Modern.az

İlham Əliyev Horadiz şəhərində olub

İlham Əliyev Horadiz şəhərində olub

Təhsil

11 Noyabr 2010, 12:30

Noyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna gəlib. Dövlət başçısı əvvəlcə Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkına baş çəkib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar. (AzərTAc)

İlham Əliyev Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edib. Prezident açılışı bildirən lenti kəsib və mərkəzdə yaradılmış şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılıb. Üç hektar ərazisi olan mədəniyyət ocağı Prezident İlham Əliyevin göstərişi ilə inşa olunub. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxıblar. 
Dövlət başçısı ikinci və üçüncü mərtəbələrdə mühazirə və məşğələ otaqlarında məşğələnin gedişini izləyib.
Mərkəzdəki 320 yerlik örtülü konsert zalı ilə tanışlıq zamanı bildirilib ki, zal müasir akustika sistemi və işıq effektləri ilə təchiz edilib.
Prezident İlham Əliyev və xanımı zalda Füzuli rayonunun “Qarabağ” instrumental ansamblının və gənclərin ifasında “Qarabağ şikəstəsi”ni dinləyib.
Mərkəzin 520 yerlik açıq yay zalı da var. Bina havalandırma, daimi su təchizatı, müasir işıqlandırma sistemləri və yüksək gərginlikli elektrik generatoru ilə təchiz olunub. Ətrafda geniş abadlıq işləri görülmüş, gecə saatlarında müxtəlif rəng çalarlarına malik işıq lampaları ilə təchiz edilmiş fəvvarə quraşdırılıb, yaşıllıq zolaqları salınıb. Mərkəzin həyətyanı sahəsi həm də əhalinin istirahəti üçün park kimi nəzərdə tutulub.

Prezident İlham Əliyev Horadiz İdman Kompleksinin açılış mərasiminə də qatılıb. Dövlət başçısı açılışı bildirən lenti kəsib, kompleksdə yaradılmış şəraitlə tanış olub. 

Məlumat verilib ki, tikintisinə 2009-cu ilin fevralında başlanmış idman kompleksi 5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana, basketbol meydançası, 500 yerlik əl oyunları zalı, tennis kortu, avtomobil dayanacağı var. İdman kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir. Kompleksin ərazisində su anbarı, su çəni qülləsi, elektrik yarımstansiyası da inşa olunub.
Prezident İlham Əliyev burada Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, onları təbrik edib.
Sonra dövlətimizin başçısı və xanımı idmançıların nümunəvi çıxışlarını və incəsənət ustalarının konsert proqramını izləyiblər.
Prezident İlham Əliyev kompleksin 1860 tamaşaçı yeri olan futbol meydançasına da baxıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə