Modern.az

“XXI əsrin adamı” - “Mercedes-də, BMV-də gəzirlər, amma Məşədi İbad təfəkkürlüdürlər” - MÜSAHİBƏ

“XXI əsrin adamı” - “Mercedes-də, BMV-də gəzirlər, amma Məşədi İbad təfəkkürlüdürlər” - MÜSAHİBƏ

Müsahibə

30 Oktyabr 2015, 16:43

Ərəstun Oruclu: “İnkişaf etmək üçün özümüzü yaxşılarla müqayisə etməliyik” 

 
“Çağdaş Azərbaycan yazıçılarından heç birini oxuya bilmirəm”
 

Modern.az saytının çağdaş dövr və cəmiyyətin problemlərinə həsr etdiyi “XXI əsrin adamı” layihəsinin budəfəki qonağı “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, politoloq Ərəstun Orucludur:

- XXI əsrin Azərbaycan cəmiyyətini necə xarakterizə edərdiniz? Dünyanın bir çox ölkələri ilə müqayisədə bizdə nə çatışmır? 

- Bugünkü Azərbaycan cəmiyyəti XXI əsrin cəmiyyəti deyil. Çünki bu əsrin tələblərinə cavab vermir. XXI əsrin cəmiyyəti texnoloji cəmiyyətdir. Texnoloji yeniliklərin, texnoloji proseslərin dominantlıq təşkil etdiyi, iqtisadi münasibətlərin getdikcə inkişaf etdiyi bir cəmiyyətdir. Azərbaycanda isə bunların əksini görürük. Təbii ki, texnoloji inkişaf müəyyən qədər var. Amma müasir texnologiyaların ölkə iqtisadiyyatının müxtəlif sahələrinə tətbiqində geriləmə var. Ən ciddi geriləmə isə təbii ki, ictimai şüurdadır. Bunun da səbəbləri var: Azərbaycanda təhsil sistemi acınacaqlı səviyyədədir. O, nəinki modernləşməyib, hətta sovet dövründəki səviyyəsindən də aşağı düşüb. Çox təəssüf ki, bu geriləmə hələ də davam edir. Belə olan surətdə texnoloji yeniliklər tətbiq oluna bilmir və tətbiq olunsa da, belə heç bir fayda verməyəcək. Vaxtilə Çində də belə bur hal yaşanıb. Texnoloji yeniliklər sürətlə tətbiq edildi. Amma sonradan müəyyənləşdi ki, Çin cəmiyyətindəki ictimai şüur texnoloji yeniliklərdən geri qalır. Son nəticədə də bu dövlətin, cəmiyyətin uğursuzluğuna gətirib çıxardı. Deməli, bütün bunlar paralel getməlidir. Məsələn, bu gün televiziya kanalları həmin texnoloji yeniliklərin tətbiqi ilə bağlı maarifləndirmə proqramları yayımlasalar, çox yaxşı olar. Amma təbii ki, belə deyil. Azərbaycanda üç mobil operator fəaliyyət göstərir. Amma paytaxtdan kənara çıxan kimi onlardakı problemləri dərhal hiss edə bilirsən. Təbii, bu gün elə ölkələr var ki, onlar Azərbaycandan qat-qat aşağı səviyyədə inkişaf ediblər. Elə cəmiyyətlər var ki, onlarda XII-XIV əsrdəki vətəndaş münasibətləri hələ də hökm sürür. Biz isə inkişaf etmək üçün özümüzü yaxşılarla müqayisə etməliyik. Bunun üçün bizdə resurslar və yüksək əmək qabiliyyəti olan insanlar da var. Amma ölkənin iqtisadiyyatının əsasını təşkil edən enerji daşıyıcıları bu gün 3-5 il bundan qabaqkı kimi aktual deyil. Bu həm tələbat, həm də qiymət baxımından aşağı düşüb. Digər tərəfdən, hakimiyyət və menecment idarəetməsi baxımından dəyişikliklər getmədi. Deyərdim ki, mərkəzləşmə, mühafizəkarlaşma üstünlük təşkil etdi. Bu da bizdə çatışmayan cəhətdir.

- Sizcə, XXI əsrin Azərbaycan cəmiyyətində intellektin, intellektual fərdin sürətlə təklənmə prosesi hiss olunur?

- Əlbəttə! Amma xoşbəxtlikdən bir pozitiv tendensiya da var: intellektual fərdə cəmiyyətdə neqativ baxılmır. Hətta bu göstəricilərə malik olmayan insanlar intellektləri qısqanclıqla, nifrətlə qəbul etmir. Əksinə, onlardan nəsə umur, həyatın dəyişikliyi üçün ideyalar gözləyir. Bu, yaxşı tendensiyadır. Deməli, intellektual kəsimlə digər kəsimlərin ünsiyyəti alına bilər.Təbii ki, biz intellektual və psevdo-intellektual məsələlərini ayıra bilərik. İstənilən cəmiyyətdə olduğu kimi, bizdə də psevdo-intellektuallar var. Onlar bir-iki kitab oxuyub, beş-on termin əzbərləyəndən sonra özünü cəmiyyətə intellektual şəxs kimi təqdim edir. Çox təəssüf ki, bir çox hallarda belələri cəmiyyət tərəfindən intellektual şəxs kimi qəbul olunur. Bu təhlükəlidir.

- Bizim cəmiyyət 1906-cı ildə işıq üzü görən “Molla Nəsrəddin” jurnalının səhifələrindən uzağa gedə bilibmi? Yoxsa, bu gün hələ də orada yaşayırıq?

- Deyərdim ki, hələ tam çıxa bilməyib. Bizim cəmiyyətimiz bu gün Üzeyir bəyin Məşədi İbadından da çox uzağa gedə bilməyib. Bu gün bizim cəmiyyətdə məşədi ibadlar, hacı qaralar, qoçu əsgərlər kifayət qədərdir. Burada forma dəyişikliyi var, məzmun isə eyni olaraq qalır. Məsələn, indikilər Məşədi İbad kimi əbada, çuxada deyil, kostyum-qalstukda, “Mercedes”, “BMV”də gəzirlər. Amma təfəkkürləri Məşədi İbad təfəkkürüdür. Deməzdim ki, “Molla Nəsrəddin”in səhifələrindən heç çıxmamışıq. Təbii, çıxmışıq. Amma çox uzağa gedə bilməmişik.

- Fikrinizcə, bu gün tipik Azərbaycan gəncinin düşüncəsi, təfəkkürü üçün nələr, yaxud kimlər kütləvi qırğın silahı rolunu nə oynayır?

- Gənclərin təfəkkürü üçün bu gün ən böyük təhlükə yanlış ideologiyalardır. Məsələn, sovet ateizmindən sonra insanların dinə münasibəti yaxşılaşdı. Amma təhsilin zəif olması səbəbindən burada müxtəlif spekulyasiların şahidi oluruq. Görürük ki, iman adı ilə gənclərə müxtəlif siyasi, dini ideologiyalar təbliğ olunur. Fikrimcə, ən təhlükəli kütləvi qırğın silahı budur. Bu baxımdan da “kimlər” sualına cavab versək, həmin bu silahı gənclərə aşılayanları göstərə bilərik. Bu yanlış ideyaları gənclərə aşılayan şəxslər ən təhlükəlidir. “Kütləvi qırğın silahları” ifadəsini fiziki, həqiqi anlamda götürsək, deyə bilərik ki, onlar, məsələn, nüvə silahı, hidrogen bombası çox güclü nəzarət altındadır. Bu gün onların istifadə olunma ehtimalı İŞİD kimi kütləvi qırğın silahının istifadə olunma ehtimalından daha azdır. Onun qarşısını almaq olur, amma bunun yox. Ən təhlükəli ideologiyalar radikal, aşırı ideologiyalardır. İstər aşırı dinçilik, istər aşırı millətçilik olsun, fərqi yoxdur. XXI əsrdəki kütləvi qırğın silahının, XX əsrdəki eyni təyinatlı silahdan fərqi odur ki, onları insanın cismi yox, şüuru məhvinə yönəldirlər.

- Şou-biznes və bəzi televiziya proqramları Azərbaycan cəmiyyəti üçün  kütləvi qırğın silahı rolunu oynaya bilir?

- Media və televiziya özünün əsas funksiyası olan ictimai maarifləndirməni kənara atıb. Hətta dağıdıcı müstəviyə keçib və bu istiqamətdə fəaliyyət göstərir. Şou-biznes adı altında aşağı əyarlı, incəsənətə heç bir dəxli olmayan musiqilərin insanların beyinlərinə yeridilməsi cəhalət yaymağın başqa bir formasıdır.

- Bəşəriyyət bir çox tarixi inkişaf mərhələsi keçib. Sualım ondan ibarətdir ki, XXI əsrdə sırf quldarlıq quruluşunun stereotipləri ilə düşünəndə həmin cəmiyyət nəyi itirər?

- Hər şeyi itirər (gülür). Nəyi itirməz ki?!  İlk növbədə insan azadlığını. İnsanın yaradıcılığı, bir resurs kimi özünü formalaşdırması və cəmiyyətə yararlı fərd kimi yetişməsi onun azadlığından keçir. Bir fundamental dəyər var - azadlıq. Əgər azadlıq yoxdursa, deməli, bunların heç birisi yoxdur. Qul psixologiyasının aşılanması hər şeyin itirilməsi deməkdir

- Elm və sənət həm fərdi, həm də cəmiyyəti ayaqda saxlayan  iki qoşa qanaddır. Bu gün hansı qanadımız daha axsaqdır?

- Azərbaycanda elm yalnız anlayış olaraq mövcuddur. Son 20-25 ildə Azərbaycanda hər hansı elmi yeniliyin, elmi kəşfin şahidi olmamışam. Əksər hallarda dissertasiyaların mövzularını eşidəndə bilmirsən ki, güləsən, ya ağlayasan. Bu gün professorlar, akademiklər televiziyada, ya haradasa çıxış edəndə onların fikirləri acı bir kinayə yaradır. 30 il bundan əvvəl elm adamları çox fərqli görünürdülər. Tipajlar da tamamilə fərqlidir.  Bu fikri eynilə sənət adamları haqqında da demək olar. Yazıçılar, bəstəkarlar, yaradıcı adamlar, eləcə də alimlər hər bir cəmiyyətin təkcə elmi-mədəni yox, həm də ictimai-siyasi baxımdan aparıcı qüvvəsidir. Tarixdə də bunun nümunəsini görmüşük. Bizdə çatışmayan amillərdən biri budur. Əgər bir ölkədə tanınmış sənətçi yaltaqlığı aşılayırsa, onun olmaması daha yaxşıdır. 



- Bir qədər də mədəniyyət haqqında danışaq. Bu gün bizdə hansı yoxdur: mədəniyyət
in özü, yoxsa mədəniyyətin dərki?

- Bunların hər ikisi paralel nkişaf etməlidir. Əgər bir cəmiyyətdə mədəniyyət varsa, lakin onu dərk edən toplum yoxdursa, onda həmin mədəniyyət özünün tətbiqi üçün həmin insanların yetişməsini gözləməlidir. Klassik Avropa rəssamlarının çoxu, məsələn, Van Qoq sağlığında o qədər dəyər qazanmayıblar. Öz çəkdikləri rəsmləri adi gündəlik qida almaq üçün sata bilməyiblər. Zaman keçdi və həmin əsərlər öz həqiqi dəyərini tapdı. Amma daha pis hal onda olar ki, mədəniyyəti dərk edən kütlə olar, amma həmin kütlə üçün mədəniyyət nümunələri yaranmaya. Məsələn, Azərbaycan cəmiyyətində bu gün durum belədir. Bizim cəmiyyətin müəyyən bir hissəsi sağlam mədəni nümunələrə ehtiyac duyur. İstər teatr, istər rəssamlıq, ədəbiyyat,  istər musiqi sahəsində bu ehtiyac özünü hiss etdirir. Odur ki, bunların hər ikisi bir-birini tamamlamalıdır. Eynilə iqtisadiyyatda olduğu kimi tələb-təklif mexanizmi işlək olmalıdır. Tələb varsa, təklif işləyəcək.

- Eyni sualı ədəbiyyat haqqında verək. Ümumiyyətlə, kimləri oxuyursunuz?

- Bu başdan deyim ki, mənim poeziyaya heç vaxt marağım olmayıb. Çox nadir hallarda hansısa poeziya nümunəsini oxumuşam. Ziddiyyətli səslənsə belə, bir fikir də demək istərdim. Bu, bəlkə də etirazlara səbəb olacaq. Hesab edirəm ki, şeirə, poeziyaya pərəstiş cəmiyyət üçün təhlükəlidir. Şeirə bağlı cəmiyyət inkişafdan qalır. Əminəm ki, belədir. Nəsrə gəlincə, bu gün bayaq dediyim uzlaşmamaq problemi var. Mən çağdaş Azərbaycan yazıçılarından heç birini oxuya bilmirəm. Cəhd etmişəm, amma oxuya bilməmişəm. Ona görə ki, adicə leksikonda, cümlə quruluşunda səhvlər görəndə, həmin əsəri oxuya bilmirəm. Yazıçının səviyyəsi oxucunun səviyyəsindən yüksəkdə durmalıdır ki, onu istiqamətləndirə bilsin. Əgər bu gün yazıçıların ortaya qoyduğu nümunələr əsasən bazar iqtisadiyyatı ilə ayaqlaşmağa cəhd edirsə, o artıq əsər deyil satılan maldır. Ədəbiyyat, incəsənət nümunələri bazarda satılacaq mal səviyyəsinə düşəndə artıq öz missiyasını yerinə yetirə bilməyəcək. Buna görə də mən ancaq klassikləri oxuyuram. Elə əsər var ki, ona bir neçə dəfə qayıdıram. Məsələn, Ordubadi, Çəmənzəminlini oxuyuram. 1970-ci illərdə yazılan əsərlərə başqa müstəvidən yanaşıram. Məsələn, Mirzə İbrahimovun əsərlərini sosialist-realizmini görmək üçün mütaliə edirəm. Rus ədəbiyyatında da yalnız klassikləri oxuyuram. Modern rus ədəbiyyatından demək olar heç nə oxumuram. Ona görə ki, indikilərin yazdıqları elə bizim yazarların yazdıqları səviyyədədir. Klassik rus ədəbiyyatında ən çox sevdiyim yazarlardan biri Mixayil Bulqakovdur. Çünki onun yazdıqları başdan ayağa mesajlardır. “Master və Marqarita”nı, “İt ürəyi”ni, “Ağ qvardiya”nı  götürsək görərik ki, hamısı başdan-ayağa mesajlardır. Ən paradoksal məsələ odur ki, həmin mövcud bolşevik rejimini istehza atəşinə tutan, çox aşağılayan Bulqakov diktator Stalin tərəfindən sevilən-seçilən yazıçılardan idi. Məncə, bunun özü təsadüfi deyil. Bir də Əkrəm Əylislinin “Daş yuxuları”nı oxumuşam...

- Maraqlıdır, həmin qalmaqallı əsər barəsində fikriniz necədir?

- Bu barədə yazıb fikirlərimi bildirmişəm. Yazıçıya cavab olaraq ölkədə ən birinci məqaləni mən yazmışam. Etnik nifrət və etnik natamamlıq kompleksi var və mən o əsəri tənqid etmişəm. Tənqid etik çərçivədə olub. Sonra Əkrəm müəllimin özü ilə qarşılaşdım və ətraflı bu barədə danışdıq. Düşünürəm ki, o, haqsızlıq və ədalətsizlik edib. Amma ona qarşı olan təpkilər absurd idi. Mən bunu qətiyyətlə rədd edirəm. Bu, Azərbaycan xalqına başucalığı gətirən aksiyalar deyildi. Bilmirəm, onu kimlər və niyə təşkil etmişdi. İstənilən yazıçının cavabı ağıllı sözlə verilməlidir, küçə söyüşü ilə, təhqirlə yox. Bu artıq keçmişdə qalıb. “Daş yuxular”a cavab olaraq kitabların yandırılması isə məndə çox dərin çöküntü yaratdı. Çünki sonuncu bu cür aksiyanı vaxtilə 1930-cu illərdə Almaniyada faşistlər həyata keçirib. Adını xatırlamadığım bir yazıçı deyib ki, kitablar yandırılan ölkədə sonra insanları yandırırlar. Ona görə də bu tip etirazları qəbul etmirəm.

- Elm, sənət və ədəbiyyat üçlüyündən daha çox danışdıq. Həmin sahələrə aid olan qurumların – Elmlər Akademiyasının, Yazıçılar Birliyinin və Konservatoriyanın fəaliyyəti haqqında nə demək olar? 

- Elmlər Akademiyası SSRİ-dən qalma bir qurumdur. Modeli də SSRİ-yə aid olan modeldir. Özü də SSRİ-nin heç 1970-ci illər modeli də yox, 1950-ci illər modelidir. AMEA-nın sabiq prezidenti Eldar Salayev həbs olunan zaman sonrakı prezident Mahmud Kərimov cəmiyyətə müraciət ünvanlayıb mətbuatda yaydı ki, Salayevi müdafiə etməsinlər. Mən o zaman iki hadisəni xatırladım: Biri Adölf Hitlerin faşist Almaniyasında hakimiyyətə gəlməsindən sonra Albert Eynşteyni yəhudi olması və faşizmə qarşı mübarizə aparmasına görə Almaniya Elmlər Akademiyasından azad etmək istəməsidir. Lakin o zaman alman alimlər Hitlerin bu arzusunu ürəyində qoydular. Sonradan Hitler səlahiyyəti olmasa da, onu akademiyadan uzaqlaşdırdı. Digər bir nümunə isə akademik Andrey Saxarovun Brejnyev hökuməti tərəfindən akademiyanın həqiqi üzvlüyündən mərhum edilmə cəhdləridir. O zaman SSRİ Elmlər Akademiyasının prezidenti S. Seldiş yuxarıdakı nümunəni rəyasət heyətinin diqqətinə çatdırdı və akademik Saxarov akademiyada qaldı. Mən də istərdim ki, əgər akademiya varsa, onun başında S.Seldiş qədər olmasa da, o tipli bir insan olaydı. Amma çox təəssüf ki, bu yoxdur. Akademiklərin də çıxışlarını görürük. Məsələn, etirazı olarsa, etiraz edə bilər və mən də bunu cavablandırmağa hazıram. AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun çıxışları məndə dərin təəssüflər doğurur. Əli İnsanovu rəyasət heyəti yekdilliklə həqiqi üzvlükdən xaric etdi. Doğurdanmı, hər şey bu dərəcədə idealdırmı, nəyəsə etiraz edən akademik yoxdur? İdeal deyil axı. Əgər ideal olsaydı, biz sizinlə bu dəqiqə bunları müzakirə etməzdik.

Yazıçılar Birliyinə gəldikdə, mənə elə gəlir ki, o quruma o qədər də ehtiyac yoxdur. Yazıçı kitabında, əsərində əks etdirdiyi fikirlərlə, obrazlarla, mahiyyətlə oxucu ilə birbaşa əlaqə qurur. Belə olan surətdə birliyə nə ehtiyac var? Tolstoy dönəmində yazıçılar birliyi var idimi? Mən buna ehtiyac duymuram. Sənət idarə olunmamlıdır. Bayaq mən Stalinlə Bulqakov arasındakı nümunəni boşuna işlətmədim. Stalin kimi bir tiran Bulqakovun bolşevik rejiminə yazdığı parodiyalara dözümlü yanaşırdı. “İt ürəyi” adlı əsərində zibillik itindən müxtəlif tibbi prosesdən sonra düzələn insanı bolşevikə çevirir. Məntiqlə Stalin onu güllələməli idi. Amma o, bunu etmir, müalicəsinə qayğı göstərir, zəng edir özü onunla danışır. Halbuki Bulqakovun “Ağ qvardiya”, eləcə də “Master və Marqarita” əsərləri Brejnyev dövründə qadağan edilib. Bulqakov kimi yazıçıya yazıçılar ittifaqı nəyə lazımdır ki?

Konservatoriya isə təhsil müəssisəsi kimi çox vacibdir. Azərbaycan müsəlman şərqində simfonik Qərb musiqisini  öz milli musiqisinə çevirən ölkələrdən birincisi olub. Bu istiqamətdə bizim nəhəngimiz təbii ki, Üzeyir bəydir. Amma Niyazi və Soltan Hacıbəyovlar kölgədə qalıb. Bu iki şəxsin simfonik musiqiləri də çox mükəmməldir. Üzeyir Hacıbəyovun “Koroğlu”, “Leyli və Məcnun” əsərləri çox millidir. Bunlarla özünü dünyaya təqdim etmək daha məhduddur. Soltan Hacıbəyovun “Karvan” simfoniyası və Niyazinin “Şur” simfonik muğamı isə daha genişmiqyaslı musiqilərdir. Bu əsərlərdə Avropa musiqisi ilə milli musiqi sintez olunub. Bu məktəb çox vacibdir. Bura olmasa idi Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun davamçıları olmazdı. Amma burada da müəyyən qədər boşluqlar var. Bu gün hansı adamlar özlərini bəstəkar kimi təqdim edirlər?.. Konservatoriya da peşəkar musiqiçi kadrlar yetişdirə-yetişdirə bu boşluğu aradan qaldırmalıdır.

- XXI əsrin Azərbaycan cəmiyyətinə nə arzu edərdiniz?

- Oxumalıyıq! Uşaqlarımıza bələkdən ölümə qədər oxumağı öyrətməliyik. Oxumayan cəmiyyətin sonu yoxdur. Həm hakim zümrə, həm iqtisadi elita bu gün bütün gücünü təhsilə yönəltməlidir. Təhsil olacaqsa, elm olacaq, elm olacaqsa, inkişaf olacaq, inkişaf olacaqsa, mədəniyyət də olacaq. Hamısının kökündə təhsil dayanır. Təhsil bar verən ağacın tumudur. Əgər o tum yoxdursa, nə ağac olacaq, nə meyvə, nə də başqaları...

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı