Deputatlığa namizəd bütün beynəlxalq müşahidəçiləri 46 saylı Şirvan seçki dairəsində təbliğat kampaniyasını və 7 noyabrda keçiriləcək səsvermə prosesini izləməyə çağırıb
Bu gün 46 saylı Şirvan seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Azay Quliyev ATƏT-in ölkəmizdəki parlament seçkilərinin uzunmüddətli müşahidəçiləri Tina Lund və Piter Deyvislə Şirvan şəhərində görüşdü.
Müşahidəçilər T.Lund və P.Deyvis 46 saylı seçki dairəsində Azay Quliyevin təbliğat kampaniyasının gedişi və prinsipləri ilə maraqlandılar.
A.Quliyev bildirdi ki, o, seçiciləri qarşısında ötən beş illik deputat fəaliyyəti haqqında hesabat xarakterli çıxışlar etməklə bərabər gələcəkdə görüləcək işlərlə bağlı Şirvan əhalisi ilə ən müxtəlif formatlarda məsləhətləşmələr aparır. A.Quliyev apardığı təbliğat kampaniyasını şərh edərək vurğuladı ki, həftədə altı dəfə seçicilərlə görüş üçün müəyyən edilmiş klub və meydanlarda görüşür. Bildirdi ki, Şirvanda onun deputatlıq fəaliyyətindən bəhs edən 10000 ədəd bülleten seçicilərə paylanmaqda davam edir, həmçinin yaxın günlərdən etibarən təbliğatın “qapı-qapı” prinsipi mərhələsi də başlanacaqdır.
A.Quliyev dairə üzrə bəzi namizədlərin yerli idarəetmə resurslarından faydalanmaq cəhdləri haqqında məlumatların onun seçki qərargahına daxil olduğunu bildirərək, indi bu yöndə müəyyən dəqiqləşdirmələrin aparıldığını da qonaqların nəzərinə çatdırdı.
A.Quliyev ATƏT müşahidəçilərinə müraciət edərək onları, eləcə də digər beynəlxalq qurumları təmsil edən seçki müşahidəçilərini, exit-poll keçirənləri, hüquq müdafiəçilərini və yerli QHT-ləri seçicilərlə keçirdiyi görüşləri və apardığı təbliğat kampaniyasını müşahidə etməyə çağırdı. A.Quliyev 7 noyabrda seçkilərin demokratik və şəffaf keçiriləcəyinə, şirvanlıların böyük mütəşəkkillik və ruh yüksəkliyi ilə ən layiqli namizədə səs verəcəyinə inam ifadə etdi.
Qeyd edək ki, bu gün Azay Quliyev Şirvan şəhərində seçicilərlə iki görüş keçirir. Görüşlərdən biri saat 12.00-da Bayramlı qəsəbəsində olmuş, ikincisi isə saat 15.00-da isə Şirvan şəhərinin Demanlı məhəlləsinin sakinləri ilə keçiriləcəkdir.
Azay Quliyevin seçki qərargahı