Noyabrın 10-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Yevlaxda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində iştirak ediblər. (AzərTAc)
Prezident İlham Əliyev və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış olublar.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən inşa olunmuş kompleksin tikintisinə 2010-cu ilin aprelində başlanıb. Binaların yerləşdiyi ümumi ərazi 10 hektardır. Beşmərtəbəli 10 binada bir, iki, üç və dördotaqlı 612 mənzil var. Bu mənzillərdə şəraiti dözülməz olan ictimai obyektlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdiriləcək.
Prezident İlham Əliyevə məlumat verilib ki, yeni yaradılan məhəllədə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Burada 50 yerlik uşaq bağçası, 440 yerlik məktəb binaları, qazanxana, nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillərə telefon, su və qaz xətləri çəkilib. Məhəllədə dörd subartezian quyusu qazılıb, iki su anbarı tikilib, ümumi uzunluğu 2 kilometrdən çox olan asfalt-beton yol salınıb.
Dövlət başçısı və xanımı Kəlbəcərdən olan məcburi köçkün Qəzənfər Musayevin mənzilində olublar.
Prezident İlham Əliyev və xanımı yeni mənzilin sahibləri ilə çay süfrəsi arxasında söhbət ediblər.
Daha sonra Prezident İlham Əliyev məhəllədəki 30 nömrəli tam orta məktəbin açılışında iştirak edib.
Dövlət başçısı və xanımı Kəlbəcər rayon mədəniyyət evi özfəaliyyət kollektivlərinin çıxışını izləyiblər.
Prezident İlham Əliyev qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşüb, onları təbrik edib.
Dövlətimizin başçısı məktəbin açılışını bildirən lenti kəsib, təhsil ocağında yaradılmış şəraitlə tanış olub.