Cons Hopkins Universitetinin Paul H.Nitze adına Beynəlxalq Araşdırmalar Mərkəzinin Transatlantik Münasibətlər Mərkəzində çıxış edən ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə yardımçısı Filip Qordon Türkiyə-Ermənistan yaxınlaşması ilə bağlı məsələyə münasibətini açıqlayıb.
Modern.az “Amerikanın səsi” radiosuna istinadən bildirir ki, Qordon ABŞ-ın Sürixdə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin normallaşmasına dair imzalanan protokolların taleyi ilə bağlı ABŞ-ın rəsmi mövqeyinə aydınlıq gətirib.
“Biz istəyirdik ki, hər iki ölkə protokolları ratifikasiya etsin və onları icra etsin. Biz inanırıq ki, belə bir addım Qafqazda sülhə və sabitliyə xidmət edərdi. Bu, baş vermədi. Və biz bundan təssüflənirik. Ola bilsin ki, gələcəkdə bunun üçün daha münasib şərait yarandı”/
Filip Qordonun sözlərinə görə istər Türkiyə və Ermənistan, istərsə də Ermənistanla Azərbaycan arasında barışıq olmalıdır.
“Belə bir barışıq ABŞ maraqları üçün mühüm əhəmiyyət kəsb edir”- deyə amerikalı rəsmi bildirib.
Tədbirdə Avropa sülh zonasının genişləndirilməsindən danışan amerikalı rəsmi dövlət katibi Hillari Klintonun Ukrayna, Qafqaz və Balkana səfərini vurğulayıb.
“Bu coğrafi məkanlar ABŞ siyasəti üçün mühüm əhəmiyyət kəsb edir və bizim qənaətimiz budur ki, bu dövlətlər demokratik, sabit və firavan olmayanadək və Avroatlantik strukturlara inteqrasiya etməyənədək Avropa tam olmayacaq.”
Cənab Qordon bu hədəfə nail olmaq məqsədilə ABŞ-ın Avropa İttifaqı ilə yaxından əməkdaşlıq etdiyini söylədi və Avropa dəyərlərinin şərqə doğru irəliləməsinin Vaşinqton üçün prioritet olduğunu bildirib.