Modern.az

Milli Məclisdə Azərbaycan-Türkiyə münasibətləri müzakirə olunub

Milli Məclisdə Azərbaycan-Türkiyə münasibətləri müzakirə olunub

20 Oktyabr 2009, 13:18

Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında Azərbaycan - Türkiyə və Türkiyə - Ermənistan münasibətləri ilə bağlı müxtəlif fikirlər səslənib. Spiker Oqtay Əsədov deyib ki, iqtidarlar gəldi-gedərdi, xalqlar isə əbədidir, ona görə də Azərbaycan - Türkiyə münasibətlərində yaranmış gərginliyi türk xalqının ayağına yazmaq doğru deyil: "Türkiyə ilə Azərbaycanın arasında təxribat törətməyə çalışanlar var. Belə qüvvələr ermənidən də pisdir".
Milli Məclisin sədri Bursada oynanılan Türkiyə-Ermənistan matçı öncəsi Azərbaycan bayrağının təhqir olunmasından təəssüfləndiyini vurğulayıb: "Türkiyədə Azərbaycan bayrağının təhqir olunması qüruruma toxundu". Bununla belə, spiker Azərbaycan - Türkiyə və Türkiyə - Ermənistan münasibətləri ilə bağlı fikirlər səsləndirərkən emosiyalara qapılmamağa çağırıb.
Deputat, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov isə Türkiyə - Ermənistan münasibətlərindən danışarkən diqqəti qardaş ölkədə fəaliyyət göstərərn güclü erməni diasporuna yönəldib. O, bildirb ki, bəlkə də dünyada ən güclü erməni lobbisi və diasporu Türkiyədə fəaliyyət göstərir. Millət vəkili buna Türkiyəyə son səfər zamanı bir daha əmin olduğunu söyləyib.
Səməd Seyidov deputatların Türkiyə səfəri barədə məlumat verib. Türkiyədə iqtidar və müxalifət təmsilçiləri ilə görüşdüklərini bildirən millət vəkili Türkiyənin böyük və qəribəlikləri olan dövlət olduğunu deyib: "Türkiyə bir tərəfdən PKK-ya qarşı mübariz aparır, bir tərəfdən “Evrovision”a kürd mahnısı göndərmək istəyir, həm İsraillə, həm də Suriya ilə dostluq edir”.
Deputat deyib ki, Türkiyə və Azərbaycan ictimaiyyəti ehtiyatlı olmalıdır. S.Seyidov Türkiyədə Azərbaycan bayraqlarının təhqir olunmasının, Azərbaycanda bəzi rəmzlərin yandırılmasının yaxşı qarşılanmadığını qeyd edib.
Deputat Əhəd Abıyev də Azərbaycan - Türkiyə və Türkiyə - Ermənistan münasibətləri məsələsinə toxunub.O, bildirib ki, bu məsələnin müzakirəsindən kənarda qalmaq olmaz: "Biz, millət vəkilləri Türkiyə-Ermənistan sərhədlərinin açılmasına laqeyd qala bilmərik. Bu Azərbaycanın ümumi maraqlarına ziddir. Xaricdə təzyiq altında imzalanan sənədə biz soyuqqanlı yanaşmamalıyıq. Emosiyalara da qapılmaq olmaz». Əhəd Abıyevin sözlərinə görə, Azərbaycan regionda, tarixi və coğrafi baxımdan yerləşdiyi məkanda hər zaman uzaqgörən siyasət aparmalıdır: «Hazırda bu siyasəti cənab Prezidentimiz yüksək səviyyədə aparır. Biz də dövlət başçımızın siyasətinə dəstək verib hamılıqla birlikdə müstəqil Azərbaycan dövlətinin ərazisini var qüvvəmizlə qorumalıyıq. Çünki Qarabağ məsələsində gözəgörünməyən qüvvələr çətinliklər yaradır. Azərbaycanla Türkiyə arasında ziddiyyətlər salmaq, şəkil yandırmaq, bayraq cırmaq olmaz. Bunlara ehtiyac yoxdur və hamı bilməlidir ki, bütün bunlardan maraqlı qüvvələr istifadə etməyə çalışır».
Millət vəkili bildirib ki, bu gün Türkiyədə hakim partiyada olan bəzi qüvvələr Azərbaycana xəyanət edə bilər, amma türk dövləti, türk milləti bunu heç bir vaxt etməz: «Belə siyasi oyunbazlar Türkiyədə gəldi-gedərdi, ancaq bir millət iki dövlətin xalqlarını heç bir qüvvə bir-birindən incik sala bilməz».

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir