyir. Beynəlxalq təşkilatlar da İpoteka Fondunun reytinqini yüksək qiymətləndiriblər”.