46 saylı Şirvan Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Azay Quliyevin seçicilərlə sayca ikinci görüşü də qələbəliklə müşayiət olundu. Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində təşkil olunan görüşə qəsəbə sakinləri, ziyalıları, ağsaqqalları gəlmişdilər. Qəsəbə sakinlərindən birinin fikri ilə desək, əgər seçkiqabağı təşviqat kampaniyası olmasaydı Azay Quliyevin son beş ildə bu qəsəbənin sakinləri ilə hədsiz sıx təmasını və deputatın qəsəbənin bütün problemlərinin həllində birbaşa iştirak etdiyini nəzərə alsaq bu görüşü deputatla növbəti görüş də adlandırmaq olardı.
“Ümumiyyətlə, Azay Quliyevin Hacıqəhrəmanlı qəsəbəsinin problemləri və sakinləri ilə yaxından tanışlığı var. 2005-ci il seçkilərindən bu günə kimi deputat bu qəsəbəyə xüsusi diqqət yönəldib”-bu fikir də qəsəbə sakinlərinə məxsusdur. Sakinlərdən biri xatırlatdı ki, beş il öncə deputatlığa namizəd Azay Quliyev seçiciləri ilə görüşü zamanı “seçicilərin problemlərini öyrənib, yaxın beş ildə onun həllinə çalışacam” demiş və bu müddət ərzində sözünün üstündə duraraq Hacıqəhrəmanlı qəsəbəsinin bir sıra problemlərinin həllinin tapılmasında birbaşa iştirak etmişdir. Xüsusən də qəsəbəyə müasir standartlara uyğun yolun çəkilməsi və qəsəbənin uzun illərdən bəri köklü problemi sayılan məişət qazının verilməsinin qaydaya salınmasını qeyd etmək olar. Qəsəbə sakinlərinin ağızdolusu sevinclə danışdıqları digər məsələ isə qəsəbə məktəbinin yenidən təmir etdirilməsi oldu. Belə ki, bir qrup qəsəbə sakininin deputat Azay Quliyevə müraciəti cavabsız qalmamış və az müddət ərzində bu problem də yüksək səviyyədə həllini tapmışdı.
Yuxarıda qeyd edilənlər, deputatlığa namizədin seçiciləri ilə görüşə başlayana qədər seçicilər arasında aparılan polemikadan seçmələr idi. Tədbir açıq elan ediləndən sonra deputatlığa namizəd Azay Quliyev seçiciləri qarşısında çıxış etdi. O, bildirdi ki, Hacıqəhrəmanlı qəsəbəsinin sakinləri onun üçün önəmli insan, aktiv seçici və vəfalı dostdurlar. Son beş il ərzində bu qəsəbənin problemlərinin həlli istiqamətində ciddi addımlar atılıb, yarımçıq qalmış işlər isə davam etdirilir.
“Mən ötən beş ildə deputatlıq fəaliyyətimi vicdanla, səmimi həyata keçirmişəm. Bir deputatın edə biləcəyi maksimal nə varsa onu etməyə çalışmışam”- deyən Azay Quliyev xatırlatdı ki, bütün görülən işlərdə daim seçicilərin dəstəyini hiss edib, onların xeyir-duasını alıb və ən nəhayət müvafiq dövlət strukturları ilə birgə əməkdaşlıq etməklə problemlər yoluna qoyulub. Daha sonra son beş ildə görülən işlərin xronologiyası sadalandı. O, xüsusi qeyd olundu ki, yaxın vaxtlarda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün böyük və əhəmiyyətli bir layihənin icrasına başlanacaq. Hökumət tərəfindən Şirvan şəhərinin su probleminin həllinə 76.3 milyon ABŞ dolları həcmində kredit ayrılıbdır. Bu kredit Milli Məclisdə təsdiq olunub. Azay Quliyev, etimad göstərilərsə gələcəkdə görüləcək işlərdən də danışıb. O, regional TV-nin və region üçün əhəmiyyətli olan universitetin açılması məsələlərini artıq reallığa çevrildiyini seçicilərinin diqqətinə çatdırıb.
Söz alan seçicilərdən biri bildirdi ki, “Şirvanın deputatı məhəlli səviyyəli bir şəxs ola bilməz. O, tayfa nümayəndəsi, bələdiyyə üzvü səviyyəli də biri olmamalıdır. O, Azərbaycan miqyaslı, bizim problemlərimizi yüksək instansiyalarda həll etməyə qadir bir deputat olmalıdır. Elə bir deputat ki, onun səsi dünyanın aparıcı təşkilatlarının tribunalarından gəlsin, haqq səsimizi bütün dünyaya çatdıra bilsin. Bu mənada bizim problemimiz yoxdur. Azay Quliyev bu parametrlərə cavab verən deputatdır. Biz ona səs verəcəyik”.
Sonra seçicilər söz alaraq onları maraqlandıran məsələlərin həlli üçün fikir bildirdilər. Deputatlığa namizədlə görüşə gələn seçicilərin sayı getdikcə çoxaldığından təklif olundu ki, tədbir ayrılmış binanın qarşısında davam etdirilsin. Beləliklə, son illərə xas olmayan hadisə baş verdi. Məhz seçicilərin sayının çoxluğundan deputat görüşü açıq havada keçirməyə məcbur oldu. Təranə Ağayeva adlı seçici bildirdi ki, o, partiya təmsilçisidir. Məhz Azay Quliyevin fəaliyyəti, onun seçiciləri üçün gördüyü işlər, bacarığı, intellektual səviyyəsi seçici kimi onda maraq yaradıb və bu səbəbdən partiya təmsilçisini bitərəf namizədi dəstəkləməyə sövq edib. Artıq əksər seçicilərin də fikri qətidir. Onlar seçimdə tərəddüd etməyəcəklər. Nəbi Quliyev adlı seçici bildirdi ki, o, Azay Quliyevin seçki platforması ilə tanış olub və orada göstərilən məsələlər həlli real olan məsələlərdir. 2005-ci il seçkilərində də Azay Quliyevin platforması ilə tanış olduğunu xatırladan seçici öz həmyerlilərinə müraciətlə “Əgər Azay Quliyev 5 il əvvəl həlli müşkül məsələləri irəli sürüb onun öhdəsindən gəldisə, demək yeni ideyaların reallaşması da mümkündür. Bu baxımdan biz yeni seçiləcək deputatımızı elə bu gün əlini sıxıb, təbrik edə bilərik”.
Sonra seçicilər adi sosial problemlərlə bağlı məsələləri namizədlə müzakirə etdilər. Onu qeyd etməliyik ki, şikayətlər dinləməkdən çox polemikaya çevrilən bu görüş hacıqəhrəmanlıların qərarlarının qətiləşdirməsinə təkan oldu. Əminliklə söyləmək olar ki, Azay Quliyev növbəti qələbəsinə daha bir adım atdı.
|
|
|
|
|
|