Modern.az

Deputat: “Quba məzarlığında ancaq layihə sənədlərinin hazırlanmasına pul ayrılıb”

Deputat: “Quba məzarlığında ancaq layihə sənədlərinin hazırlanmasına pul ayrılıb”

Təhsil

13 Oktyabr 2010, 16:15

1918-ci ildə ermənilərin Qubada yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının danılmaz sübutu olan kütləvi məzarlıqla bağlı yeni xəbər var.
Milli Məclisin Qubadan olan deputatı Yevda Abramov Modern.az saytına bildirib ki, məzarlıqda muzey tikintisinə maliyyə vəsaiti hələ ayrılmayıb. Onun sözlərinə görə, ancaq layihə sənədlərinin hazırlanması üçün vəsait ayrılıb. Bu da 220 min manatdır.

“Hazırda rayonda qlobal abadlıq işləri gedir. Nizami parkı yenidən qurulur. Eyni zamanda rayonda böyük şahmat məktəbi tikilir. Ona görə də məzarlığa, o sahəyə o qədər də diqqət verilmir. Bir neçə gündən sonra park və şahmat məktəbinin tikintisi başa çatacaq. Bunun ardınca məzarlıqda iş aparılacaq”-deyə deputat bildirib.

Xatırladaq ki, 2009-cu il dekabrın 30-da Prezident İlham Əliyev Qubadakı kütləvi məzarlıqda “Soyqırımı memorial kompleksi”nin yaradılması barədə sərəncam imzalayıb.
Sərancama görə, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılacaq.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1 milyon manat məbləğində vəsait ayrılıb.

Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkar edilib. İnsanların hamısının soyuq sılah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər Qubada azərbaycanlılarla yanaşı ləzgiləri, yəhudiləri, tatları, avarları və digər etnik qrupların nümayəndələrini də amansızlıqla öldürüblər. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir.
Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının tədqiqatı nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu təsdiqlənib. Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində ermənilər tərəfindən təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirilib, 122 kənd tamamilə dağıdılıb.
Bu məzarlıq erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha bir danılmaz tarixi faktdır.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə