Modern.az

Azərbaycan banklarında kredit faizləri niyə yüksəkdir?

Azərbaycan banklarında kredit faizləri niyə yüksəkdir?

6 Dekabr 2010, 11:53

Media və İctimai Təşəbbüslər Mərkəzi Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində dekabr ayından etibarən kredit bazarını təhlil edəcək. Mərkəzin rəhbəri Samir Əliyevin Modern.az-a bildirdiyinə görə, tədqiqat çərçivəsində Azərbaycan banklarında kredit faizlərinin yüksək olmasına təsir edən amilləri qiymətləndirəcək. Onun sözlərinə görə, tədqiqatdan öncə təşkilatın ekspertləri tərəfindən kredit bazarında ilkin araşdırmalar aparılıb. “Artıq uzun müddətdir dövrü mətbuatda iqtisadçılar kredit faizlərinin yüksək olması ilə bağlı həyacan təbili çalırlar. Aparılmış sorğular, ictimai müzakirələr, beynəlxalq maliyyə institutlarının (Moody`s, Fitch) hesabatları bu fikri təsdiq edir. Ölkənin əsas bankı olan Mərkəzi Bankın rəsmiləri kredit faizlərinin yüksək olduğunu etiraf edirlər. Bunun zərbəsi, ilk növbədə kredit götürənə dəyir və yekunda bank sistemi təhlükə ilə qarşılaşır və ölkə iqtisadi aktivlik aşağı düşür”, - deyə S.Əliyev bildirib.  

Onun sözlərinə görə, hazırda Azərbaycanda bank kreditlərinin orta faiz dərəcəsi milli valyutada 14%, xarici valyutada isə 17% təşkil edir.  Biznes kreditləri 20-25%, istehlak kreditləri isə 20-30% civarındadır. Bəzi hallarda istehlak kreditlərinin faiz dərəcələri 36%-ə çatır. Xarici ölkələrin bank sisteminin təhlili ölkədəki faiz dərəcələrinin yüksək olduğunu sübut edir. Məsələn, Avropa Birliyi ölkələrində istehlak krediti orta hesabla 7-8%-ə verilir. Almaniya, Lüksemburq, Finlandiya, Belçika və Fransada dərəcələr müddətində asılı olaraq 2-7% təşkil edir. ABŞ-da bu göstərici 5%-dən çox deyil.

Mərkəzin sədrinə görə, tədqiqatın aparılması çərçivəsində Azərbaycanın maliyyə bazarında kredit faizlərinin yüksək olmasını şərtləndirən amillərin müəyyən ediləcək, bu amillərin təsir dərəcəsinə görə ranqlaşdırılacaq və hər bir amil üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində siyasət təklifləri hazırlanaraq qərar qəbul edən şəxslərə çatdırılacaq.  Tədqiqat zamanı habelə bir sıra ölkələrdə faiz dərəcələrinin təsiri və kredit faizlərinin aşağı salınmasına gətirib çıxarmış uğurlu təcrübələr öyrəniləcək və həmin ölkələrin qanunvericiliyi araşdırılacaq.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?