Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşı Natəvan Həmid qızı Mahmudovanın qətlə yetirilməsi ilə bağlı birgə məlumat yayıb.
Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının birgə məlumatına görə, 2010-cu il oktyabrın 15-də saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilib.
Bakı şəhər prokurorluğu, şəhər Baş Polis İdarəsi əməkdaşlarının və məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Faktla bağlı Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının ilkin rəyi ilə mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və diğər nahiyələrində qançırlar aşkarlanıb, onun ölümünə səbəbin isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən edilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Xalidə Balabəy qızı Əhmədova tutularaq istintaqa təqdim edilib.
Onun yaşadığı ünvanda aparılmış axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun mənzilindən qarət etdiyi qızıl- zinət əşyaları və nağd pul aşkar edilərək götürülüb.
Hazırda iş üzrə istintaq Bakı şəhər prokurorluğunda davam etdirilir.
Modern.az