Modern.az

Ahıl Jurnalistlər Məclisi şəhid jurnalist Alı Mustafayevi anıb

Ahıl Jurnalistlər Məclisi şəhid jurnalist Alı Mustafayevi anıb

1 Dekabr 2010, 13:08


Bu gün Azərbaycan Mətbuat Şurasında şəhid jurnalist, Azərbaycanın milli qəhrəmanı Alı Mustafayevi anım mərasimi keçirilib.

Modern.az-ın məlumatına görə, Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən təşkil olunan tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. O, A.Mustafayevin professional jurnalistikamızda özünə layiqli yer tutduğunu, zəhmətkeşliyi və istedadı ilə fərqləndiyini vurğulayaraq diqqəti qələm sahibinin keçdiyi mənalı ömür yoluna, ədəbi və bədii yaradıcılığına yönəldib. «Alı Mustafayevin çağdaş jurnalistikamızdakı xidmətləri böyükdür. Çox da uzun olmayan ömür yolunda ciddi uğurlar və populyarlıq qazanmaq heç də həər yazara nəsib olmur. Bu, gərgin zəhmətin nəticəsi idi. Onun televiziya jurnalistikası sahəsindəki novatorluq keyfiyyətləri cəmiyyətdə hələ ötən əsrin 70-80-ci illərindən başlayaraq böyük maraqla qarşılanırdı. Qarabağ müharibəsi başlayan gündən Alı Mustafayev qaynar nöqtələrdə tez-tez görünür, efirdə erməni vəhşiliklərini ifşa edirdi. Bəlkə bir tale idi ki, qəhrəmanlıq fəaliyyəti məhz Qarabağ torpağında başa çatdı. Ölümündən sonra ona Azərbaycanın əməkdar jurnalisti fəxri adı verildi. Bu ada hələ sağlığında ikən layiq idi», - deyə o bildirib.

Anım mərasimində Alı Mustafayevin tələbə və iş yoldaşlarından Məzahir Süleymanzadə, Tahir Aydınoğlu, İlqar Həsənov, Sakit Ocaqlı, Akif Cabbarov, Akif Qurbanov, Araz Qurbanov, qocaman qələm sahibi Ələsgər Cabbarov həyatdan vaxtsız getmiş jurnalist barədə xatirələrini yada salıb, onunla fəxrarət duyduqlarını dilə gətiriblər.

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov bildirib ki, Alı Mustafayev, Salatın Əsgərov kimi jurnalistlər Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gediblər, şəhidlik zirvəsi ilə misilsiz örnəyə çevriliblər. Alı Mustafayevin tələbəlik dostu Qənimət Səfərov şəhid jurnalistin cəfakeşliyindən danışaraq onun dostluğa sədaqətinin, ailəcanlığının da nəsillərə nümunə olduğunu vurğulayıb. MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışında dəfələrlə sıx təmasda olduğu şəhid jurnalistin mehribanlıq, işgüzarlıq keyfiyyətlərini xarakterizə edib.

Sonda Alı Mustafayevin həyat yoldaşı Lalə xanım çıxış edərək xoş sözlərə və anım mərasiminin təşkilinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Əmək faəliyyətinə Bakı Elektrik Maşınqayırma Zavodunda başlayıb. 1976-1981-ci illərdə bu müəssisənin göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək orada işləyib. O, ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Lirik şerləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb.

Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər