Modern.az

Media mərkəzləri jurnalistlərə hansı imkanlar yaradır?

Media mərkəzləri jurnalistlərə hansı imkanlar yaradır?

Qarabağ

10 Dekabr 2010, 13:34

Bu gün dünya mediası operativ informasiya istiqamətində böyük səylə çalışır. Dünya mediasının bir hissəsi olan mətbuat konfranslarının keçirildiyi media mərkəzləri rəqabətdən geri qalmamaq üçün geniş imkanlara malikdirlər. Bu mərkəzlərdəki konfransları işıqlandıran jurnalistlərin operativ işləməsi üçün  kompüter, internetə çıxış, telefon və fotoaparatla təminat imkanları yaradılıb.
Təəsüf ki, Azərbaycanda, konkret olaraq Bakıda fəaliyyət göstərən media mərkəzləri belə imkanlara malik deyillər. Modern.az-ın əməkdaşı Bakıdakı media mərkəzlərində jurnalistlərin operativ işləməsi baxımından hansı imkanların yaradıldığını araşdırıb.

“Trend” Mətbuat Mərkəzinin rəhbəri Xumar Ələkbərova tədbirlər zamanı jurnalistləri yalnız internetlə təmin etdiklərini bildirib. “Ancaq onlara istifadə etmək üçün kompüter və ya telefon vermirik. Jurnalistlər tədbirə noutbookları ilə gəlib, informasiyanı yazıb, bizim təklif etdiyimiz internet xidməti ilə öz ünvanlarına göndərirlər. Kütləvi halda deyil, bəzən jurnalistlərə yardım edirik. Onlara şərait yaradırıq ki, informasiyanı yazıb redaksiyalara göndərsinlər və ya flashkart ilə komputerdən şəkil götürsünlər. Yəni öz imkanlarımız, səlahiyyətlərimiz daxilində kömək etməyə çalışırıq”.
X.Ələkbərova dünyada redaksiyaların operativ işləməsi üçün müxbirlərin lazımi avadanlıqlarla təmin edildiyini vurğulayıb. “Əgər bizdə də redaksiya operativ işləmək istəyirsə öz müxbirini noutbook, mobil telefonla təmin etməlidir. Redaksiya əməkdaşını mobil telefonla təmin etməyibsə, biz ona öz telefonumuzu verməyəcəyik ki, danışsın. İndi hamı bir-birilə rəqabətdədir və mən də istərdim ki, ilk informasiya bizim agentlikdə - “Trend”də getsin”.

 Beynəlxalq Mətbuat Mərkəzinin əməkdaşı Kəmalə Sultanəhmədi bildirib ki, mərkəz təzə açıldığından hələ lazımi avadanlıqlarla tam təhciz olunmayıb. “Həm də bizdə təmir işləri gedir, tam başa çatmayıb. Təmirdən sonra jurnalistlər lazımi avadanlıqlarla – kompüter, internetlə  təmin ediləcək, onlar üçün fotoşəkillərin çəkilməsinə şərait yaradılacaq. Tez bir zamanda bunların hamısı olacaq”.
K.Sultanəhmədi indiyə qədər bu şəraitin yaradılmamasının səbəbinin maliyyə imkanları ilkə əlaqələndirib.

Azərbaycan Media Mərkəzinin tədbirlər və ofis meneceri Səbinə Xanmirzəyeva bildirib ki, jurnalistlərin işləməsi üçün Media Mərkəzində şərait yaradılıb. “Konfrans otağına noutbuk qoyulmur. Tədbir zamanı jurnalistlər qulaq asır, sonra treninq otağına keçib yazılarını yazırlar. Burda beş noutbuk var və onlar wi-fi sistemiylə internetə qoşulublar. Həm də biz bəyan etmişik ki, jurnalistlər istənilən  vaxt, yəni iş vaxtı saat 19.00-a kimi təmənnasız bu xidmətlərdən istifadə edə bilərlər. Qeyd edim ki, zal həmişə dolu olur, yəni jurnalistlər gəlirlər. Bundan əlavə, bizdə gündəlik təzə qəzet və jurnallar olur ki, jurnalistlər gəlib bundan da istifadə edirlər. Jurnalistlərin yararlanması üçün çanaq antenasına qoşulmuş  televizor da var ki, orda daim BBC, “Euronews” və digər kanalların xəbərlərini izələyə bilərlər”.

Xalq qəzetinin redaksiyasında yerləşən “Xalq” Mətbuat Klubundan bildirdilər ki, mətbuat konfransı zalında müasir tələblərə cavab verən avadanlıqlar yoxdur.
“Zal 10 il bundan əvvəl təmir olunub, indi özünüz təsəvvür edin, stollar köhnəlib, divarın rəngi solub. Müasir tələblərə cavab vermədiyi üçün heç kim bizə müraciət etmir. Çox az hallarda burda tədbir keçirilir. Belədə yalnız özümüz lazım olanda konfrans zalından istifadə edirik”.

“Xalq” Mətbuat Klubunun adının çəkilməsini arzulamayan əməkdaşı qeyd edib ki, maliyyə imkanları konfrans zalını müasir tələblərə cavab verəcək şəkildə təmir etdirməyə imkan vermir.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi