7 noyabr 2010-cu il tarixdə keçiriləcək Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının bütün namizədləri kimi Şabran-Siyəzən seçki dairəsindən namizədliyi verilmiş Tahir Süleymanov da təbliğat-təşviqat kampaniyası başlanan gündən öz seçiciləri ilə sıx ünsiyyət qurur, təmsil etdiyi dairəni əhatə edən ərazidə görüşlərini uğurla davam etdirir.
Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı da bununla əlaqədar olaraq “Güclü dövlət, yüksək rifah naminə” şüarını rəhbər tutaraq öz namizədinin təbliğatını fəallıqla həyata keçirir.
Oktyabrın 21-də deputatlığa namizədin Siyəzən rayonun Zarat, Beşdam, Böyük Həmyə və Balaca Həmyə kəndlərində seçiciləri ilə görüşü olmuşdur. Tahir Süleymanov kəndlərdə əhali tərəfindən xoş münasibətlə qarşılanıb.
YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, rayon təşkilatı parlament seçkilərinə ciddi surətdə hazırlaşır və öz işini Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və partiyanın Mərkəzi Aparatının tövsiyələrinə uyğun şəkildə qurur. Bütün zəruri seçki prosedurlarını uğurla icra edən rayon təşkilatı hazırda partiyanın namizədinin uğur qazanması üçün geniş təşviqat kampaniyası həyata keçirir. Daha sonra Etibar Heydərov deputatlığa namizəd barədə geniş məlumat verərək, millət vəkili kimi Tahir Süleymanovun son beşillik fəaliyyətindən razı qaldığını bildirib. Təşkilat sədri onu da xüsusilə qeyd edib ki, Yeni Azərbaycan Partiyası indiyə qədər iştirak etdiyi bütün seçkilərdə inamlı qələbə qazanıb, bu seçkilərdə də partiyanın namizədinin uğurlu qələbəsinə inanır.
Görüşdə Tahir Süleymanov çıxış edərək bildirib ki, bu gün özünü doğma insanlar arasında çox yaxşı hiss edir, artıq üçüncü dəfə seçiciləri ona etimad göstərirlər. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanacağına əmindir. O,Yeni Azərbaycan Partiyasının namizədi kimi, seçicilərin etibarını, inamını, səsini qazanmağa çalışdığını, millət vəkili seçiləcəyi təqdirdə seçicilərin etimadını doğrultmağa var qüvvəsi ilə səy göstərəcəyini bildirib.
Daha sonra yerli sakinlərdən bir neçəsi söz alaraq, Tahir Süleymanova öz arzu və istəklərini bildiriblər.
Sakinlər kəndlərin bəzi məişət problemlərindən, qayğılarından da söz açıblar.
Milli Məclis üzvlüyünə namizəd sakinləri narahat edən bütün məsələləri diqqətlə dinləyərək tezliklə bu problemlərin həll olunması üçün köməklik göstərəcəyini bildirib. Onun yerli sakinlərə göstərdiyi diqqət və qayğı əhali tərəfindən rəğbətlə qarşılanıb.
|
|
|
|
|
|
|
|
|
|