Bu gün İstanbulda “Grand Cevahir Hotel”de Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə “Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda Dünya Türk Forumu başlanıb. Tədbirin təşkilinə Türkiyə Cunhuriyyətinin Baş Bakanlığı ilə yanaşı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi də dəstək verib.
Forumda 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri iştirak edir. Tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin fəal diaspor təşkilatlarımızın rəhbərləri də qatılıblar. Onların arasında Avropa Azərbaycanərbaycanlıları Konqresinin prezidenti Başar Kömur, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmayılova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev, BƏƏ-dəki “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov, Azərbaycanlıların və digər Türkdilli xalqların Əməkdaşlıq Mərkəzinin Özbəkistandakı nümayəndəsi və Orta Asiya üzrə əlaqələndiricisi Akif Ağatalıbov, Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov və digər diaspor təşkilatları rəhbərləri var.
Forumu TASAM-ın direktoru Engin Selcuk açıb. O forumun keçirilməsi zərurəti, müzakirə olunacaq məsələlər barədə məlumat verib. E.Sekcuk həmçinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın foruma təbrik məktubunu da tədbir iştirakçılarına çatdırıb. Sonra çıxış edən TASAM sədri Süleyman Şensiy rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib. Türk Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı isə öz çıxışında Türk Dövlətləri başçılarının zirvə görüşlərinin tarixi, türk xalqlarının əməkdaşlığına verdiyi tövhələr, 2009-cu ildə bu əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə yaradılan Türk Şurası haqqında danışıb. Onun sözlərinə görə, Şuranın Baş Katibliyinin Istanbulda yerləşməsi bu şəhərin türk dünyasının ən önəmli şəhəri olduğu anlamına gəlir. Dünya Türk Forumunun da məhz İstanbulda keçirilməsi də məhz ba baxımdan rəmzi bir məna daşıyır.
TürkPA-nın baş katibi Ramil Həsənov öz çıxışında bildirib ki, türk xalqları əməkdaşlığının parlamentlər diplomatiyasi formatında da inkişaf etdirmək zərurətindən doğan bu qurum 2008-də yaradılıb. Bu təşkilat türk dövlərlərində və xalqlar arasında dostluq və sülhü təmin etməklə hər sahədə işbirliyi həyata keçirilməsi üçün fəaliyyət göstərir. TürkPA dünyanın bir çox parlament birlikləri ilə əməkdaşlıq edir. Ramil Həsənov qurumun gələcək planlarından danışarkən Türkdilli ölkələrin parlamentlərindəki millət vəkillərinin Avropa dövlətləri, Rusioya və digər ölkələrin parlamentlərindəki türk əsilli deputatlarla bir araya gələrək ortaq müzakirələr aparması, birgə layihələr gerçəkləşdirməsini zəruri hesab etdiyini deyib. Onu fikrincə, bu cür ortaq lahiyələr türk xalqlarının və dövlətlərinin birliyinə böyük tövhələr verə bilər. O həmçinin bildirib ki, gələn ilin mart ayında Qazaxıstanda TürkPA-nın növbəti toplantısı keçiriləcək və müxtəlif sahələr üzrə alt komitələr yaradılacaq kiç bu da qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinə, daha səmərəli işlər görməyə imkan verəcək. Ramil Həsənov müxtəlif ölkələrdəki türk xalqlarının diasporlarının bu işlərə, layihələrə dəstək olacağına ümid etdiyini və nəticədə daha effektli fəaliyyət ortaya qoyulacağını bildirib.
Forumda DİDK-nin sədri Nazim İbrahimov da çıxış edib. O Türk dünyası üçün böyük əhəmiyyət daşıyan bu toplantının açılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonaqlara və iştirakçılara salamlarını çatdırıb. Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycan Türk dünyası arasında birliyin təmin olunmasına, əməkdaşlığın inkişaf etdirilməsinə hər zaman böyük önəm verib. Müstəqililyini bəpra etdikdən sonra Azərbaycan türk dünyası ilə bağlı keçirilən bütün beynəlxalq tədbirlərin ən fəal iştirakçılarından olub, eyni zamanda bu cür tədbirlərin təşəbbüskarı və təşkilatçısı qismində çıxış edib. Nazim İbrahimov bildirib ki, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantıları, Türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları və digər önəmli toplantılarda Azərbaycan da yaxından iştirak edib. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri də Azərbaycan və türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılmış addımlardır.Tədbirdə həmçinin Mardin Valisi Hasan Duruer, TBMM-nin millət vəkilləri Şenol Bal, Hüseyn Pazarçı, TBMM-nin Avropa Birliyinə inteqrasiya komissiyasının nümayəndəsi Yusif Ziya İrbeç, TÜRKSOY-un baş katibi Dussanbay Kasseinov, Kosovadan türk əsilli nazir (Çevrə bakanı) Mahir Yağcılar çıxış ediblər.
Qısa fasilədən sonra forum “Qlobal və regional problemlərin türk dünyasına təsiri” mövzusunda müzakirələrlə davam edir. Tədbir çərçivəsində “Türk dünyasında qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təşəkkül tapması önündəki problemlər”, “Türk mədəniyyəti” və digər mövzularda seminarlar da keçiriləcək. Forum sabah başa çatacaq.
|
|
|
|
|