Modern.az

"Tovuzun toponim dünyası" təqdim edilib

"Tovuzun toponim dünyası" təqdim edilib

Mədəni̇yyət

18 Oktyabr 2010, 23:50

Tovuzda millət vəkili Qənirə Paşayevanın iştirakı ilə Tovuzun keçmişi, tarixi, tarixi-mədəni abidələri, bu gününü özündə əks etdirən sənədli filmin, kitabın və Tovuza həsr edilən musiqi kompozisiyasının təqdimatı keçirilib.

Musiqi kompozisiyasının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə Tünzalə Ağayevaya məxsusdur. Musiqi kompozisiyası və sənədli film millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və "Türkel" TV-nin təşkilatçılığı ilə hazırlanıb. Tədbiri giriş sözü ilə açan Tovuzda fəaliyyət göstərən "Türkel" TV-nin direktoru Təranə Abbasova bildirib ki, Tovuz haqqında çəkilən film və klip televiziyanın ilk işidir. Onun sözlərinə görə, "Türkel" TV bu ilin yayından fəaliyyət göstərir. Əvvəllər başqa adla fəaliyyət göstərən telekanal artıq yeni formatda çalışır.

Millət vəkili Paşayeva bildirib ki, rayona həsr edilən musiqi kompozisiyasında Azərbaycanın qədim bir parçası olan Tovuzun şanlı keçmişi, bu günü, tarixi abidələri, qəhrəmanlıq tarixi öz əksini tapıb. Kompozisiya Aşıq musiqisinin şah əsərlərindən hesab olunan «Ruhani» üzərində yazılıb. Təxminən 7 dəqiqəlik video-klipdə musiqi ilə paralel Tovuzun tarixi abidələri və mədəni irsi barədə görüntülər yer alıb.

Bu gün Tovuza həsr edilən sənədli filmin də təqdimatı olub. Təxminən 30 dəqiqə olan sənədli filmdə Azərbaycanın qədim bir parçası olan Tovuzun zəngin tarixi, bu günü, tarixi-mədəni abidələri ilə bağlı zəngin və maraqlı məlumatlar öz əksini tapır.  Millət vəkili Qənirə Paşayeva bildirib ki, filmin ingilis dilində də hazırlanmasına başlanılır ki, bu disklər Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslar, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpuslarına, diaspor təşkilatları və Tovuza səfər edən xaricilərə hədiyyə ediləcək. 

Tədbirdə həmçinin Tovuzun toponimiyası ilə bağlı professor Zirəddin Xasıyevin yazdığı "Tovuzun toponim dünyası" adlı kitabın da təqdimatı olub. Kitabın ön sözünün müəllifi millət vəkili Qənirə Paşayevadır. Bu kitabda Tovuzun tarixi, keçmişi, tarixi-mədəni abidələri, toponimləri ilə bağlı maraqlı və zəngin faktlar öz əksini tapıb. Millət vəkili gənclərin ölkəmizin tarixini daha yaxşı öyrənməsinin vacibliyini vurğulayıb. «Tarixini, keçmişini bilməyən bir kəs tam ola bilməz. Bütün gənclərimiz tariximizi dərindən öyrənməli ona sahib çıxmalıdır»

Təqdimatda rayon ictimaiyyəti, ziyalıları, gənclər iştirak ediblər və bu işi həyata keçirənlərə öz təşəkkürlərini bildiriblər.






Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir