Modern.az

Parlament Jurnalistlər Birliyi Türkiyə mediası ilə əlaqələri vacib sayır (fotosessiya)

Parlament Jurnalistlər Birliyi Türkiyə mediası ilə əlaqələri vacib sayır (fotosessiya)

3 Dekabr 2010, 15:00

Atatürk Mərkəzində keçirilən tədbirdə qardaş ölkənin Baş Bakanlığının Mətbuat-Yayın İnformasiya Baş İdarəsinin rəhbəri Murat Karakaya  çıxış edib


Bu gün Atatürk Mərkəzində Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə “Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda dəyirmi masa keçirilib. Toplantıda çıxış edən PJB sədri Elşad Eyvazlı tədbirin məqsədləri haqqında məlumat verib. Onun sözlərinə görə,  Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Türkiyənin bir çox bölgələrində “Qarabağ həqiqətləri” adlı fotosərgi keçirilir. İlin əvvəlindən başlayan bu sərgi Türkiyənin bir neçə şəhərində baş tutub: “Sevindirici haldır ki, artıq türkiyəli jurnalistlər bu sərgini işıqlandırmağı, onun təşkilinə yardım göstərməyi öz öhdəlikləri kimi yanaşırlar”-deyə o, bildirib.

Türkiyə Cümhuriyyəti Baş Bakanlığının Mətbuat-Yayın İnformasiya Baş İdarəsinin rəhbəri Murat Karakaya ilk xarici fəaliyyət olaraq Azərbaycana səfər etdiklərini bildirib.
“Burada biz özümüzü evimizdəki kimi hesab edirik. Səfərin ilk günü Azərbaycanlı jurnalistlər, KİV rəhbərləri ilə görüşdük. Türkiyə mətbuatında mövcud gəlişmələr haqqında həmkarlarımıza məlumat verdik”-deyən M.Karakaya bildirib ki, qısa bir səfər zamanı mətbuatla bağlı bütün informasiyanı almaq mümkün deyil. Amma gələcəkdə Azərbaycan və Türkiyə mediası arasında münasibətlərin daha da inkişaf etdirilməsi planlaşdırılır. Murat Karakayanın sözlərinə görə, onların Azərbaycanlı jurnalistlərinin Türkiyədəki mətbuat orqanlarında təhsil alması, staj keçməsi ilə bağlı planları var.

“Türkiyə mətbuatının texniki baxımdan, həm də kadrlarla bağlı öyrənməli məsələləri var. Ümid edirik ki, bu ziyarətimiz sonuncu olmayacaq. Qarşılıqlı proqramlar hazırlayıb qardaşlığımızı gəlişdirməliyik”.

M.Karakaya Bakıda olarkən Turqut Ərin kitabının dərci haqqında eşitdiyini bildirib: “Amma mən bu adam haqqında ilk dəfə burda eşitdim. Türkiyədə kimsənin əlinə Turqut Ərin kitabı keçməz. Türkiyədə həddindən artıq müstəqil mətbuat var. Bəzən tənqidin səviyyəsi çox güclü olur, baş nazirin əleyhinə yazılar çıxır. Amma biz heç nə edə bilmərik. Mətbuat – azaddır, ona əngəl ola bilmərik”.

Murat Karakaya həmçinin 21 dekabrda Ankarada Türkdilli ölkələrin jurnalistlərinin qurultayının keçiriləcəyini, orada Azərbaycanın da böyük nümayəndə heyəti ilə təmsil olunacağını söyləyib.

Millət vəkili Vahid Əhmədov Azərbaycan-Türkiyə mətbuatında bəzən Azərbaycana, dövlət başçısına dair xoşagəlməz  mövqeylərin ortaya qoyulmasını pisləyib. Onun sözlərinə görə, regionda bütün iri layihələr Türkiyənin iştirakı ilə həyata keçirilir. “Ölkələrimiz arasında heç bir ciddi problemlər  ola bilməz. Onsuz da bizi savaşdırmaq istəyən dövlətlər var. Bizim yaxınlaşmağımıza mane olmağı arzulayanlar çoxdur. Amma hər birimiz bilməliyik ki, çıxış yolumuz birlikdədir”-deyən  Vahid Əhmədov hər iki ölkənin jurnalistlərindən Orta Asiya türklərinin də gündəmə gətirilməsini xahiş edib.

Milli Məclisin üzvü Jalə Əliyeva Azərbaycan dövlətinin mətbuatın müstəqilliyi üçün gördüyü işlərdən, mətbuatın inkişafına maddi vəsaitinin ayrılmasından danışıb. Amma onu da qeyd edib ki, hələ Azərbaycan mətbuatının inkişaf etmiş ölkələrdən öyrənməli çox şeyi var. Onun fikrincə, hazırda Azərbaycan və Türkiyənin elə bir sahəsi yoxdur ki, orada qarşılıqlı münasibətlər qurulmasın.
“Odur ki, hər iki ölkənin mətbuatı arasında əlqələrin də gücləndirilməsi vacibdir. Təzyiqə məruz qalmayan, ortaya qoyulan, ictimaiyyətə çatdırılan informasiya çox əhəmiyyətlidir. İnsanın şərəf və ləyaqətinin qorunması, həqiqətə uyğun olmayan informasiyanın yayılmasının qarşısının alınması lazımdır. Mediada ümumi maraqlara ziyan verəcək yazıların dərci heç kimə başucalığı gətirmir”-deyə deputat bildirib.

AzərTAc İnformasiya Agentliyinin əməkdaşı Xətayi Əzizov mətbuat orqanları arasında əlaqələrin hərtərəfli inkişafının vacib olduğunu qeyd edib,  deputat Fərəc Quliyev isə  Azərbaycan-Türkiyə jurnalistlərinin bir araya gəlib yazı siyasətini ümumiləşdirilməsinin, koordinasiya olunmasının vacibliyindən danışıb.
“Mərkəz” qəzetinin parlament müxbiri Nigar Almanqızı jurnalistlərin əsas vətəndaş mövqeyindən çıxış etməsinin vacib olduğunu bildirib.

Tədbirdə həmçinin PJB-nin təşəbbüsü ilə dərc edilən “Anadolu mətbuatının yeni siması-yerli mətbuatda səhifə tərtibatı” adlı kitabın təqdimatı da baş tutub. Bu kitab Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş idarəsi tərəfindən hazırlanıb. Bu kitabda qəzetlərin dizaynı, səhifələrin tərtibatı, hansı vizual effektlərin vacib olmasından bəhs olunur. Eyni mövzuda Kitab PJB-nin Türkiyə Qəzetçilər Federasiyası ilə birgə həyata keçirdiyi layihə çərçivəsində tərcümə edilərək çap olunub. Sözügedən layihə Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun köməyilə reallaşdırılıb.

 

 


Sədaqət Süleymanova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür