Modern.az

Elşad Paşasoyun oturduğu çayxananı bağlayıblar: Namizəd seçkiyə müdaxilə edildiyini deyir..

Elşad Paşasoyun oturduğu çayxananı bağlayıblar: Namizəd seçkiyə müdaxilə edildiyini deyir..

5 Noyabr 2010, 18:01

 

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Elşad Paşasoy parlament seçkisinin təbliğat-təşviqat kampaniyası dövründə qanun pozuntuları, icra strukturlarının mütəmadi şəkildə seçkiyə müdaxiləsi ilə üzləşib. Onun sözlərinə görə, DSK Yardımlı Rayon İcra Hakimiyyətinin asılı qurumuna çevrilib və ordan gələn sifarişləri yerinə yetirir.

Deputatlığa namizədlə bağlı vəziyyət necə deyərlər ağlamalıdır. Belə ki, rayonda həkim olan Məhərrəm Qasımov E. Paşasoyun xeyrinə imza verdiyinə görə, onun icra hakimiyyətində işləyən oğlunu işdən çıxarıblar. Şoka düşən oğluna deyiblər ki, “atan xəyanətkardır, müxalifətçiyə imza verib”..Bununla bağlı MSK –ya edilən şikayəti yenidən DSK-ya göndərib. 

Daha sonra “şou” DSK-da davam edib. DSK sədri Qabil Canəliyev Məhərrəm Qasımovu çağıraraq deyib ki, işdən çıxarılmadığı barədə izahat yazsın. Mat-məətək qalan M. Qasımov DSK sədrinə deyib ki, onu yox, oğlunu işdən çıxarıblar. Lakin soyuqqanlı Canəliyev deyib ki, Elşad Paşasoyun müraciətində oğlunun adı çəkilməyib. Odur ki Məhərrəm kişi izahat yazmalıdır.  Məlum olub ki, DSK sədri guya araşdırma aparıldığı barədə MSK-ya cavab hazırlamaq üçün dərdən –qabıqdan çıxıb belə absurd izahat tələb edirmiş...

Elşad Paşasoy bildirdi ki, son üç gündə məntəqə sədrləri, bələdiyyə rəhbərləri və ərazi icra nümayəndələri YAP-ın Yardımlı rayon təşkilatına və icra hakimiyyətinə çağırılıb, onların qarşısında “səs planı” qoyulub. Bu “barbarossa planına görə, Elşad Paşasoy ən az səs toplamalıdır.

İndi iki gündür ki, isti kabinetlərindən didərgin düşən icra nümayəndələri və bələdiyyə sədrləri kəndlərdə dərvişsayağı qapı-qapı gəzərək onları hakimiyyətin namizədinə səs verməyə çağırırlar. Camaata ərz edirlər ki, özünüzü yormayın, onların namizədi artıq öz işini yuxarıda həll edib və müxalifətçiyə səs verməyin heç bir mənası olmayacaq. Dalınca da qaşlarını çataraq qorxunc görəm alıb zəhmli səslə “müxlifətə səs verənlərin özləri, yaxud yaxınları işdən çıxarılacaq” deyə bəyan edirlər. Artiq qurbanlar var...

Həmin dairənin bir hissəsi Masallı rayonuna düşür. Masallı rayonunda da qanunsuzluqlara start verilib. Güllütəpə kəndinin bələdiyyə sədri və ərazi icra nümayəndəsi Elşad Paşasoyun  bir neçə gün əvvəl olduğu çayxanaya polis göndəriblər. Üzeyir adlı polis sahə müvəkkili çayxana sahibinə deyib ki, sən böyük səhvə yol veribsən və ona görə də çayxananı təhvil verməlisən.

“Kənd seçicilərinin mənə səs verəcəyi barədə məlumat alan rəsmilər açıq şəkildə elan ediblər ki, kim Elşad Paşasoya səs versə, ailəqarışıq polisə aparılacaq. Burada da bütün inzibati resurslardan namizədlərdən birinin xeyrinə istifadə olunur. Hətta mənim televiziya çıxışımdan sonra namizədlərdən biri çıxışımda adını çəkdiyim Güllütəpə kəndinin yolunu təmir etdirmək üçün 4 maşın qum-çınqıl göndərib. Mənim səs toplamamağım üçün hətta icra nümayəndələri və bələdiyyə sədrlərinə pul paylandığı barədə faktlar var. Müşahidəçilərimə də təzyiqlər güclənib. Bəzilərinin özlərinə, bəzilərinin isə yaxınlarına xəbərdarlıq edilib ki, seçkidən sonra onların aqibəti ağır olacaq. Hətta bəzi müşahidəçiləri təzyiq yolu ilə prosesdən kənarlaşdırmaq üçün məsul vəzifədə çalışan şəxslərdən istifadə olunub”.

Deputatliğa namizəd prezident İlham Əliyevə, MSK sədri Məzahir Pənahova, baş prokuror Zakir Qaralova müraciətlə qanun pozuntularına reaksiya verilməsini, seçki pozuntularına yol vermiş şəxslərin cəzalandırılmasını xahiş edib.

 Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı