Modern.az

Tələbənin bir səsi, min problemi: onlar seçkilərdə iştarak etməyə meyilli deyil (sorğu)

Tələbənin bir səsi, min problemi: onlar seçkilərdə iştarak etməyə meyilli deyil (sorğu)

Reportaj

21 Oktyabr 2010, 13:42


7 noyabrda keçiriləcək Milli Məclisə seçkilərdə tələbələrin fəallığı da əhəmiyyətli olacaq. Modern.az cəmiyyətin fəal təbəqəsi sayılan tələbələrin parlament seçkilərində iştirakı ilə bağlı sorğu keçirib.

Sorğuda iştirak edən Bakı Dövlət Unversitetinin, Azərbaycan Texniki Universitetinin və İnşaat Mühəndisləri Unversitetinin tələbələrinə “seçkilərdə iştirak edəcəksinizmi”, “Hansı dairədə səs verəcəksiniz” və “Namizədləri tanıyırsınızmı” suallarını ünvanlamışıq.

Tələbələrin əksəriyyəti sualları cavablandırmaqda çətinlik çəkiblər.

Sorğu nəticəsində 10 nəfər tələbə parlament seçkilərinin onlar üçün əhəmiyyətsiz olduğunu deyib. Üç nəfər tələbə isə ümumiyyətlə bu il ölkədə hansı seçkilərin keçiriləcəyini xəbərsiz olduğunu söyləyib.

Suallara cavab verənlərin mövqeyi  isə belə olub:

Pünhan İbadov- Bakı Dövlət Universitetinin politologiya fakültəsinin tələbəsi:  “Parlament seçkilərində iştirak etməyəcəyəm. Səs verməyəcəm. Səs vermək hüququm rayonda olduğu üçün mən rayona getməliyəm, amma getməyəcəm. Seçki dairəmi tanımıram. Çünki 10 ildi rayondan çıxmışam. Elə namizədləri də tanımıram”.

Aysel Fərziyeva - Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi: “Bu seçkilərdə səs verə bilməyəcəm. Əslində iştirak etmək istərdim, sadəcə yaşayış yeri ilə bağlı səs verə bilməyəcəm. Çox təssüf edirəm. Bizim səs verəcəyimiz dairə Cəlilabad rayonundadır. Qanuna görə, mən şəhərdə səs vermək üçün arayış almalıyam. Mən bununla bağlı maraqlandım. Amma arayış almaq istəyimi deyəndə mənə ciddi problemlər yaratdılar. Mən də bezdim. Seçicisi olduğum dairəni tanımıram. Amma bilirəm ki, Cəlilabaddadır. Seçkidə iştirak edən namizədlərin də heç birini tanımıram”.

Elvin İsmayılov - Bakı Dövlət Universitetinin sosiologiya fakültəsinin tələbəsi: “Rayonda səs verəcəyəm. Amma nə namizədləri, nə də dairəni tanıyıram”.

Ülkər Piriyeva - Bakı Dövlət Universitetnin psixologiya fakültəsinin tələbəsi: “Bəli, səsvermədə  iştirak edib səs verəcəm. Amma dairəni tanımıram. Heç namizədləri də tanımıram”.

Günay Salahova - Bakı Dövlət Universitetinin filalogiya fakültəsinin tələbəsi: “Səsvermədə iştirak etməyəcəyəm. Seçki dairəsini də tanımıram. Namizədlər haqqında da məlumatım yoxdur”.

Elgün Aslanov - Azərbaycan Texniki Universiteti Maşınqayırma fakültəsinin tələbəsi: “Seçkilərdə iştirak edəcəyəm. Sumqayıt şəhəri 16 saylı dairədə səs verəcəm. Namizədləri hələ tanımıram”.

Fərid Rzayev - Azərbaycan Texniki Universiteti Nəqliyyat fakültəsinin tələbəsi: “Bəli, iştirak edəcəm. Seçki dairəmiz səhv etmirəmsə 52 saylı Şabran dairəsidir. Namizədlərdən xəbərim yoxdu, tanımıram”.

Rəşid Bünyadov - Azərbaycan Texniki Universitetinin tələbə: “Bəli səs verəcəm. Dairəmiz Sabunçuda yerləşir. Namizədlərdən hələki heç kimi tanımıram”.

Kənan Həsənli -Azərbaycan Texniki Universiteti Komputer mütəxəsisliyi ixtisası üzrə tələbə: “Səs vermək fikrim var. Dairəmiz səhv etmirəmsə Xətai rayonunda yerləşir.Deyəsən 3 saylı dairədir. Namizədləri tanımıram. Amma araşdırıb sonra səs verəcəm”.

Ceyhun Təşizadə - Azərbaycan Texniki Universiteti  Mühasibətlik ixtisası üzrə tələbə: “Bəli səs verəcəm. Dairəni dəqiq bilmirəm, amma Badamdar qəsəbəsində səs verəcəm. Namizədlərin kimlər olduğun  dəqiqliklə bilmirəm”.

Eltun İsmayılov -Azərbaycan Memarlıq və İnşaat Universiteti Ekologiya ixtisası üzrə tələbə: “Heç kimə səs verməyəcəm. Dairəni də,  namizədləri də tanımıram. Nəyimə lazımdır səs vermək”.

Natiq Rzazadə -Azərbaycan Memarlıq və İnşaat Universiteti İnformasiya texnologiyaları ixtisası üzrə tələbə: “Çox güman ki, səsverməyə getməyəcəyəm. Seçki dairəsini tanımıram. Heç namizədlərlə də bağlı məlumatım yoxdur”.

Nicat Orucov - Azərbaycan Memarlıq və İnşaat Universiteti İnformasiya texnologiyaları ixtisası üzrə tələbə,: “Bəli səs verəcəyəm. Dairəmiz Nəsimi rayonundadır. Neçə saylı olduğunu  bilmirəm. Namizədləri də tanımıram, amma YAP-dan kim olsa, ona səs verəcəm”.

Tural Bayramov -Azərbaycan Memarlıq və İnşaat Universiteti Mexanikləşdirmə və Avtomatlaşdırma ixtisası üzrə tələbə: “Seçkidə iştirak edəcəyik. Seçki dairəsinin nömrəsini bilmirəm. Amma bilirəm ki, Nəsimi rayonundan səs verəcəm. Namizədləri hələ tanımıram”

Binnət Abbasov - Azərbaycan Memarlıq və İnşaat Universiteti Tikinti İqtisadiyyatı ixtisası üzrə tələbə,: “Bəli səs verəcəm. Bizim dairə Gəncədədir. Namizədlərdən Musa Quliyev və səhv etmirəmsə Nizami Əhmədov var”.

Vüqar Ağamalıoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır