Modern.az

Prezident nazirlərə tapşırıqlar verib: “…Bürokratik əngəllərə son qoyulmalıdır…”

Prezident nazirlərə tapşırıqlar verib: “…Bürokratik əngəllərə son qoyulmalıdır…”

Təhsil

21 Oktyabr 2010, 09:55

...İlin sonuna iki ay vaxt qalıb. Qalan məsələlərin hamısı bu aylar ərzində öz həllini tapmalıdır. Bütün investisiya, infrastruktur layihələri başa çatdırılmalıdır. Əminəm ki, 2010-cu ilin yekunları Azərbaycan üçün uğurlu olacaqdır. Makroiqtisadi vəziyyət sabitdir, bu barədə mən rəqəmləri gətirdim. Bir daha demək istəyirəm ki, inflyasiyanın 5,2 faizlik səviyyəsi qənaətbəxşdir. Ancaq bununla bərabər, biz ciddi nəzarət etməliyik ki, qiymətlərin süni şəkildə qaldırılmasına yol verilməsin və beləliklə inflyasiyanın səviyyəsi aşağı səviyyədə saxlanılsın”
Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda söyləyib.

İlham Əliyev deyib ki, 2009-cu ilin böhranı Azərbaycana çox az təsir göstərib, vətəndaşlar onu hiss etməyiblər.

“Xatırlayıram, 5-10 il bundan əvvəl bəzi xarici elmi mərkəzlərdə Azərbaycanın neft strategiyası ilə bağlı keçirilmiş müzakirələrdə belə bir fikir ortaya qoyulurdu ki, Azərbaycanda “holland sindromu” olacaq, Azərbaycan iqtisadiyyatı birtərəfli şəkildə inkişaf edəcək, Azərbaycan o təbii resurslardan səmərəli şəkildə istifadə edə bilməyəcəkdir. Mən o söhbətləri yaxşı xatırlayıram və çox şadam ki, bu gün biz artıq o söhbətləri eşitmirik. Biz o vaxt da bilirdik ki, Azərbaycanda nə “holland sindromu” olacaq, nə də iqtisadiyyat birtərəfli inkişaf edəcəkdir. Biz bilirdik ki, Azərbaycanda neftdən əldə olunan gəlirlər ən yüksək səviyyədə idarə olunacaqdır. Məhz bu məqsədlə Azərbaycan Hasilat Sənayelərində Şəffaflıq Təşəbbüsünə qoşulmuşdur”.

Prezident Azərbaycanın bu gün bu 28 milyard dollar valyuta ehtiyatları olduğunu vurğulayıb. O, gələcək illərdə bu ehtiyatın daha da böyük həcmlərlə ölçüləcəyini deyib.

Bu ilin Azərbaycanda “Ekologiya ili” elan edildiyini xatırladan İlham Əliyev 9 ayda 6 milyon ağac əkildiyini diqqətə çatdırıb. Onlardan 800 mini Bakı və Abşeron yarımadasında əkilib.
Prezident. Kür və Araz çayları boyunca qurulan təmizləyici qurğulardan, Bakı və Abşeron yarımadasının bütün ekoloji problemlərini tezliklə həll edilməsinin vacibliyindən,Bakı buxtasının təmizlənməsindən danışıb.
O, bu il baş verən təbii fəlakətlərə də toxunub. Deyib ki, seldən ziyan çəkən ailələrin evlərinin bərpa prosesi qış gələnə qədər həll olunmalıdır.
”Bu sahədə işlər gedir. Artıq Hacıqabul rayonunda ilk evlər təhvil verilmişdir. Mən bilirəm ki, başqa rayonlarda da, tikinti işləri gedir. Bu işlər daha da sürətlə getməlidir ki, biz qış gələnə qədər insanları yaxşı evlərlə təmin edək. O da qeyd olunmalıdır ki, tikilən evlər dağılmış evlərdən qat-qat keyfiyyətlidir, genişdir, rahatdır. Dağılmış evlərin böyük hissəsi çiy kərpicdən tikilmişdi. Böyük hissəsi çox kiçik və yararsız vəziyyətdə idi. Həm xarici görünüşü çox bərbad idi, həm də şəraiti yox idi. İndi tikilən evlər daş evlərdir, gözəl evlərdir, bütün şəraiti vardır və əvvəlki evlərdən daha da rahat və genişdir”.

Görülən işlərə büdcədən 300 milyon manat vəsait ayrıldığını xatırladan dövlət başçısı deyib ki,
Azərbaycan dövləti heç vaxt öz vətəndaşını darda qoymaz.
İlham Əliyev yol tikintisi sahəsindəki vəziyyətə toxunaraq deyib ki, bu sahədə böyük uğurlu işlər görülür.
”B yaxınlarda Mingəçevir–Xaldan yolunun bir hissəsinin açılışını qeyd etmişik. Ondan sonra, İpək Yolu demək olar ki, tam hazırdır, müəyyən hissələrdə işlər gedir. Ancaq indi Bakıdan qərb sərhədinə qədər gözəl yol çəkilir. Eyni zamanda, şimal-cənub istiqamətlərində yollar çəkilir, şəhərlərarası yollar, kənd yolları salınır. Bu sahəyə böyük investisiyalar qoyulur və qoyulmalıdır. Biz yola qoyulan vəsaitin nəticələrini regionların inkişafında görürük. Bir neçə ildən sonra Azərbaycanın bütün magistral yolları dünya standartlarına cavab verəcəkdir. Biz şəhərlərarası yollara və xüsusi ilə indiki şəraitdə kənd yollarına diqqət göstərməliyik, çünki bu sahədə hələ çox iş görülməlidir.
Bütövlükdə nəqliyyat sektorunda bütün proqramlar icra edilir. Bakıda Metro tikintisi aparılır. Bu məsələ ilə bağlı yəqin ki, bir müddətdən sonra biz ayrıca müşavirə keçirəcəyik. İşlər gedir və uzunmüddətli proqram hazırlanır. Biz bunu geniş müzakirə etməliyik. Gələn illərin investisiya proqramında metro tikintisinə ayrılacaq xərclər də nəzərə alınmalıdır ki, biz bu işləri maksimum yüksək səviyyədə həll edək. Çünki Bakının əhalisinin sayı artır.
Eyni zamanda, əlbəttə ki, avtomobil yolları da tikilir və genişlənir. Ancaq Bakının sürətli inkişafı metronun da inkişafının təmin edilməsi üçün əlavə tədbirlərin görülməsini diktə edir. Biz bunu etməliyik və edəcəyik”.

İlham Əliyev yaxın zamanlarda Ələtdə yeni dəniz limanının tikintisinə başlanılacağını, Bakı bulvarının hər iki tərəfə uzadılacağını deyib:
”.. Bakı bulvarını Bayraq Meydanı ilə birləşdirmək üçün orada köçürülmələr baş verməlidir. Bu köçürülmələri biz gərək daha da sürətləndirək. Orada bəzi müəssisələr, obyektlər vardır, biz onları köçürdəcəyik. Beləliklə, biz Bakı bulvarını Bayraq Meydanı ilə birləşdirməliyik. Bayraq Meydanından sonra olan hissə üçün də gələcək illərdə ayrıca layihə hazırlanacaqdır. Beləliklə, indiki bulvar bəlkə iki dəfədən də çox böyüyəcək və gözəlləşəcəkdir.
Bakıda yol infrastrukturunun inkişafı üçün tədbirlər görülür. Yol qovşaqları, tunellər, körpülər tikilir. Bu, Bakıda nəqliyyat probleminin həllinə böyük dərəcədə kömək göstərir. Bu gün Heydər Əliyev adına hava limanından Mərdəkan dairəsinə, - əslində indi o dairə də yoxdur, amma adlar qalıb: “Mərdəkan dairəsi”, “Sabunçu dairəsi”, “Əzizbəyov dairəsi” - onların biri də yoxdur, qalmayıb. Yəni biz canımızı dairələrdən qurtardıq. Dairə əvəzinə müasir tunellər, körpülər, yol qovşaqları tikilir. Amma insanlar hələ köhnə qayda ilə “Mərdəkan dairəsi” deyirlər, o cümlədən də mən.
Hazırda aeroportdan Mərdəkan istiqamətinə yol çəkilir. Oradan Bilgəh, Kürdəxanı, Pirşağı və Sumqayıta qədər yeni bir yol, əslində yeni bir arteriya, yeni bir damar açılacaqdır. Bu yol səkkiz və altızolaqlı olacaq, ən yüksək standartlara cavab verəcək və beləliklə, Bakının, Abşeronun o yerlərində yerləşən kəndləri bir-biri ilə, şəhərlə və şimal istiqaməti ilə bağlayacaqdır. Eyni zamanda, orada bildiyiniz kimi, dairəvi yol da tikilir, - cənub və qərb istiqamətini və şəhərə girmədən birləşdirəcəkdir. Bu, böyük bir layihədir. Bu yaxınlarda mən orada işlərin gedişi ilə tanış oldum. Bu işlər qrafik üzrə aparılmalıdır”.

Prezident deyib ki, Azərbaycanda soyuducu kameralar tikilir, hər bir fermer bunun xeyrini görür. Taxıl anbarları tikilir:
”Maldarlıqla, quşçuluqla bağlı ayrıca tapşırıqlar verilmişdir, onlar icra edilir. Quşçuluqda biz hələ tam şəkildə tələbatımızı təmin edə bilmirik. Daxili tələbatı təqribən 70 faiz səviyyəsində təmin edirik. Ancaq ət istehsalında olduğu kimi, 100 faiz təmin etməliyik. İndi konkret layihələr hazırlanır. Ümid edirəm ki, biz bir-iki ilə bu sahədə də tələbatı tam şəkildə təmin edəcəyik. Ölkəyə cins mal-qara gətirlir. Beləliklə, bu sahəyə də böyük təkan verilir”.

”Mən energetika sahəsi ilə bağlı bir-iki məsələni də qeyd etmək istəyirəm. Birincisi, qazlaşdırma sahəsində müsbət addımlar atılır. Biz elə etməliyik ki, Azərbaycanın 90 faizi qazlaşdırılsın, həm əhali, həm də ki sənaye müəssisələri. Bu, qarşıya bir hədəf kimi qoyulub. Bu istiqamətdə işlər görülür, yeni boru kəmərləri, magistral xətlər çəkilir, kompressor stansiyaları tikilir. Bu, çox vacibdir. Çünki bizim qaz potensialımız artmaqdadır. Bu gün bizdə olan qaz ehtiyatları daxili tələbatdan və xarici ixrac imkanlarından daha da çoxdur. Biz indi yeraltı anbarlara 2 milyard 500 milyon kubmetr qazı doldurmuşuq. Heç vaxt bu olmamışdır. Qaz anbarlarının tutumunu 3 milyard, bəlkə də 5 milyarad kubmetrə çatdırmalıyıq, genişləndirməliyik. Amma biz qazı hər zaman anbarlara doldura bilmərik. Müəyyən həddən sonra o qazı biz ya daha da böyük həcmdə ixrac etməliyik, ya da ki, ondan daxildə istifadə etməliyik. Eyni zamanda, insanların sosial məsələlərinin həlli üçün də qazlaşma çox mühüm rol oynayır. Ona görə qazlaşdırma prosesi daha da sürətlə getməlidir ki, bu işlər keyfiyyətlə və tezliklə həll olunsun”-deyə president bildidb.

Prezidentin sözlərinə görə, gələn il bütün rayonlarda kiçik su elektrik stansiyaları tikilməlidir. Bunun üçün büdcədə kifayət qədər vəsait vardır.
”Bu vəsaitdən səmərəli şəkildə istifadə etməliyik. Bəzi hallarda işlərin yubanmasına bürokratik əngəllər də problem törədir. Əgər bütün bu bürokratik prosedurlardan biz tezliklə keçə bilsəydik, bəzi hallarda bürokratiya, süründürməçilik, lazım olmayan razılaşdırmalar olmasaydı, xüsusilə, ekologiya sahəsində daha da çox işlər görülə bilərdi. Burada hər şey aydındır, biz bunu etməliyik. Ağac əkmək, yaxud da ki, hansısa çirklənmiş gölü təmizləmək üçün biz indi aylarla icazə, razılaşdırma gözləməməliyik. Bu, aydın məsələdir, Prezident tərəfindən məsələ qoyulub, tezliklə həll olunmalıdır. Özü də indi bizdə texniki imkanlar, peşəkar mütəxəssislər, hər şey vardır. Biz bu məsələlərə vaxt sərf etməməliyik. O cümlədən, bərpa olunan enerji mənbələrinin yaradılması üçün büdcədə vəsait vardır. Ancaq bu vəsaitdən necə istifadə olunub, indi ona baxmaq lazımdır. Məncə biz orada nəzərdə tutulmuş vəsaitin heç 50 faizini də istifadə edə bilməmişik. Belədir. Ona görə bu, dözülməzdir. İl başa çatır. İlin əvvəlindən qarşıya vəzifə qoyulubdur. İndi biz cəmi 3 su elektrik stansiyasında təməl daşını qoyduq. Halbuki, stansiyaların sayı daha da çox ola bilərdi.
 
Bərpa olunan, yəni günəş enerji növlərinin yaradılması barədə mən ilin əvvəlindən məsələ qaldırdım. Agentlik yaradıldı. Mən başa düşürəm ki, burada təşkilati məsələlər, texniki-iqtisadi əsaslandırma həll olunmalı idi, ancaq il başa çatır. Bizim bir dənə günəş batareyamız var?! Yoxdur. Bir-ikisini mənə göstərdilər, Mərkəzi Seçki Komissiyasının binasının qabağında nümayiş etdirdilər, vəssalam. Mən bilirəm ki, indi Azərbaycanda günəş batareyaları istehsal edəcək zavod tikilməlidir. Zavod tikilməlidir, bu çox gözəl, həm iş yerləri olacaq, həm də ki, yerli istehsal. Amma o vaxta qədər gözləməliyik?! Mən hesab edirəm ki, bu il ərzində müəyyən yerlərdə artıq o günəş batareyalarını quraşdıra bilərdik.
Ona görə hesab edirəm ki, bütün qurumlar bu məsələlərdə daha da operativ olmalıdırlar. Burada idarələr arasındakı bəzi anlaşılmazlığa son qoyulmalıdır. Bu, bizim ümumi işimizdir. Bəzən süründürməçilik, bürokratiya həddindən artıq vaxtımızı alır. Mən istəyirəm ki, hər şey tez həll olunsun, vaxt itirməyək. Xüsusilə, əgər biz bilirik ki, bunu etməliyik. Əgər hansısa tərəddüd, şübhə varsa, əlbəttə ki, məsələ ciddi şəkildə araşdırılmalıdır. Amma ağacı əkmək üçün, yaxud da ki, bir gölü təmizləmək üçün biz nə qədər vaxt itirməliyik və nə üçün?! Ona görə xahiş edirəm ki, bütün aidiyyəti qurumlar nəticə çıxarsınlar və bürokratik əngəllərə son qoyulmalıdır…”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə