Modern.az

“Seçicilərin seçki qərargahıma axını 17 saylı dairədən namizəd olmaqla düzgün seçim etdiyimi təsdiqləyir”

“Seçicilərin seçki qərargahıma axını 17 saylı dairədən namizəd olmaqla düzgün seçim etdiyimi təsdiqləyir”

Parlament

24 Oktyabr 2010, 15:39

“Seçicilərin seçki qərargahıma axını 17 saylı dairədən namizəd olmaqla düzgün seçim etdiyimi təsdiqləyir. Ümid edirəm ki, seçicilər noyabrın 7-də düzgün seçim etməklə mənə olan xoş münasibətlərini bir daha nümayiş etdirəcəklər”. Modern.az-ın məlumatına görə, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa müstəqil namizəd Ülvi Quliyev belə deyib.

 

 

Ü.Quliyev bildirib ki, özü, qohumları, yaxınlarının böyük əksəriyyəti və idman ictimaiyyətinin tanınmış nümayəndələri Yasamalda yaşayırlar: “Azərbaycan vətəndaşıyam və Azərbaycanın hər bir rayonu, kəndi mənə doğmadır. Bəzi namizədlər öz təbliğat işləri ilə məşgul olmaq əvəzinə mənim Yasamal dairəsindən namizəd olmağımdan danışırlar. Heç bir dairə kimsənin adına yazılmayıb, boyuna ölçülməyib. Nəsimi rayonu Amerika Yasamal isə Afrika deyil. Bunlar bir şəhərin iki qonşu rayonlarıdır. Millət vəkili bir dairədən seçilir. Amma bütün millətin vəkili olur. Mən ötən beş ildə Milli Məclisdə 21 saylı Nəsimi seçki dairəsinin seçicilərini təmsil etsəm də bütün millətin vəkili olmağa çalışmışam.

Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə deyilir ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Mən indiyədək gördüyüm işləri heç vaxt reklam etməmişəm, deputat kimi gördüyüm işləri də həmçinin. Bunu vəzifə və mənəvi borcum bilmişəm. Lakin canlı efirdə gördüyüm işlərdən danışmamağım heç də heç bir iş görməmək anlamına gəlmir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən quruculuq, abadlıq işləri Nəsimi rayonudan da yan ötməyib. Deputat olduğum 5 ildə Nəsimi rayonunda uşaq poliklnikası, idman məktəbi əsaslı təmir olunub, 9 məktəbdə yeni korpuslar tikilib, parklar yenidən qurulub. Bütün bu işlər o cümlədən deputat kimi mənim təşəbbüslərim əsasında həyata keçrilib.

Mən Milli Məclisin mühüm komitələrindən biri olan Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvüyəm. Üzvü olduğum komitədə 5 ildə Azərbaycan dövlətçiliyinin inkişafı, qanunvericilik bazasının yaradılması, əvvəllər qəbul olunan qanunların təkmilləşdirilməsi üçün mühüm qanun layihələri hazırlanıb və Milli Məclisdə qəbul olunub. Bura Konstitusiyada mühüm dəyişikliklər edilməsi ilə nəticələnən referendum haqda qanun layihəsi də daxildir.

Eyni zamanda, deputat olduğum dövrdə minlərlə seçicini qəbul etmişəm, yüzlərlə seçicinin problemlərinin həllinə yardımçı olmuşam.

Danışmaqdansa iş görmək lazımdır. Bəziləri yalnız populist çıxışlar edirlər. Lakin heç bir iş görmürlər. Mən isə fərqli insanam və hesab edirəm ki, əsas iş görməkdir. 5 il deputat kimi gördüyüm işlərə şübhəsi olanlar zəhmət çəkib 21 saylı Nəsimi seçki dairəsinin ərazisinə getsinlər necə işlədiyimi seçicilərdən soruşsunlar.

Yasamal rayonu ərazisində olan problemləri də dövlətimizin dəstəyi ilə tez bir zamanda həll edəcəyik.

Opponetlərimin mənim 17 saylı Yasamal seçki dairəsindən namzəd olmağımdan ciddi narahatlıq keçirirlər. Bu da səbəbsiz deyil və başa düşüləndir. Çünki onlar ciddi bir rəqiblə qarşılaşıblar və bunun fərqindədirlər. Rəqiblərim artıq heç bir şanslarının olmadığını anlayırlar. Onlar həm də Yasamal sakinlərinin mənə olan münasibətini yaxşı bilirlər.

17 saylı dairənin sakinləri böyük həvəslə mənə imza verdilər. Təbliğat-təşviqat mərhələsində keçirdiyim görüşlər, söhbətlər onu deməyə əsas verir ki, Yasamal sakinləri məni dəstəkləyirlər. Seçki qərargahıma gün ərzində yüzlərlə seçici gəlib dəstəkərini ifadə edirlər. Seçki qərargahımın qarşısında bir necə saatlıq müşahidə ilə bunu görmək olar. Bütün bunlar onu göstərir ki, seçimimdə yanılmamışam. 

 

Bir məsələni də vurğulamaq istərdim. 17 saylı Yasamal üçüncü secki dairəsindən deputatlığa namizədlər ötən gün İctimai Televiziyada canlı efirdə oldular. Orada bəzi namizədlər öz platformalarından danışmaqdansa, mənim niyə bu dairədən namizədliyimi irəli sürməyimi önə çəkdilər. Öz platformaların seçicilərə çatdırmaq əvəzinə dövlətimizin, hökumətimizin əleyhinə çıxışlar etdilər.

 

Açığını deyim, mən orada başqa məsələlərdən danışacaqdım. Acnaq onların heç bir əsası olmayan iddiaları, Azərbaycanda görülən işlərə çamur atmaları məni bir qədər fərqli danışmağa məcbur etdi.

 

Bilirsiniz, mən düşünürəm ki, hər şeydən öndə insanın vətəndaşlığı dayanır. Harada təhsil almaq, hansı vəzifədə işləmək bundan sonra gəlir. Şəxsən mən Ülvi Quliyev olaraq dövlətimizin, millətimizin, hökumətimizin maraqları olan yerdə öz maraqlarımı görmürəm. Bunu təsadüfən demirəm. Bir az düşünə bilənlər müstəqil Azərbaycanın inkişafının, dövlətçiliyimizin oturuşmasının məhz indiki hakimiyyələ bağlı olduğunu anlamalıdırlar. Çox təəssüf ki, mənim namizəd olduğum dairədən olan bəzi namizədlər bunu ya görə bimirlər, ya da görmək istəmirlər.

Ona görə də canlı yayımda mən daha çox dövlətimin, hökumətimin ünvanına səslənən əsassız ittihamlara cavab verməyi üstün tutdum. Mən seçki platformamda da bəyan etmişəm, indi də bir daha bildirirəm ki, hansı ictimai statusda olmağımdan asılı olmayaraq hər zaman müstəqil Azərbaycan dövlətçiliyinin, namizədi olduğum Yasamal seçicilərinin və xalqımın mövqeyində olacam, onların mənafeyindən çıxış edəcəm. Bu, hər zaman belə olub, indi də belədir, sabah da belə olacaq. Çünki bu mənim həyat seçimimdir

”.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı