Modern.az

Ömrün Savalan zirvəsi

Ömrün Savalan zirvəsi

23 Oktyabr 2015, 10:54

əməkdar jurnalist,
pedaqogika üzrə fəlsəfə doktoru,
“Tərəqqi” medalçısı

Uşaqlıq illərim indikindən çox fərqli idi. Əyləncəmiz məhdud, məşğuliyyətimiz kitab, qəzet, jurnal oxumaq, vaxtaşırı teatrlarda olmaq, günümüzü əsasən televiziya və radio qarşısında keçirmək idi. Xatırlayıram, milli radiomuzda yayımlanan, xüsusilə dövrünün ən populyar radio verilişlərindən olan, uşaqların sevimlisi “Biləyən” idi. Hər efirdə Savalan babanın: “Salam, mənim istəkli nəvələrim, nəticələrim” – sözlərini səbirsizliklə gözləyərdik. Bir bayrama çevrilərdi Savalan babanın gəlişi... Məzəli, maraqlı, eyni zamanda maarifpərvər bir veriliş idi. Biz çox şey öyrənərdik bu verilişlərdən. Şəxsən, bu verilişdən mən də faydalanardım. Illər keçdikdən sonra mənə məlum oldu ki, sən demə, bu verilişin müəllifi və redaktoru Rafiq Savalan imiş. Hətta öz təxəllüsünü belə həmin verilişə verib. Əslində, bu günün prizmasından baxdıqda Rafiq müəllimin bu ad seçimi çox cəsarətli və uzaqgörən bir hərəkət olub. Savalan dağının Cənubi Azərbaycanda yerləşməsinə nəzər yetirsək,mənim nə demək istədiyimi anlamaq zənnimcə, çətin deyildir.  


Rafiq Savalan haqqında mənim əzizim, tanınmış jurnalist, ədliyyə polkovniki, mərhum Eldar Sayadlıdan (Eyvazov) çox eşitmişdim. Onunla tanış olmağa çalışırdım. Amma heç cür şərait alınmırdı...

1992-ci ildə M.Müşfiqin əmisi oğlu, tanınmış el şairi Yunis Dağlının 60 illik Yubiley gecəsində tale mənə Rafiq Savalanla tanış olmaq fürsəti verdi. Orta boylu, ciddi, çox qəribə səsli, simasında nur və təbəssüm olan bu gözəl insanla yaxından tanış oldum. Bu münasibət indiyə qədər davam etməkdədir.

Həyatımda çox insanla ünsiyyətdə olmuşam. Bu sırada Rafiq Savalanın xüsusi yeri vardır. Öz ağayanalığı, həmişə şux qaməti, heç bir zaman heç kimdən, heç nədən şikayətlənməyən, asta, ustup yerişi ilə diqqət çəkən, ləyaqətli, yüksək mədəniyyətli, mərifətli, əxlaqlı, çox arif, aqil və aydın bir şəxsiyyət olan Rafiq müəllim həm də çox gözəl, maraqlı həmsöhbətdir. Bu insan sanki coşğun, tükənməyən bulaq kimidir. Hərtərəfli bilik sahibi olmaqla ona ünvanlanan bütün suallara dəqiq və məntiqli cavab verir, bəzən həmsöhbətlərini heyrətə və təəccübə gətirir. Onda məni daha çox sevdirən cəhət Rafiq müəllimin ədalətli, hazırcavab və bir üzlü olması, kimsənin arxasınca danışmayan, qeybət etməyən, sözü çəkinmədən üzə deyən bütöv bir şəxsiyyət olmasıdır. O, mərdliyi, cəsarəti ilə həmişə fərqlənib. Ünsiyyətdə olduğum bu 23 ildə bir dəfə də olsun bu böyük qəlbli insandan incimədim, hər zaman hörmət, diqqət və qayğı gördüm. Sadəliyi, səmimiliyi ilə daim fərqlənən Rafiq müəllim böyük və ya kiçik olsun fərq qoymadan  hamı ilə salamlaşır, hal-əhval tutur. Zahiri siması ilə ciddi, sərt xarakter təsiri bağışlayan Rafiq müəllim əslində çox kövrək, ürəyiyumşaq, gülərüz, xeyirxah bir insandır. Deyəsən, leksikonumda nə xoş sözlər var, hamısını Rafiq müəllimə şamil etdim. Amma, mən nə edə bilərəm ki, Allah – təala bu gözəl insanı xəlq eləyəndə bu yüksək insani keyfiyyətləri məhz Rafiq müəllimə əta eləyib. Şükür sənə ey böyük yaradan. Nə gözəl ki, xəlq elədiklərinin içərisində məhz Rafiq Savalan kimi xoş xasiyyətli, rəftarlı, ədəb - ərkanlı, Allaha daim şükür edən, əsl iman əhli olan bir insan da var. Rafiq müəllim iman, ibadət əhlidir. Oruc tutur, namaz qılır. Müqəddəs Həcc ziyarətində olmağı da Allah  - təala bu sabitqədəm, nəcib insana bəxş edib. Məncə, Hacı Rafiq bu böyük, qüdrətli yaradanın ən sevimli bəndələrindəndir, deyilmi?

Rafiq Savalan çox dəyərli ziyalıdır, sözün əsl lüğəti mənasında. Çox çalışqanlığı, daim mütaliəsi, biliklərini artırması ilə daim diqqət çəkir.

Məncə, bu yerdə Rafiq müəlimin həyat bioqrafiyasına baş vurmaq yerinə düşür:

Görkəmli nasir, yazıçı – publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Könüllülər Kitabxana İctimai Birliyinin üzvü Ağayev Rafiq İmanqulu oğlu 75 il öncə, 1940-cı il dekabr ayının 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. Ibtidai təhsilini Bakıda alan Rafiq müəllim tam orta təhsilini Neftçala rayonunda başa vurub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra, 1964-cü il oktyabrın 15-də “Araz” radio stansiyası fəaliyyətə başladığı gündən Azərbaycan radiosunda işləyib. Xəbərlər redaksiyasında müxbir, redaktor, böyük redaktor, beynəlxalq şərhçi, “Arı” satirik radio jurnalının redaktoru, 1975-ci ildən 1990-cı ilin əvvəlinədək isə radionun  “Uşaqlar üçün proqramlar” baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb. Bir müddət AzTV-nin ən baxımlı verilişlərindən olan “Səhər” musiqili – informasiya proqramında baş redaktorun müavini kimi fəaliyyət göstərib.

1971-ci ildə bir neçə həmkarı ilə birlikdə Sovet İKP-nin Moskvada keçirilən 24-cü qurultayının işini, qurultayda H.Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin fəaliyyətini yüksək operativliklə işıqlandırdıqlarına görə kollektivlə birlikdə “Qızıl qələm” mükafatına layiq görülüb. 1986-cı ildə ekologiya ilə bağlı uşaq pyeslərinin Respublika müsabiqəsinin mükafatçısı olub.



Ədəbi fəaliyyətə 60-cı illərdən başlayan Rafiq Savalan qısa zaman ərzində hekayələri, felyetonları, publisistik yazıları, tərcümələri ilə dövri mətbuatda çıxış edib. Uşaqlar üçün iki kitabın – “Nigarın nağılları”, “Ağ qızılın nağılı” adlı kitabların, onlarca radiotamaşanın və yüzlərlə maraqlı verilişin müəllifidir. Rafiq Savalan  Azərbaycan radiosu və televiziyasına bəxş etdiyi və hələ də yaşamaqda olan Savalan baba obrazının yaradıcısıdır.

Bədii və elmi əsərlərin dilimizə tərcüməsi sahəsində Rafiq Savalanın xidmətləri daha böyükdür. O, L.N.Tolstoyun səksəninci illərin əvvəllərində “Yazıçı” nəşriyyatının buraxdığı 14 cildliyinin 11 və 14-cü cildlərində toplanmış əsərlərini, A.P.Çexovun “İvanov” pyesini, V.V.Ovçinnikovun “Palıd kökləri”  adlı məşhur kitabını, A.Dudarevin “Astana”, Ş.Başbəyovun “Ağ atlar üçün vals” pyeslərini, “1860-1880-ci illər rus jurnalistikası tarixi”ni, F.Məmmədovun “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” adlı monoqrafiyasını, İqrar Əliyevin “Qarabağ məsələsi” kitabını yüksək keyfiyyətlə Azərbaycan dilinə çevirib. Bu onun peşəkar və kamil tərcüməçi olmağından xəbər verir.

Azərbaycan televiziyasının Qızıl fondunda Rafiq Savalanın tərcümə edib səhnələşdirdiyi beş iri həcmli tamaşa saxlanılır və yeri gəldikcə efirə verilir. O, tarixi mövzuda 100-dən çox bədii filmin (4 serialın) redaktorudur. Söz düzümünü edib, redaktoru olub, filmlərdə səslənən şeirləri Azərbaycan dilinə çevirib. 60-dan artıq telefilmin, 100-ə qədər cizgi filminin redaktorluğu ilə yanaşı, həm də dublyaj rejissoru olub. 22 seriyalı “İmam Əli” və 29 seriyalı “İmam Rza” filmlərinin dublyajına başçılıq edib. “Dağlı çörəyi” filminin müəllifi olub. Ilahi, bu enerjiyə, potensiala əhsən deməkdən başqa söz tapa bilmirəm.

Rafiq Savalan Vətənini, elini, obasını, torpağını sevən əsl fədai, vətənpərvər övladlardan biridir. Dövlətinə, xalqına, dövlətçiliyə, iqtidara bağlı olduğundan həyat amalını daim mübarizlikdə, Vətənini qorumaqda görüb. Ölkəmizdə milli azadlıq hərəkatının fəal iştirakçılarından olan Rafiq Savalan 1990-cı il yanvarın 19-da işğalçı sovet qoşunlarının Azərbaycan televiziyasının enerji blokunu partlatdıqları zaman təxribatların daha geniş miqyas almasına mane olmuş cəsarətli, qorxmaz vətənpərvərlərdən biridir. O, qanlı yanvardan üç gün sonra Azərbaycan SSR Ali Sovetinin səhərə qədər davam edən fövqəladə sessiyasında ictimaiyyətin nümayəndəsi kimi iştirak etmiş, deputatların təklifi ilə redaksiya heyətinə seçilmişdir. Həmin axşam deputat, Azərbaycan Yazıçılar İttifaqının sədri Anar və Rafiq Savalan dünya xalqlarına, dünya parlamentlərinə müraciətin rus dilində mətnini yazıb, yaymışlar.

1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə R.Savalan işğalçı qoşunların rəhbərliyi tərəfindən 2 nəfər həmkarı ilə birlikdə (xalq artisti V.Babayev və rejissor A.Zamanlı) həbs edilərək, Ulyanovsk həbsxanasına göndərilib. Ictimaiyyətin, xüsusən də televiziya və radio işçilərinin, bütövlükdə, jurnalistlərin tələbi, habelə  Ulyanovskda yaşayan azərbaycanlıların böyük səyi ilə R.Savalan, V.Babayev və A.Zamanlı azad edilərək Ulyanovskda yaşayan həmyerlilərimizin kirayələrək Bakıdan gətirdikləri təyyarə ilə vətənə qayıdıblar.

Bu hadisə onun şücaətindən, mərdliyindən, əsl Vətən oğlu olduğundan xəbər verir. Hacı Rafiqin həyat devizi məhz vahid, bütöv Azərbaycan, azərbaycançılıq məfkurəsi olmuşdur. O, doğma respublikamızın bütöv bölgələrini eyni gözdə görür, sevir, vəsf  edir.

H.R.Savalan 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması mərasiminə dövlət televiziyasından dəvət olunmuş qonaqların tərkibində olub (teleşirkətin xarici əlaqələr və kommersiya mərkəzinin direktoru kimi). O, 1994-cü ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin İran İslam Respublikasında ilk dövlət səfərində nümayəndə heyətinin üzvü kimi iştirak edib, Tehranda İran nümayəndələri ilə birlikdə iki ölkə televiziyalarının əməkdaşlığına dair müqavilənin imzaladıqlaıı mərasimdə R.Savalan da iştirak edib, öz töhfəsini verib.

75 yaşını qeyd etməyə hazırlaşan H.R.Savalan 51 ildir ki, Azərbaycan Teleradio Verilişləri QSC-də işləyir, 2006-cı ildə yaradılmış efirqabağı komissiyanın 4 üzvündən biridir. O, ağır cərrahiyyə əməliyyat keçirməsinə, səhhətində ciddi problemlərin olmasına baxmayaraq, sevdiyi doğma kollektivdən ayrılmır, Azərbaycan televiziyası ilə efirə gedən verilişlərin keyfiyyətinin yaxşılaşdırılmasında, gənc əməkdaşların peşəkarlığının yüksəldilməsi işində əlindən gələni əsirgəmir. O, bunu özünün mənəvi borcu hesab edir.

Hacı Rafiq Savalanın mənalı, parlaq, həsəd aparılası ömür yolu bu günki gənclər üçün əsl həyat məktəbi, örnəkdir. Ömrünün bu müdrik çağında belə o, əvvəlki tək gənclik eşqi ilə, gənclik təravəti ilə yaşayıb – yaradır...

Heç də hər bir insana sözün əsl mənasında ağsaqqal olmaq, ustad adını daşımaq nəsib olmur. Hacı Rafiq Savalan isə bunu qazanıb, dərin hörmət və izzət sahibidir.

Bu günlər ədəbi – mədəni, elmi ictimaiyyət, mətbuat və jurnalistika aləmi bu böyük qəlbli insanın, bütöv şəxsiyyətin, yazıçı – publisist, tərcüməçi və ustad sənətkarın 75 illiyini xüsusi məhəbbətlə qeyd etməyə hazırlaşır.

Bu yazını ərsəyə gətirən jurnalist də öz qələm dostunun, ustadının 75 illik yubileyinin respublika səviyyəsində təntənə ilə qeyd olunmasına böyük ümidlər bəsləyir.

İnanıram ki, qarşıdan Milli Radiomuzun 90, Milli Televiziyamızın 60 illiyinin keçiriləcəyi bir zamanda ömrünün, həyatının 51 ilini bu doğma ocağa həsr edən, bu qurumun eləcə də jurnalistikamızın sənət sütunlarından birinə çevrilən  və bu yolda əzmlə addımlayan bu sənət fədaisinin, ustad sənətkarın əməyi, sənəti dövlət tərəfindən layiqincə qiymətləndiriləcəkdir.

Mənə isə bu ölməz, təmənnasız Vətən oğluna, səmimi, gözəl, nəcib, xeyirxah, humanist insana, nurlu şəxsiyyətə və dəyərli ziyalıya, ölməz ustada 75 illik şanlı yubileyini təbrik edir, ona uzun ömür, can sağlığı, yeni – yeni  sənət uğurları arzulayıram.

Siz xoşbəxt və bəxtiyar bir insansınız, Rafiq müəllim! Bu yerdə ölməz şairimiz Mikayıl Müşfiqin aşağıdakı misraları yerinə düşür:

Xəlqilə titrəyən, xəlqilə gülən,
Vətənçin yaşayan, Vətənçin ölən
Səmimi bir insan nə bəxtiyardır.

Bilirəm ki, Siz də bu günlərdə üzünüzü sənət dostlarınıza, qələm yoldaşlarınıza, doğmalarınıza, əzizlərinizə, dost-tanışlarınıza tutub Xalq şairi, İstiqlal carçısı Süleyman Rüstəmin təbiri ilə deyəcəksiz:

İllər öz işini görsə də nə qəm,
Yorulmaz yolçusu bu uzun yolun.
Bilirəm titrəməz əlimdə qələm,
Siz Hacı Rafiqdən arxayın olun.

Qocalıq sözü – yaraşmır mənə,
Jurnalist adından, canından pozun.
Sizinlə əl - ələ yoldayam yenə,
Beşliyi yeddinin yanından pozun.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı