Modern.az

Azərbaycanda 30 mindən çox sənədsiz yaşayan şəxs var

Azərbaycanda 30 mindən çox sənədsiz yaşayan şəxs var

8 Dekabr 2010, 16:22

“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi bu gün Azərbaycanda məskunlaşmış sənədsizlər və vətəndaşlığı olmayan şəxslərin problemləri ilə bağlı mətbuat konfransı keçirib. Tədirdə bildirilib ki, təqdimatın əsas səbəbi Azərbaycanda məskunlaşmış sənədsiz və vətəndaşlığı olmayan şəxslərin problemlərinin aidiyyəti dövlət orqanlarının nəzərinə çatdırmaqdan ibarətdir. Mətbuat konfransının  məhz həmin tarixdə keçirilməsinin əsas səbəbi 10 dekabr tarixinin “İnsan hüquqlarının beynəlxalq müdafiəsi” günü olması ilə bağlıdır.  

Konfransda çıxış edən İctimai Birliyin rəhbəri Əlövsət Əliyev qeyd edib ki, sənədsiz və ya etibarsız sənədlərlə yaşamaq insanları bir sıra əsas hüquq və azadlıqlarını həyata keçirməkdən məhrum edir. Bu qəbildən olan şəxslər əmək müqaviləsi və notarial qaydada təsdiq olunması tələb olunan müqavilələr bağlaya, bank əməliyyatları apara bilmir, tibbi və hüquqi yardım eləcə də təhsil və pensiya təminatı hüququndan istifadə edə bilmirlər. Zorakılıq və s. hallara məruz qaldıqları təqdirdə isə hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinir, tədricən başqalarından asılı vəziyyətə düşür, müxtəlif cinayətlərin, o cümlədən insan alveri cinayətinin potensial qurbanlarına çevrilirlər.  

”Azərbaycan Respublikasında sənədsiz və ya etibarsız sənədlə yaşayan şəxslərin nikahından doğulan uşaqların da sənədləşdirilməsi mümkün deyil. Bu səbəbdən də belə şəxslərin uşaqları da valideynləri kimi sənədsiz olduğu üçün ən təbii hüquq və azadlıqlardan məhrum olurlar.

Son zamanlar müxtəlif KİV-də çap olunan məlumatların, habelə daxil olan müraciətlərin təhlili qeyd etməyə əsas verir ki, Azərbaycanda daha çox ciddi problemlərlə yaşayanlar əvvəllər vətəndaşı olduğu ölkənin vətəndaşlığını itirmiş, Azərbaycan Respublikasının vətəndaşlığını isə əldə edə bilməyən şəxslərdir. Həmin şəxslər əvvəllər vətəndaşı olduqları ölkənin vətəndaşlığını itirdiyinə görə ora qayıda bilmir, Azərbaycan Respublikasının səlahiyyətli orqanları isə onları şəxsiyyəti təsdiq edən sənədlərlə təmin etmir”.  

2010-cu il ərzində “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinə 2000-dən artıq sənədsiz və vətəndaşlığı olmayan şəxs vəziyyətində olan şəxs müraciət edib. Onlardan 1001 nəfərinə birbaşa hüquqi yadım göstərilib. 54 müraciət üzrə ayrı-ayrı məhkəmə instansiyalarına, o cümlədən 352 müraciət üzrə hüquq-mühafizə orqanlarına və 82 müraciət üzrə icra hakimiyyəti orqanlarına  müraciətlər hazırlanıb.

Ə.Əliyev deyib ki, ayrı-ayrı QHT-lərin hesabatlarına əsasən, Azərbaycanda sənədsiz və vətəndaşlığı olmayan şəxslərin sayı minlərlə, bu sahədə fəaliyyət göstərən bəzi mütəxəssislərin rəyinə görə isə onların sayı on minlərlədir.

”Mövcud vəziyyətin təhlili göstərir ki,  yuxarıda sadalanan hallar ölkə ərazisində sənədsiz və vətəndaşlığı olmayan şəxslərin sayının artması, qaçqın statusu almaq üçün müraciət etməli olan şəxslərin üçüncü ölkəyə üz tutması və ya deportasiya olunması halları ilə nəticələnir.

Məhz konstitusiyada təsbit olunan hüquq və azadlıqların pozulmasının  nəticəsidir ki, Azərbaycanda sənədsiz (vətəndaşlığı olmayan şəxs vəziyyətində) yaşayan şəxslərin sayı 30.000-dən artıqdır və artmaqda davam edir. “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi sənədsiz və vətəndaşlığı olmayan şəxslərin sayının artmasına səbəb olan və insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradan halların səlahiyyətli dövlət orqanları tərəfindən dərhal aradan qaldırılmasını tələb edir”.  

Mətbuat konfransında Daxili İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Ombudsman Aparatının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyinin, o cümlədən bir sıra beynəlxalq təşkilatların nümayəndələri  iştirak ediblər.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır