Respublikada kommunal nəqliyyat xidmətinin səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlət başçısının tapşırığına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına paytaxta kommunal xidmət göstərəcək müxtəlif nəqliyyat növləri gətirilib. Oktyabrın 19-da Prezidenti İlham Əliyev yeni nəqliyyat növlərinə baxış keçirib. (AzərTAc)
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni texnikalar barədə dövlət başçısına məlumat verib. Bildirib ki, paytaxtda və eləcə də bölgələrdə kommunal nəqliyyat xidmətinin təkmilləşdirilməsi məqsədilə ölkəyə 8 növdə 265 müxtəlif texnika gətirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı avtomobillərin texniki göstəriciləri və imkanları barədə danışıb. Qeyd edib ki, yeni avtomobillərin 67-si “KamAZ-43253” şassisi üzərində “KO-515A” markalı vakuum avtomobili, 36-sı “4K” markalı zibildaşıyan avtomobil, 22-si “D-06” markalı sudaşıyan və yolyuyan avtomobil, 17-si yükünü özüboşaldan “KamAZ” avtomobilidir.
Dövlət başçısı Gəncə avtomobil zavodunun istehsalı olan texnikalara da baxıb. Bildirilib ki, bu texnikadan paytaxta 67 ədəd gətirilib. Özüsüpürən və yükləyən funksiyası olan bu maşınlar küçələrdə təmizlik işləri aparmaq üçün əlverişli texniki imkanlara malikdir. Bundan əlavə, gətirilmiş 24 zibildaşıyan və 11 yükünü özüboşaldan avtomobillər də müasir texniki imkanları ilə fərqlənir. Paytaxta, həmçinin Fransadan “İmprotex Trusks Buses” MMC-yə məxsus çoxfunksiyalı 21 teleskopik yükləyicinin də gətirildiyi bildirildi. Yeni texnikalarla yanaşı, ölkəyə bu texnikaların ehtiyat hissələrinin də gətirildiyi qeyd olunub.
Texnikalarla yaxından tanış olan dövlət başçısı paytaxtda və bölgələrdə kommunal xidmətin səviyyəsinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.