Gənclər Təşkilatları Milli Şurasının sədri, 29 saylı Səbail seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradov Səbail rayonu, A. Məmmədov, E. İsmayılov və Buxtinski ünvanında seçicilərlə görüşüb. Seçiciləri ilə görüşməkdən məmnun olduğunu bildirən Fuad Muradov ötən beş il ərzində onların müraciətlərinin diqqətlə araşdırıldığını və qaldırılan problemlərin həlli istiqamətində tədbirlərin görüldüyünü bildirib.
Azərbaycanın əsas probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən F. Muradov bu münaqişə nəticəsində yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Deputatlığa namizəd deyib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünün aradan qaldırılması dövlətimizin əsas vəzifəsidir və bu istiqamətdə danışıqlar prosesi gedir. Azərbaycan bu münaqişənin ədalətli həllinin tərəfdarıdır. Torpaqlarımızın işğal altında olmasının ciddi sosial-humanitar problemlər də yaratdığını deyən F.Muradov qeyd edib ki, münaqişə nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın həyat səviyyəsinin yaxşılaşdırılması üçün dövlət külli miqdarda vəsait xərcləyir.
«Bu dövlətin sahibi sizsiniz və buna görə də, ölkəmizin gələcəyi naminə seçkilərdə iştirak etməli, öz mövqeyinizi bildirməlisiniz. Mən sizə çox vədlər vermək niyyətində deyiləm. Amma bir vəd verirəm ki, əgər mənə yenə də etimad göstərsəniz, öz fəaliyyətimlə çalışacağam ki, məni özünüzə səlahiyyətli nümayəndə seçdiyiniz üçün peşman olmayasınız” - deyə, F. Muradov vurğulayıb.
Seçicilərin problemlərinə toxunan F.Muradov bildirib: «Problemləri qaldırmasanız, o problemlər həll olunmaz. Biz görülən işlərlə yanaşı, qarşıda duran vəzifələrin həllini də nəzərdə tuturuq. Görülən işlərin hamısı insanların rifahının yüksəlməsinə xidmət edir. Hökumət qarşıda duran məsələləri də tədricən həll etməkdədir. Bütün işləri dərhal həll etmək mümkün deyil. Yaxın tariximizə nəzər salsaq, deyə bilərik ki, 10 il əvvəl sosial məsələlər ciddi idi, indi bu problemlərin çoxu həll olunub. Demək istəyirəm ki, hökumət ötən 5 il ərzində hər bir vətəndaşın həyatının yaxşılaşdırılmasından ötrü çox iş görüb. Yeni problemləri qaldırmaqla insanlar düzgün edir, çünki belə olanda müvafiq strukturlar həmin problemlərdən xəbər tutaraq onları həll edirlər».
Seçicilər qeyd ediblər ki, ötən beş il ərzində Fuad Muradov millət vəkili kimi öz özünün üstündə durdu, etdiyimiz müraciətlərin hamısına diqqətlə yanaşdı: “Fuad müəllim millət vəkilimiz olmaqla yanaşı, həm də Azərbaycan gəncliyinin simasıdır. Biz onun Milli Məclisdə qanunvericilik işləri ilə də tanışıq. Deputatımız bizim sosial məsələlərimizə də diqqətlə yanaşıb. Çox şadıq ki, yenə də Fuad Muradovun namizədliyi 29 saylı dairədən irəli sürülüb. Bütün Səbailillilər ona səs verəcək”.
Seçki qərargahı