Rusiya Prezidenti Dmitri Medvedyev baş nazirin müavinini Moskvanın yeni Meri təyin edib. Sergey Sobyanin Rusiyanın baş naziri Vladimir Putinin yaxın müttəfiqi hesab olunur. Onun namizədliyinin gələn həftə Moskva Şəhər Şurası tərəfindən təsdiq olunacağı gözlənilir.
Sergey Sobyaninin 52 yaşı var. O, əvvəllər Sibirin qubernatoru olub. Bu yaxınlarda isə baş nazirin müavini və hökumət heyətinin rəhbəri təyin olunmuşdu. Ən mühümü isə o, Vladimir Putinin əsas müttəfiqidir. S.Sobyanini regional siyasətçidən milli fiqura çevirən də elə Putin olub. 2005-ci ildə onu heyətin rəhbəri təyin edəndə Putin hələ də prezident idi. V.Putin prezidentlikdən baş nazir vəzifəsinə keçəndə isə ona kabinetdə iş verdi. İndi isə prezident Dmitri Medvedyev onu Rusiyada ən nüfuzlu vəzifələrdən birinə - Moskva meri postuna təyin edib. Rusiyada regional qubernatorları, o cümlədən Moskva merini prezident təyin edir.
Prezident Medvedyev əvvəlki mer Yuri Lujkova etimadını itirdiyini söyləyərək onu işdən azad etmişdi. Onun Sergey Sobyanini seçməsi isə Vladimir Putinin hələ də Rusiya siyasətində böyük nüfuza malik olmasının göstəricisidir.