Modern.az

Büdcəyə dair budget.az saytının təqdimatı keçirilib

Büdcəyə dair budget.az saytının təqdimatı keçirilib

2 Dekabr 2010, 15:27


Dekabrın 2-də Avropa otelinin “Kür” zalında Milli Büdcə Ofisi vətəndaş cəmiyyəti və xarici təşkilatların iştirakı ilə www.budget.az  resurs saytının təqdimatını keçirib.

Milli Büdcə Ofisinin (MBO) meneceri Rəna Rzayeva tədbir iştirakçılarına məlumat verib ki, Milli Büdcə Ofisi Milli Büdcə Qrupunun (MBQ) təşəbbüsüdür və əsaslı iqtisadi tədqiqat və siyasi təkliflər vasitəsilə Azərbaycanın iqtisadiyyatına, Milli büdcə prosesinin keyfiyyətinin artırılmasına və inkişafına dəstək olmaq məqsədini daşıyır. “2006-cı ildən bu günə qədər MBQ ölkədə iqtisadiyyat sahəsində aparıcı ekspertlərin işindən bəhrələnmişdir və Azərbaycan hökumətinin büdcə layihələrinə və onların icrasına müstəqil rəy irəli sürən yeganə təşkilatdir. MBQ bir sıra analitik məhsul, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinə aid məqalələr, makro-iqtisadi qiymətləndirmələr, təhlili və informativ hesabatlar ve siyasət təkliflərinin müəllifidir”.

Sonra R.Rzayeva qeyd edib ki, Azərbaycanın dövlət büdcəsi ilbəil artır, büdcə ilə bağlı tədqiqatlar, xəbərlər, tədbirlər də müvafiq olaraq, çoxalır və zənginləşir. Bu şəraitdə dövlət büdcəsinin formalaşdırılmasına, xərclənməsinə və onunla bağlı məlumatların əlçatanlığı və şəffaflığına diqqət də artır. MBQ neçə illik fəaliyyətində də bu istiqamətlər üzrə iş aparır və bu məqsədlə dövlət büdcəsi ilə maraqlananlar üçün vahid resurs bazası olan www.budget.az saytını hazırlayıb. R.Rzayeva www.budget.az resurs saytının geniş auditoriya: peşəkar iqtisadçı və tədqiqatçılar, jurnalistlər, müvafiq donor institutlarının əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri üçün faydalı olacağına ümidvar olduğunu bildirib.

Saytı hazırlayan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev layihə barədə məlumat verərək bildirib ki, layihə 2 mərhələdə həyata keçirilib. Əvvəlcə elektron büdcə kitabxanasının yaradılması çərçivəsində büdcə məlumat bazası yaradılıb. Sonra isə büdcə məlumatlarının özündə əks etdirəcək sayt yaradılıb. O, qeyd edib ki, dövlət qurumları büdcə məlumatlarının çapının fiziki baxımdan mümkün olmadığını bəhanə gətirərək büdcə zərfini ictimaiyyətdə gizlətməyə çalışırlar. “Bu gün isə biz göstərdik ki, bu məlumatları ictimaiyyətə açıqlamaq ciddi problem deyil”.

Büdcə şəffaflığını problemlərinə toxunan sədr bildirib ki, büdcə şəffaflığının və büdcə proseslərində ictimai iştirakçılığın təmin edilməsi məhz informasiyaların istənilən vaxt və operativ əldə edildiyi şəraitdə mümkündür.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib ki, www.budget.az saytı 2 hissədə ibarətdir: büdcəyə dair ümumi məlumatlar və büdcə məlumat bazası. Birinci hissədə Azərbaycan dövlət büdcəsi və onunla bağlı ən mühüm məlumatlar, əsas büdcə terminləri, dövlət büdcəsinin illər üzrə göstəriciləri, büdcədənkənar fondlar və onların büdcələri, dövlətin xarici borcu, büdcəyə dair tədqiqatlar və nəşrlər, hesabatlar, statistik məlumatlar, və s. əksini tapıb. Saytda habelə investisiya layihələri və büdcə qanunvericiliyi yerləşdirilib.

Büdcə məlumat bazasında isə 2004-2011-ci illərdə dövlət büdcəsi xərclərinin funksional, təşkilati və iqtisadi təsnifatı yerləşdirilib. Bu məlumatlara çıxış pulsuzdur. Hər bir şəxs sərbəst olaraq bazadan istidafə edə bilər.

Ekspert sonda onu da bildirdi ki, bu unikaldır: “www.budget.az saytı tipli portallar bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiya və Qazaxıstanda mövcuddur. Ancaq xərclərini iqtisadi, funksional və iqtisadi təsnifatını özündə əks etdirən, investisiya layihələrinin siyahısının tam dərc olunduğu ikinci belə sayta hələki rast gəlinməyib”.

Çıxışçılardan iqtisadçı Zöhrab İsmayıl, sabiq millət vəkili Nazim Məmmədov, Asiya İnkişaf Bankının təmsilçisi saytla bağlı arzu və təkliflərini iştirakçıların diqqətinə çatdırıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir