Modern.az

Tələbələrin yataqxana problemi bir daha parlamentdə qaldırıldı

Tələbələrin yataqxana problemi bir daha parlamentdə qaldırıldı

Təhsil

13 Oktyabr 2010, 18:39

Millət vəkili Qənirə Paşayeva parlamentin bu günki iclasında 2011-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bir daha ali məktəb tələbələrinin yataqxana sarıdan ciddi problemlər yaşadığını dilə gətirib.
Modern.az-ın məlumatına görə, o, qeyd edib ki, bu məsələni ötən həftənin şənbə günü parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Təhlükəsizlik və müdafiə, İnsan haqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin 2011-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında da qaldırıb.

Deputatın sözlərinə görə, parlamentdə kənd rayonunu təmsil etdiyi üçün tez-tez bu yöndə problemlərlə üzləşən insanlar ona müraciətlər edir və o da öz növbəsində belə problemləri həll etməkdə çox zaman aciz qalır: «Bildiyiniz kimi, bu gün universitetlərin əksəriyyətinin yataqxanasında qaçqın və köçkünlər məskunlaşıb. Təbii ki, bunu başa düşmək olar, çünki onlar yurd-yuvalarını məcburən tərk etdiklərinə və yaşamağa yerləri olmadığına görə, bu yataqxanalarda yerləşiblər. Ancaq indi Azərbaycan o dövrdən fərqli olaraq xeyli inkişaf etmiş bir ölkədir. Yaxşı olardı ki, həmin yataqxanalarda məskunlaşan qaçqın-köçkünlərimiz üçün evlər tikilsin, onlar həmin evlərə köçürülsün, yaxud yeni yataqxanalar inşa edilsin.

Ona görə xahiş edirəm ki, tələbələrimizin arasında imkansız ailələrin övladları da olduğu nəzərə alınaraq onların yataqxanalarla təmin olunması məsələsi yaxın zamanlarda öz həllini tapsın».

Qeyd edək ki, millət vəkilinin bu təklifi büdcə müzakirələrində iştirak edən maliyyə naziri Samir Şərifov tərəfindən də müsbət qarşılanıb. Maliyyə naziri bildirib ki, bu məsələnin həlli istiqamətində müəyyən addımlar atılır və atılması nəzərdə tutulur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə