Modern.az

Zeynəb Xanlarova kimdir?..

Zeynəb Xanlarova kimdir?..

Mədəni̇yyət

28 Dekabr 2018, 11:32

Mahir Qabiloğlu


İş otağıma keçdim. Yazı stolunun arxasına oturdum. Bəmbəyaz kağızı qabağıma qoydum. Qızıl perolu qələmi əlimə götürdüm. İlk olaraq vərəqə seçdiyim başlığı yazdım: “Zeynəb Xanlarova kimdir”. Yox. Axı niyə yalan danışıram? Nə iş otağım var, nə də yazı stolum. Heç ağ kağızım, qızıl perolu qələmim də yoxdur. Yazıya da başlığı əvvəldə yox, sonda verərlər. Uşaq dünyaya gələndən sonra  ad qoyular. Bu cür yalan girişlə Zeynəb Xanlarova haqqında nəsə yazmaq olarmı? Yoxdur bu yazı ənənələrinin heç biri. Heç Zeynəb Xanlarova da “yoxdur”, o dövr yoxdur, o bəstəkarlar, ifaçılar, xiridarlar  yoxdur. Yox, səhv kimi qəbul etməyin “Zeynəb Xanlarova yoxdur” ifadəmi. Azərbaycan vətəndaşı, millət vəkili Zeynəb Yəhya qızı Xanlarova yaşayır. Allah bundan da uzun ömür versin. Bizim Zeynəb Xanlarova yoxdur. İndiki sənət üfüqündə yoxdur. Sənəti onu qaldırıb qoyub uca bir dağın başına. Heç aşağı düşmək fikri də yoxdur. Niyə düşsün ki? Düşüb hansı istedadın başına sığal çəkib, xeyir-dua versin? Son dəfə Lenin adına sarayda balaca Xeyransa Məmmədovanı sığallamışdı. Xeyransalar da yoxdur. Zeynəb Xanlarova bir zirvədir müasir Azərbaycan musiqində. Yuxarıdan baxır. Gözləri yoldadır. Ətrafda fəth edilməyən zirvələr çoxdur. Amma heç dağın ətəyində də kimsə görsənmir. Eləcə yamacda, dağın qarından əriyib süzülən bulaqdan bumbuz  su içib, səsləri batan, xoruz buraxanlar adda-budda gözə dəyirlər. Hərəsinin də əlində qızılı, briliyantlı, firuzeyi, heç bir aparaturaya qoşulmayan  mikrafonlar. Zirvəyə baxıb oxuyurlar. Yox, oxumurlar, ağızlarını açıb-yumurlar. Qayalığın arxasında isə prodüsser fonoqrammanın düyməsini basır. Əks-səda gəlmir. Əks-sədaları dağın zirvəsinə də gedib çatmır. Çünki dağda-meşədə, təbiətdə səs əks-səda verər, fonoqramma yox. Qarğadırlar. Qartallara daş atırlar ki, bəs biz də varıq. Amma atdıqları daşlar da qayıdıb  özlərinə dəyir. Bir-bir sıradan çıxırlar.

Nəsə əvvəldən çox zilə qalxdım. Sonra nərdivan axtaracaqlar ki, bəmə salsınlar.  Mən isə hələ çox aşağıdayam. 1975-ci ildir. Cəmi 9 yaşım var. Zeynəb xanım təzəcə xalq artisti adı alıb. Roman diliylə desək, zavyazkaları keçib, kulminasiyadadır.  1975-dən 2015-ə birdən-birə  hoppanmaq olmaz. Gərək  yavaş-yavaş “Zeynəb zirvəsi”ni fəth edim. Yolda yıxıla da bilərəm, külək, qar, çovğun dondura da bilər. Amma yox. Məndən əvvəlkiləri bəlkə də dondurub, yarıda saxlayıb. Bəlkə də bu zirvənin sahibi olan Zeynəb xanımım adından, şöhrətindən qorxublar. “Axı o Zeynəbdir. Nəsə “ne to” yazaram, acığı tutar. Qəzəbinə tuş gələrəm” deyərək.

Nədə qaldım? Hə. Kağız-qələmdə. Evdə nə kağız var, nə də qələm. Çarpayıya uzanıb, belimi divara söykəyirəm. Notbuku dizimin üstünə qoyuram. Yeni səhifə açıram. Pah-atonnan, nə gözəl söz işlətdim e... “Yeni səhifə açıram”. Amma həqiqətən də notbukun displeyində yeni səhifə açıram. Həmən də ağ səhifəni yaddaşa verirəm. Keçmişdə yazılan şeyi yaddaşa verərdilər. Amma indi zəmanə dəyişib. Gərək ağ səhifəni əvvəlcədən yaddaşa verəsən. Çünki ağ səhifə də  pozula bilər. O qədər ağ səhifələr pozulub ki, elə heç nə yazılmamış.

Səhifəni açdım, yaddaşımı da. Ağ səhifədə öz Zeynəb Xanlarovamı yazmağa başlamaq istədim. Amma bir an duruxdum. Yadıma qonşum, xalq yazıçısı Bayram Bayramovun 1987-ci ildə dediyi bir söz yadıma düşdü. Utandım, qızardım. Öz-özümə “Mahir, ayıb olsun sənə” deyib, yazmayacağıma qərar verib açdığım yeni səhifəni yaddaşa vermədən bağlamaq istədim.  Amma son  40 ildə uşaq və  gənc  yaddaşıma yığıb saxladıqlarım əlimi tutub saxladı. “Ayıb olur, olsun da... Yazacağam. Mənim tanıdığım Zeynəb Xanlarovadan, BİZİM Zeynəb Xanlarovadan yazacağam” dedim. O vaxt Bayram Bayramova ayıb olmuşdu, indi qoy mənə də ayıb olsun. Ondan böyük yazıçı deyiləm a? Sadəcə o, buraxdığı səhvi düzəldə bilmədi. Mənim isə şansım çoxdur. Faizlə desək – 100 FAİZ.

ZƏHLƏM GEDƏN İFADƏLƏR

“Deyilənə görə”, “deyirdilər ki”. Xoşum gəlmir bu sözlərdən. Aşıq gördüyünü çağırar. Mən də bu prinsipi üstün tuturam. Təkcə atam Qabilə istinad edirəm və bu istinadların da sağ qalan şahidləri kifayət qədərdir. Səhv desəm yəqin ki, irad tutarlar. Amma zəhləm gedən ifadələri bu yazımda işlətməyə məcburam. Axı onda çox balacaydım.  Zeynəb Xanlarovaya verilən qiyməti eşidirdim, amma dərk etmirdim. Sadəcə yaddaşıma yazırdım. 

Amma sevmədiyim bu cümlə önlüklərini qorxa-qorxa işlədəcəyəm. Çünki ilk növbədə səbəbkar oxuyacaq. Yalan olsa batdım. Lap düz olsa da... elə düz söz var ki, onu da gərək işlətməyəsən. “Yanında deyiblər-deyiblər. Nə olsun ki, deyiblər. Sən də gərək bunu bütün Azərbaycana car çəkəsən? Adamın yanında söz danışarlar da...” fikrində bir həqiqət də var. Amma ki, yox. Bir var yaddaş, bir də var yaddaşdan süzülən yazı. Bulağın suyu da süzülür. Spirt isə süzülmür, hətta damcılayır. İkisi də göz yaşı kimi təmizdir. Biri şirindir, o birisi acı, yandıran. Əsas odur ki, təmizdir, safdır, təbiidir.

Mənim ağlım kəsməyə başlayanda, yəni ki, 9 yaşımda Zeynəb Xanlarova artıq Azərbaycan SSR-in  Xalq artisti idi. Bu titulu tək demirdilər. Ermənistan SSR-in xalq artisti titulu da bura əlavə olunurdu. (Vikipediya-da Özbəkistan xalq artisti titulu da var. Amma mənim yadımda deyil). 

Bilmirəm kimin sözüdür. Səhv etmirəmsə Düma söyləyib. “Azərbaycan dilini bilirsənsə, bütün Qafqazı tərcüməçisiz dolaşa bilərsən”. Düma zirvəsinə əlim çatmasa da, birini də mən deyim. Bəlkə nəvaxtsa mənə də istinad edib söyləyərlər hikmətli söz kimi: “20-ci əsrin son 30 ilində Zeynəb Xanlarovanın mahnılarını bilən, oxuyan müğənninin üzünə Qafqazın bütün xalqlarının rəsmi və ya el şənliklərinin qapısı açıq idi. Hətta Ermənistanda da. Yox. Çaşdım. Hayastanda”. Bax belə düz səslənir. Bu barədə bir az sonra.

Vaxt keçdi. Daha bu titulları bir-bir sadalamırdılar. Zeynəb xanım ən yüksəyinə -  “SSRİ xalq artisti” fəxri adına layiq görülmüşdü. Yəni ki, onu 15 respublikanın on beşində də tanıyırdılar. Amma bu da SSRİ xalq artisti adına layiq görülmək üçün əsas statistik göstərici deyildi. Bəli, statistik göstərici. Səni xarici ölkələrdə də tanımalıydılar. Sən SSRİ kimi böyük dövləti xarici ölkələrdə də layiqincə təmsil etməliydin. Adın afişadan asılanda stadionlar tamaşaçıyla dolmalıydı. “Reytinq” sözü olmasa da, reytinq cədvəlində daha hansı tələblər yox idi. Əgər tamaşaçılar sakit durub tamaşa edirlərsə, bu qəbulolunmaz idi. Onlar oynamalı, əl çalmalı, atılıb düşməli idilər. Ərəblər isə musiqidən razı qalanda melodiyanın ritmiylə fit çalırdılar. Fit çalınmadısa, deməli sən ərəb musiqisevərinin xoşuna gəlməmisən. Bəs bilet satışı? Görəsən Zeynəb Xanlarova SSRİ büdcəsinə bilet satışından nə qədər xeyir verib? Bəs özü nə qazanıb? Məncə o vaxt buna “stavka” deyirdilər. Hər fəxri adın özünəməxsus “stavka”sı vardı. Ondan bir qəpik artıq-əskik ödəməyə ixtiyarları yox idi. (qiymətli hədiyyələr də olurdu).

Haralarda oxumayıb Zeynəb xanım? Bu qədər xarici dildə mahnını necə öyrənib? Belə bir ifadə var: “Rus dilini rusdan da yaxşı bilmək”. Əgər sovet müğənnisi xaricə gedəndə o xalqın musiqisini onlardan yaxşı oxumağı bacarmasaydı, icazə vermirdilər ifaya. Lap icazə versəydilər də, pis oxumaqla rəğbət qazanmırdın. “SSRİ xalq artisti” adı SSRİ-nin hər yerində  tanınan və SSRİ-ni dünyaya layiqincə tanıdan sənətkarlara verilirdi.  Zeynəb Xanlarova bu seçilmişlərdən idi. Azərbaycanlı idi. Heydər Əliyevin məşhur bir kəlamı var: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”.
Doğurdan da, belə sənətkarları, belə azərbaycanlıları yadıma salanda, bu sözlərin mənasını daha dərindən başa düşməyə başlayıram.

Ortaya belə bir sual çıxa bilər ki, bəs nə qədər Azərbaycanın tanınmış müğənnisi ümumittifaq və xarici qastrollara gediblər. Bəs niyə onların əməyini heç edirsən? Əsla, onlar ancaq Azərbaycan mədəniyyətini dünyaya tanıdan Azərbaycanın xalq artistləriydi. Zeynəb Xanlarova isə nəinki SSRİ, dünya musiqi mədəniyyətinin bir parçasına çevrilmişdi.

ZEYNƏB XANLAROVA TƏKCƏ MÜĞƏNNİDİRMİ?

Zeynəb Xanlarova vaxtında, həm də sağlığında qiymətini almış xoşbəxt insanlardandır. Bunu bir mahnısında özü də deyirdi. “Dünyanın xoşbəxti mənəm dünyada”. Hər şeyi var. Həm xalqın məhəbbəti, həm də xalqın, dövlətin rəsmi təltifləri. Ancaq birindən başqa. Ömrü boyu ana südü kimi halal olan SSRİ miqyaslı bir rütbə ona verilməyib. O, bu vəzifəni icra edib, amma rütbəni verməyiblər. “Fövqəladə və səlahiyyətli səfir” rütbəsi.  Deyəcəksiniz ki, onda gərək xarici ölkələrə qastrola gedib, mahnı oxuyan, Azərbaycanı təmsil edən, tanıdan  hamıya verilməlidir də bu rütbə. Mən sizinlə razı. Amma.

Siz heç  Zeynəb Xanlarovanı tanıyırsınız? Yox. Tanımırsınız. Zeynəb Xanlarova yeganə sənət adamıdır ki, BMT-nin tribunasından çıxış edib. Çıxış etməyib e... mahnı oxuyub. Ordakı nümayəndələri o xalqların öz mahnılarından parçalarla salamlayıb. Başqa xalq olsaydı, sağlığında heykəl qoymuşdu öz müğənnisinə. Təkcə bu ifasına görə.

REPERTUAR

Hərdən Modern.az saytında gedən yazılarımı bir-bir  sayıram. “İki il dörd ayda 350-ni  keçmişəm” deyərək qürrələnirəm. “Əsas kəmiyyət yox, keyfiyyətdir” kəlamını bilə-bilə. Amma yüksək kəmiyyət və keyfiyyət paralel olaraq bir-birini təqib edəndə bu yaxşı mənada partlayış deməkdir. Zeynəb Xanlarovanın repertuarını illərə bölüb hesablasaq, görəsən neçə mahnı olar? Özü də, mahnı da mahnıdı ha..! Hamısı ürəyəyatımlı. Müasir dildə desək HİT. Hər bir özünə hörmət edən müğənni yaxşı mahnı oxumağa çalışar. Yaxşının yaxşısını seçmək üçünsə çeşid bol olmalıdır. Müasir dövrdə seçimi necə edəsən? Mahnı var ki, hələ bir seçim də edəsən? Bazar boşdur. Üzr istəyirəm, bazar köhnə sözdür. Lap köhnə kişilər kimi danışdım. İngiliscə deməliydim: Market boşdur. Olan malların da genini dəyişdiriblər.

Oxuyanlarımız da bir dəfə banlayır, 10 il də onun əks-sədasını yaymaqla məşğul olub, pul qazanırlar. Bəlkə repertuar sözünü lüğətdən çıxaraq? Axı indikilər repertuar sözünə təhqirdir. Korifey sənətkarların ruhu inciyər bizdən.





QASTROL

 

Çox xahiş edirəm, hətta yalvarıram, bu gün qastrola gedən bircə Azərbaycan müğənnisinin adını deyin mənə. Alim Qasımov? Pah, o necə də  yadınıza düşdü e... Belə çıxır ki, bir ad çəkməklə məni bağladız. Mən xarici ölkədə konsert vermək demədim e... Mən qastrol dedim. 20-30 nəfərlik kollektivlə çıxırsan şəhər-şəhər, kəndbəkənd gəzib konsertlər verirsən. Yaxşı, lap konsert vermək olsun. Alim Qasımovdan başqa bir babat ad çıxaranımız varmı? Muğam? Yox. Onu bura qatmayın. Muğamla bağlı xarici konsertlər ifaçıların öz təşəbbüsü yox, Heydər Əliyev Fondunun və YUNESKO-nun layihələridir.

Yerindən duran  müğənni toya getməyindən danışır, getməsə, ac qalacağını söyləyir. Əvvəl heç olmasa el şənliyi deyə ifadə edirdilər. İndi isə konkret toy deyirlər. Ekrandan toy tuturlar, toy danışırlar. Papuri kimi toy mahnılarını uc-uca qoşub, qol götürüb oynayırlar da. Səhnə mədəniyyətlini sırtıq gülüşlərə, hərəkətlərə qurban verirlər. “Elitni” toy yox, heç palatka toylarının da iyi gəlmir onlardan. İndi deyəcəksiniz ki, bunların o böyüklükdə sənətkar olan Zeynəb Xanlarovaya nə dəxli? Bayaq statistika sözünü işlətdim. Bir sənətşünas alim lazımdır ki, gedib otursun “Qoskonsert”in arxivində və Zeynəb xanımın rayonbarayon, kəndbəkənd gəzərək verdiyi konsertlərin, qastrolların siyasını çıxartsın. Və rəqəm ortaya qoysun. Bəlkə bundan sonra Azərbaycanın Mədəniyyət Nazirliyinin  rəhbərliyinin təmir-tikinti işlərindən başı ayılıb, qastrol, konsert sözünü də leksikonuna qaytarmaq yadına düşə.

Sovet dövrü Zeynəb Xanlarovanın qastrolları böyük rezonans doğururdu. Bu gün ən kiçik bir tədbirin lentə alındığı dövr olsa da, o vaxt belə imkanlar yox idi, daha doğrusu məhdud idi. Zeynəb xanımın bütün xarici qastrolları, xaricdəki konsertləri lentə alınaraq, sonradan Azərbaycan dövlət telviziyasında göstərilirdi. Təsadüfi deyil ki, Türkiyədəki konsertə baxarkən atamın, Əliağa Kürçaylının və Salam Qədirzadənin etdiyi bir iradı “Petux Hacıleylək” hekayəsində qeyd etmişəm. Ürəyi təmiz insandır Zeynəb Xanlarova. Hardan biləydi ki, Türkiyə tamaşaçısı bu qədər tərbiyəsiz. ÜÇ NÖQTƏ.

SİTAT: “Günlərin bir günü yenə də kolxoz sədriylə yeyib-içirdik. Televizorda SSRİ Xalq artisti Zeynəb Xanlarovanın Türkiyədə verdiyi konsertin videosunu verirdilər. “Bülbülüm” mahnısını oxuyurdu.

Könlümün sirdaşısan, bülbülüm
Necə unudum səni, bülbülüm,
Gözlərimin yaşısan, bülbülüm
Necə unudum səni, bülbülüm.
Bülbülüm, bülbülüm, bülbülüm,
Bülbülüm, bülbülüm, bülbülüm.


Zeynəb xanım oxuduqca, kişi tamaşaçıların gülüş-fit səsləri aləmi götürmüşdü. Nəqəratı bir yerdə oxuyurdular. Dəfələrlə bu mahnını yenidən xahiş edirdilər.

- Türklər çox sevirlər bizim Zeynəb xanımı,- deyə dilləndim.
- Nə “sevirlər”, ay uşaq. Nə vacibdir ki, bu mahnını oxuyur? Yüz dənə başqası var. Əri, görəsən, başa salmır bunu?


Xudayar dayı əsəbiləşərək, ayağa durub televizoru söndürdü. Mən də məəttəl qaldım onun bu hərəkətinə. Zeynəb Xanlarovadan başqa kimsəyə qulaq asmazdı. Qonşu  rayonlara konsertə gələndə belə, gedib birinci bilet alardı. Amma bu, nə hərəkət idi... anlamadım. Elə zənn etdim ki, tut arağının təsirindəndir.” (SON)

BİR CƏHƏTİ MƏNƏ BƏS İDİ

Bir xüsusiyyəti mənə bəs edirdi ki, mən Zeynəb Xanlarovanı çox istəyəm. Sənətini qırağa qoyuram. Zeynəb xanım həyatı boyu bir toya da ayaq basmayıb. Əlbəttə ki, söhbət müğənni Zeynəb xanımdan gedir. Hətta belə bir əhvalat da danışırdılar sovet vaxtı:

“Qapı döyülür. İçəri bir nəfər daxil olur. Zeynəb xanım və ailəsi onu mehribanlıqla qarşılayır. Kişi söhbətinə başlayır:

- Zeynəb xanım,  gözümün ağı-qarası bir oğlum var. Anadan olanda əhd eləmişdim ki, inşallah toyu olanda siz də o toyda oxuyasınız. Sizi dəvət etməyə gəlmişəm. Bu da xələti, - deyə pul bağlamasını çıxarıb  stolun üstünə qoyur.

Zeynəb xanım heç nə demir. Ayağa durub mətbəxə keçir. Çay dəmləyir. Qızıl podnosda, qızıl nəlbəkisi olan büllur stəkanda, qızıl qaşıqla, bir sözlə qızılı servisi  gətirib stolun üstünə qoyur. Gələn adam bu qızıl əşyalara baxıb heç nə demir. Qızarır. Pulu götürüb cibinə qoyaraq mənzildən çıxır”.


Bu əhvalatı mən belə eşitmişəm. Qızıl servisin də  hansısa xarici dövlət başçısından Zeynəb Xanlarovaya verilən hədiyyə olduğu deyilirdi. Hər halda uşaq yaddaşım belə yadda saxlayıb. Lap həqiqətə uyğun olmasın, rəvayət olsun. Mən Zeynəb Xanlarovanı toylara getmədiyinə görə  çox istəyirəm. Əsl sənətkar toyda oxumaz.




MƏNİM QƏHRƏMANIM ZEYNƏB XANLAROVA

Mənim iki hekayəmin qəhrəmanlarından biridir Zeynəb Xanlarova. Yox surət deyil. Sadəcə adını çəkib, mahnısından misal gətirmişəm. Amma o, “Ərmən – Şuşanikin sevgisi” hekayəmdə  qəhrəman səviyyəsində bir obrazdır mənimçün.  Uşaqlıq yaddaşıma həkk olunan, amma uzun illər dərk edə bilmədiyim. Zeynəb Xanlarovanın oxuduğu mahnıdan iki misra misal çəkirəm:

SİTAT: “Qulaq asdıqları mahnılar da Azərbaycan mahnıları idi. Ölürdülər  Zeynəb Xanlarovayla Məmmədbağır üçün. Bəzən biz azərbaycanlılara acıq da verirdilər: “O Azərbaycanın yox, bizim Ermənistanın xalq artistidir”. Sonra da başlayırdılar oxumağa:

Qardaş olub Hayastan,
Azərbaycan”  (SON).

Hayastan. Bu söz sovet lüğətində yox idi. Hardan tapıb çıxartmışdı bunu Zeynəb Xanlarova. Anlamırdım. Yaxşı, anlamırdımsa, lap kobud desəm qanmırdımsa, niyə “Hayastan” sözünün mənasını atamdan soruşmurdum? Bunun üçün nəvaxtsa “Ərmən – Şuşanikin sevgisi” adlı hekayə yazmalıydımmı? Daha sonra bunu ermənilər qaçaraq rus  dilinə tərcümə etməliydilərmi? Bu tərcümədə də mən bir müəllif kimi bir tərcümə  xətası görüb Zeynəb xanımın verdiyi notları başa düşməliydim? Yox. Əgər mahnıdakı “qardaş olub” sözünü əldə bayraq edirsinizsə, çox yanılırsınız. Bu iki misrada əsas kəlmə “Hayastan”dır. Görün ermənilər bunu rus dilinə necə tərcümə ediblər:

“Они слушали азербайджанские песни. Сходили с ума по Зейнаб Ханларовой, Мамедбагиру. Даже злили нас, говоря, что она народная артистка не Азербайджана, а Армении, а потом начинали петь: «Стали братьями Армения, Азербайджан». 

Bəs sovet vaxtı özlərinə erməni yox hay, respublikalarının adını isə Ermənistan yox, rəsmi olaraq Hayastan çağıran ermənilər niyə axı birdən-birə “Hayastan”ı “Армения” kimi tərcümə etdilər. Axı mahnıda Hayastandır, Ermənistan yox.  Çünki ayılıblar. Hayastan kimi öz köklərini Azərbaycanın qədimi torpaqlarından uzaqlaşdırıb, gəlmə xalq olduqlarını sübut edirmişlər.  Amma “Армения”, düzgün tərcümə etsək “Ermənistan” yox, “Ərməniyyə” bu ərazidə qədim türk dövləti olub. Adına da “Velikaya Armeniya” – Böyük Ərməniyyə deyiblər. Hayları da elə Böyük Ermənistan adlı xülyaya  elə bu tarixi fakt ruhlandırıb. Tarix də onların tərəfindədir.  Bəlkə mənfur qonşularımızın adını dəyişmək vaxtı gəlib çatıb? Hər halda biz onları erməni və ya Ermənistan çağırmamalıyıq. Hay və Hayastan - belə daha düzgündür. Nə vaxtsa özlərinin də xorla və fəxrlə oxuduqları. “Qardaş olub Hayastan, Azərbaycan” mahnısı kimi. Adamı tələyə belə salarlar e...

ZEYNƏBİ ZEYNƏB EDƏN CƏHƏT

“Tərpənmə. Sağ əlini royalın üstünə qoy. Sol əlini də onun üstünə. Nəbadə yerindən tərpənəsən. Başını tərpədə bilərsən. Üzünün cizgilərini də. Vəssalam”. Bu, sovetin qəbul olunmuş səhnə mədəniyyəti idi. Əsasən də müttəfiq respublika ekranlarında tətbiq olunurdu. Mən Mərkəzi Televiziyada buna rast gəlmirdim.  

Və ən nəhayət Zeynəb. O, bir inqilab etdi. Səhnədə meydan sulayır, mahnının ritminə əsasən əl hərəkətləri edirdi. Bu, qəbulolunmaz idi, bu, mümkün deyildi. Amma Zeynəb bunu etdi. Təkcə etmədi. Bundan sonra bir məktəb yarandı ki, onlara da davamçı yox, sadəcə Zeynəbi  təqlid edənlər dedilər.

Zeynəb Xanlarova üçün bəstəkarlar xüsusi mahnılar yazırdılar. Bu mahnıları digərləri də oxuyurdular. Amma çata bilmirdilər ona. Möhürü elə vurmamışdı ki, kimsə çata bilsin. Zeynəb bir epoxa idi. Öz yolu vardı. Gedirdi. Qarşısına çıxan da yox idi. Çıxsaydı da onları yıxmağa yeli belə bəs idi. Zeynəb irəli gedirdi. Onu həm estrada müğənnisi,  həm xanəndə, həm muğam ustası, həm də primadonna kimi qəbul edirdilər. Bu sahələrin hamısında öz sözünü deməyi bacarmışdı. Özü də yüksək səviyyədə.

PRİMADONNA ZEYNƏB XANLAROVA, YOXSA...




“Nə?.. Primadonna? Mahir, bu da təzə çıxdı? Qarşıdurma yaratmaq istəyirsən? Sən də lap şou-biznes olub getdin e...”.  Yox! Əsla! Elə şey etmərəm. Özü də ki, Zeynəb Xanlarova kimi böyük sənətkara həsr etdiyim yazıda.  Səviyyəmi bilən adamam.

“Müğənni”. “Konsertmeyster”. “Solist”. “Xor”. Dinin də... Niyə dinmirsiniz? Bu sözlər xoşunuza gəldi, amma Zeynəb Xanlarovaya “primadonna” deyən kimi nəsə bir qıcıq hiss elədiniz. Bilirsinizmi niyə? Sadəcə, əksəriyyətiniz eşitdiyiniz  sözlərin mənasını başa düşmürsünüz.


HAŞİYƏ: 9 yaşında anam məni 6 saylı musiqi məktəbinə qoydu. Solfecio dərsində “prima” sözü  ilk eşitdiyim sözlərdən  oldu. İzah elədilər ki, “prima” latınca birinci deməkdir. Musiqi dünyasında isə bir pillə interval sayılır. İki pillə -sekunda, üç pillə -tertsia, sonra da gəlirdi kvarta, kvinta, seksta, septima. Nəhayət oktava. (Solfecio dərsindən zəhləm gedirdi. “3” alırdım. Yəqin ki, izahda hiss elədiniz.)

“Primadonna” sözünü ilk dəfə 1997-ci ildə eşitməyə başladım. Sovet estradasının ən çox sevdiyim müğənnisi Alla Puqaçovanı belə çağırırdılar. Daha sonra Azərbaycanda da  bu söz televiziya və radiomuzda tez-tez işlənməyə başlandı. İlhamə Quliyevanın adı çəkiləndə əvvəlinə “estradamızın primadonnası” titulu qoyulurdu. Nəhayət 2000-ci ildə Rusiyanın mərkəzi kanallarının birində Alla Borisovna bu tituluna aydınlıq gətirdi. Ki...

1997-ci ildə “Avroviziya” müsabiqəsində Rusiyanı “Primadonna” adlı mahnıyla  Valeri Meladze təmsil etməliymiş. Mahnının sözləri və musiqisi isə SSRİ Xalq artisti Alla Puqaçovaya məxsusmuş. O da bu mahnını SSRİ Xalq artisti, aktyor-müğənni Lyudmila Qurçenkoya həsr edibmiş. Son anda Valeri Meladze naxoşladığından müsabiqəyə elə Alla Puqaçova özü getməli olub və 15-ci yeri tutub. Mahnı rus xalqının ürəyinə o qədər yatıb ki, o andan Alla Puqaçovanı  “Primadonna” deyə çağırmağa başlayıblar. Musiqi təhsilim olduğumdan sözün mənasını o saat anladım. Prima – 1-ci, donna isə italyancadan tərcümədə xanım, qadın deməkdir. Əslində bu söz musiqi sahəsinə aid olsa da,  estradaya heç bir aidiyyatı yoxdur. Operada birinci partiyaları, yəni ki, baş qadın rolunu ifa edən opera müğənnisinə primadonna deyirlər.  (Başqa cürə - “Diva”). Operada birinci partiyanı oynayan kişi müğənni isə primo-uomo adlanır. SON

Zeynəb Xanlarovanın geniş fəaliyyətinin bir qolu da operadır. Rolları çoxdur. Musiqi terminiylə desək, baş qadın rollarının ifaçısı Zeynəb Xanlarova Primadonnadır. Amma oynadığı bu baş rollardan  biri özü-özlüyündə ayrıca bir yüksək  tituldur ki, hər sənətkar buna layiq görülmür. Yazıçı Anarın çəkdiyi, Üzeyir Hacıbəylinin həyatından bəhs edən “Uzun ömrün akkordları” filmində bu titulu alan  ifaçılardan yalnız ikisi önə çəkilmişdi: Rübabə Muradova və Zeynəb Xanlarova. Söhbət “Səhnəmizin Leylisi” titulundan gedir ki, “Primadonna” adı, onun yanında heç nədir.  “Səhnəmizin bənzərsiz Leylisi -  Zeynəb Xanlarova” – gözəl səslənir, elə deyilmi?

“1-Cİ SKRİPKA”

Bu termin musiqiyə, orkestrə aiddir. Amma dırnaqcıqda verəndə bütün hakimiyyətlərin dövründə önəmli olan, hesablaşılan, sayılıb seçilən insan anlamını verir. Atam xalq şairi, dostu Bəxtiyar Vahabzadəni həmişə “1-ci skripka” (məhdud dairədə deyirdi bu sözü) adlandırırdı. Mənim zənnimdə Zeynəb Xanlarova - musiqi mədəniyyətimiz öz yerində - respublikamızın ictimai-siyasi həyatında da “1-ci skripka”dır. Hərə bu sözə öz baxış bucağından yanaşa bilər. “91-lər”in yaranmasında oynadığı rol, millət vəkili kimi zahirən sakit görünən, amma ortaya qoyduğu özəl mövqe... Bunlar öz yerində. Amma mənim bu mövzuda özümün çox özəl fikrim var ki, onu açıqlamaq istəməzdim. Yaxud da,  Əhməd Cəmil demişkən:

- Ay nənə, bir nağıl de!
-  Ömrüm-günüm, yat daha,
   Hamısını bu gün desəm, nağıl qalmaz sabaha.

20 YANVAR

20 Yanvar – Ümumxalq hüzn günüdür. Amma 1990-cı ildə matəm idi. Öz doğma ölünə də bir ildən artıq hüzür saxlamırsan. Zeynəb xanım bu faciədən sonra neçə illər səhnədə görünmədi. El diliylə desək, yas saxladı. Mənim saxladığım saqqal isə şəhidlərin 40-dan sonra artıq qırxılmışdı.

AĞADADAŞ AĞAYEV

Xalq artisti Ağadadaş Ağayev yenicə məşhurlaşmağa başlayanda, ona ara müğənnisi kimi baxırdılar. Baxmayaraq ki, mahnıları yazılan kasetlər əlbəəl gəzirdi. Amma SSRİ Xalq artisti Zeynəb Xanlarova onun “Gülüm nəğmələr söylər” mahnısına qiymət verərək, oxuduqdan sonra şəxsən mənim həm Zeynəb xanıma, həm də Ağadadaş Ağayevə münasibətim ikiqat dəyişdi. Zeynəb xanıma əsl sənətə qiymət verdiyinə, Ağadadaşa isə toy mağarından çıxıb  professional səhnəyə qədəm qoyduğuna görə.


SONDA KİM OXUYURSA

Bu bir qaydadır. Ən böyük sənətkar sonda oxuyar. Bütün dövlət tədbirlərinin bədii hissəsində, televiziyada gedən “Mavi işıq”larda hamı sonu gözləyirdi. Zeynəb Xanlarova sonda çıxış edirdi axı. Baxışlar müxtəlif olsa da, hamı  onun oxuyacağı təzə mahnıları gözləyirdi. Təzə və heç yerdə səslənməyən mahnılar – bu, yuxarının təyin etdiyi  mütləq tələb idi. Zeynəb  Xanlarovaya qadınların baxışı isə tam fərqli idi.

- Ağez, gördün onun taxdığı sırğanı. Təzə idi e... Keçən dəfə başqasını taxmışdı. Özü də Sibirski brilyant qaşlar idi. Danqa-danqa. Ortasında da sapfir.
- Hə, gördüm. Əlini də üzünə forsla sığal çəkirdi ki, bəs təzə üzük almışam. Hələ paltarını demirəm.
- Üz-gözünü də yaxşı bəzəmişdi. Əslində qara qızdır e... Amma ağ görsənirdi.  

Bu Zeynəb Xanlarovaya özəl münasibətlər idi. Amma birinci yerdə onun sənətinə olan ümumxalq məhəbbəti dururdu. Zeynəb Xanlarovanı həftənin bütün günləri televiziyada görməzdin. Müsahibə verməzdi. Danışmazdı. Ancaq oxuyardı. Bu oxumağıyla hər şey deyirdi.

Bilirdik ki, ailəlidir. İki oğlu var. Bunu da – yalnız tanınmışların və seçilmişlərin  layiq görüldüyü -  onun haqqında çəkilən bir sənədli televiziya filmində epizod kimi görmüşdüm. Heç haralı olduğunu da bilmirdim. O, əsl azərbaycanlı övladı idi.

MƏHƏK DAŞI

Zeynəb Xanlarova sənətimizin  məhək daşıdır. Biz görmüşük ki, qızılı məhək daşına sürtüb, onun əsl qızıl olduğunu ayırd edirlər. Amma Zeynəb xanım sənətimizin məhək daşı olmasına baxmayaraq, belə getsə elə toxunulmamış da qalacaq. Çünki qızıl yoxdur.  Ya 90 faiz mis qarışıqlıdır, ya da təmiz  misdir, qızıl suyuna çəkiliblər.




BƏSTƏKAR ZEYNƏB XANLAROVA

Bilmirəm Zeynəb Xanlarova özünü bəstəkar sayır, yoxsa bunu hobbi kimi qəbul edir. Amma mən Aşıq Alının sözlərinə yazdığı “Nə qaldı” mahnısını klassik mahnı hesab edirəm. Sözlərini də, mahnısını da.Və bu mahnısına və ifasına görə Zeynəb xanımın adının önünə bəstəkar sözünü artırmaq olar. Baxmayaraq ki, İTV-nin bir verilişində bu mahnını “Nar ağacı, nar çiçəyi” mahnısıyla oxşarlığına toxunmuşdular. Dillərindən “plagiat” sözünü çıxarmağa cürətləri çatmamışdı. Çünki bu mahnı xalq tərəfindən qəbul olunub. Möhürünü vurub. Qalib mahnı sayılır.  Qalibləri isə mühakimə etmirlər.

ZEYNƏBİN ANSAMBLI

Qızılı sürtdükcə parıldayar. Almaz cilalandıqca, daha yaxşı bərq vurar. Bəs müğənninin səsi necə? Əlbəttə ki, oxuduqca açılar. Əgər həqiqətən də, nəfəsi, səsi varsa. Zeynəb Xanlarova nə qədər səhnədə oldusa, qastrollara getdisə canlı oxudu. Heç onda “ölü” oxumaq da, yəni ki, fonoqramma da yox idi.

HAŞİYƏ: Fonoqramma dövrümüzün bəlasıdır, ionikanın övladıdır. İonika bütün musiqi alətlərini özündə birləşdirib, onları zibilliyə atdı. Fonoqramma isə həm musiqi alətlərini, həm də səsi. Fonoqramma ifaçılıq məktəbini beşiyində boğmaq, yalnız toylara möhtac etməkdir. Fonoqramma mədəniyyətin süqutu deməkdir. Fonoqramma tamaşaçını aldatmaq, zövqü korlamaq deməkdir. Fonoqramma səsin yatması, inkişaf eləməməsi deməkdir. (Hər gün Təzə Pir məscidində molla minbərə çıxıb azan verəndə səsin tilsiminə düşürdüm. Ruhumu oxşayırdı, başa düşməsəm də. İndi azanı da mikrofonla oxuyurlar.) Görəsən Mədəniyyət Nazirliyi fonoqrammanı niyə qadağan etmir? Yalnız muğamı canlı oxuyurlar. Yəqin ki, bu da hələlik belədir. Bu yerdə Atamın “Səhv düşəndə yerimiz” şeirini xatırlatmaq yerinə düşər.

Küt bıçaq parıldayıb,
Xırçıltı salıb.
Qılınc qında pas atıb,
Qında korşalıb.
Heyf... Korşalırıq biz
Səhv düşəndə yerimiz.

Korşalan səslər, korşalan mədəniyyət və ÜÇ NÖQTƏ. Bu gün Azərbaycan mədəniyyəti ölür. Yox, tökülüşüb üstümə gəlməyin. Deməyin ki, yalan danışma, ağzın əyilər. Bu boyda inkişafı gözün görmür. Kökündən inkar edirsən. Düz deyirsiniz. Başa düşürəm ki, “bəzi”, “elələri də var ki” sözlərindən istifadə etməliydim. Amma biz müsəlmanıq. “Ölüm” sözü səslənməsə əl-ayağa düşmürük.

HAŞİYƏ: Məşhur televiziya tamaşasında bir demaqoqun yuxarıya ünvanladığı “anonimka”nın  (anonim, imzasız məktub) ruhunda   böyümüşəm. Orda oğluna məktub diqtə edən ata deyir:

- Yaz ki, evin yanında yağışdan sonra çala yaranıb. Uşaqlar da məktəbə gedəndə ora düşüb ölürlər.

- Ata, axı ölmürlər.
- Yaz ki, “ölürlər”. Elə yazmasan gəlib düzəldən deyillər.  (SON)

Amma Zeynəb xanımı digərlərindən fərqləndirən bir xüsus da onun öz ansamblının olmasıydı. Və bu ansamblın hər bir üzvü professional solistlər idi.

HAŞİYƏ: Bir sovet xokkey  məşqçisi vardı. Anatoli Tarasov. Onun rəhbərliyi altında SSRİ-nin xokkey yığması 9 il dalbadal bütün beynəlxalq turnirlərdə qalib gəlmişdi. Bunu mən onun xüsusi istedada malik olan məşqçi olmasıyla əlaqələndirirdim. Amma bu yaxınlarda Tarasovun qızı, fiqurlu konki üzrə  məşhur məşqçi Tatyana Tarasova atasının bu uğurunun  sirrini açdı. Demə, Tarasov məşqçi karyerasında xareoqraf dostunun  (adını unutmuşam) iki təcrübəsindən istifadə edibmiş. Birinci, komandaya musiqi dilində desək, yalnız solistləri – professionalları dəvət edirmiş. Bir də rəqsin ayaq hərəkətlərini xokkeyə tətbiq edirmiş. (SON)

BAYRAM BAYRAMOVUN SÖZÜ

1987-ci il idi. Əsgəri xidmətdən qayıtmışdım. Teodor Drayzerin “Kerri bacı” romanı azərbaycanca çapdan çıxmışdı. Başladım oxumağa. Atam gördü ki, kitab oxuyuram. İş otağına keçib əlində qalın, qəhveyi rəngli kitabla geri qayıtdı.

- Bunu oxu! Bayramındır. Təzə çıxıb. “Karvan yolu” romanıdır. Çox şey qazanarsan. Cəlil Məmmədquluzadə və onun sonuncu həyat yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadədən bəhs edir.

700 səhifəlik kitabın qalınlığına baxıb gözüm qorxsa da, oxumağa başladım. İki günə bitirdim. Bu, oxuduğum son əsər oldu. (Hansı mənada istəyirsiniz başa düşün.) Əsərdən danışmaq fikrim yoxdur. Günlərin bir günü qapı döyüldü. Bayram əmiydi. Nəsə qəmgin görsənirdi:

- Qabil, yaman pis oldum bu gün.
- Niyə, ay Bayram.
- Həmidə xanım Cavanşirin birinci əri - polkovnik İbrahim bəy Davatdarovdan olan uşaqlarını axtarıb tapmışam. Oğlu və qızı xaricdə yaşayır. İstəyirəm ki, anasının Bakıda yaşadığı evinə yiyə dursunlar, Cəlil Məmmədquluzadənin ev muzeyi kimi təmir elətdirsinlər.  Varlı adamdırlar.
- Lap əla. Burda pis nə var ki?
- Yox e... İndi bilmişəm ki, bəs Həmidə xanım bizdən bir tin yuxarıda – Ostrovski küçəsində yaşayıbmış. 1955-ci ildə də orda rəhmətə gedib. 82 yaşında. Bəlkə də küçədə neçə dəfə qabağımıza çıxıb, tanımamışıq. Bunu bilsəydim, romançun bütün tarixi faktları  özündən alardım. Gör nə qədər açılmamış məqam qaldı. Heyf.


Bu söhbəti yadıma salanda mən də özümə “Ayıb olsun!” dedim. 49 yaşım var. Ziyalı ailəsində anadan olmuşam. Özüm də guya ki, ziyalı sayılıram. 49 ildir ki, Zeynəb Xanlarovayla eyni şəhərdə yaşayıram. Amma bircə dəfə də olsun onu həyatda görməmişəm. Yaxşı ki, düzəlməsi mümkün olan və  bağışlanan səhvi 49 yaşında aşkara çıxartdım.




YAZDIM DA...

Öz aləmimdə Zeynəb Xanlarova haqqında yazdım. Nə yazdım, bilmirəm. Gəldi... Yazdım... Ürəyimdən, beynimdən gələni yazdım. Redaktəsiz-filansız. Bəlkə də səhvlərə də yol verdim, yanlışlıqlara da. İrad tutanlar da ola bilər. Deyəcəklər ki, bu elə yox, belə olmuşdu. Mən razı. Mən “elə”ni yazdım, siz də “belə”ni yazın. Mənə yalnız bir nəfər irad tuta bilər ki, o da Zeynəb xanım Xanlarovadır.

HAŞİYƏ: Günlərin bir günü Yazıçılar Birliyinin “Natəvan” klubunda hansısa əsərin müzakirəsi gedir. Müəllif də zaldaymış. İki ədəbi tənqidçi əsərdəki bir fikirlə bağlı mübahisəyə başlayırlar. Biri deyir ki, “yazıçı bu əsərdə filan fikri demək istəyib”. O biri deyir ki, yox “O, elə yox, belə demək istəyib”. Nəsə əsəblər gərilir. Az qalır ki, tənqidçilər əlbəyaxaya çıxsınlar. Bu zaman müəllif ayağa durub onlara nə desə yaxşıdır:

- Ay tənqidçilər, mən burdayam da... Sağ-salamat. Nə demək istəmişəm, soruşun deyim də... (SON)

İndi də Zeynəb xanım bu yazını oxuyub-oxuyub başını bulayacaq. “Ay Mahir, uzaqda deyiləm ki... Gəl soruş da...  Əslində necə olub, mən sənə deyim də... İndi necə olsun? Yazdığın  “Bizim Zeynəb Xanlarova”nı yaddaşdan necə pozaq?”

SON

Sonda yadıma düşdü ki, Zeynəb xanım Xanlarovanı rəsmi təqdim etməmişəm. Bütün təltiflərini, mükafatlarını qeyd etməmişəm. Amma düz də eləmişəm. Çünki o adların, təltiflərin arxasınca qaçmayıb, adlar, təltiflər onun sənətinin arxasınca gəlir. Belə insanlara ancaq bir ad yaraşır və bütün adları özündə birləşdirir:  CANLI KORİFEY.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi