Modern.az

Milli Məclisin yeni deputatı: “Bu hisləri ifadə etmək ağırdır” - MÜSAHİBƏ

Milli Məclisin yeni deputatı: “Bu hisləri ifadə etmək ağırdır” - MÜSAHİBƏ

3 Mart 2016, 09:44

Fevralın 25-27-də ATƏT Parlament Assambleyasının (PA) Vyanada 15-ci qış sessiyası keçirildi.

Azərbaycanın  qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Ağayeva sessiya ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

- Ülviyyə xanım, bugünlərdə keçirilən ATƏT-in Parlament Assambleyasının qış sessiyasında iştirak etmisiniz. Sessiyada müzakirə olunan məsələlərlə bağlı məlumat verməyinizi xahiş edirik...

- Bilirsiniz ki, hər il ənənəvi olaraq ATƏT PA-nın qış sessiyası Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir. Sessiya çərçivəsində dünya ictimaiyyətini ən çox maraqlandıran, düşündürən bir çox məsələlər müzakirə olunur. Bu təşkilatın fevral ayının 26-da Vyanada keçirilən 15-ci qış sessiyasında Azərbaycan Respublikası Milli Məclisinin vitse-prezidenti  Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində mən də iştirak edirdim. “ATƏT məkanında miqrant və qaçqın böhranı: kollektiv cavab tədbirlərinin gücləndirilməsi“ adlı xüsusi debatlarda çox maraqlı çıxışlar oldu. Millət vəkilləri Bahar Muradova, Azay Quliyev və Tahir Mirkişili öz çıxışlarında Azərbaycanın ağrılı məqamlarını bir daha dünya ictimaiyyətinə çatdırdılar.

Azərbaycanın ATƏT regionunda böyük qaçqın axını problemi ilə üzləşən ilk ölkə olduğu nəzərə çatdırıldı.  Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi nəticəsində 1 milyondan artıq insanın yurd-yuvasından didərgin düşərək, evsiz-eşiksiz qaldığı vurğulandı.

İclasın keçirildiyi gün  Xocalı soyqırımının 24-cü  ildönümünə təsadüf edirdi. Millət vəkillərimiz öz çıxışlarında dünyada baş verən silahlı toqquşmalar, qarşıdurmalar, terror nəticəsində həyatını itirən minlərlə dinc insanı, o cümlədən Xocalıda baş vermiş faciənin qurbanlarını da yad etdilər. Dünya xəritəsində yeni münaqişələrə əngəl olmaq, getdikcə dərinləşən qaçqın probleminin qarşısını ala bilmək, bu problemlərin həlli yolunu birgə tapmaq,  günahkarların cəzalandırılmasına nail olmaq və geri dönmək ümidindən başqa hər şeyini itirmiş insanlara kömək etmək uğrunda bütün insanları birləşməyə səslədilər.

- Sizin bu gün Avropada qaçqınlara qarşı olan aqressiyaya münasibətiniz necədir?

-Düşünürəm ki, bu talesiz insanları qınamaqdansa, onları bu həyatı yaşamağa məcbur edən səbəblər araşdırılmalıdır. Mən miqrasiya haqqında danışarkən diqqəti ilk növbədə mənəvi təcavüzə məruz qalmış körpələrə yönəltmək istəyirəm. Baş verənlərdə onların heç bir günahı yoxdur. Qaçqın və köçkün həyatı yaşamağa məcbur olmuş dinc insanların Avropaya üz tutması hər kəsə məlum olan səbəblər üzündəndir. Qaçqınları Avropaya üz tutmaqda günahlandırmaqdansa, həmin insanları buna vadar edən səbəbləri araşdırıb, onlara qarşı çıxmalıyıq.



- Bu, Sizin ATƏT Parlament Asambleyasında ilk iştirakınız idi. Azərbaycana qarşı münasibəti necə dəyərləndirirsiniz?

- Bəli, bir millət vəkili kimi bu mənim ilk rəsmi səfərim idi. Açığını deyim, Azərbaycan nümayəndə heyətinə olan gözəl münasibət məni qürurlandırdı. Diskussiyalar zamanı bir çox ölkələrin nümayəndələri 2014-cü ildə ATƏT PA–nın yay sessiyasının Azərbaycanda çox yüksək səviyyədə keçirildiyini xüsusi vurğuladılar. Bildirdilər ki, bu, ATƏT PA  tarixində keçirilən ən maraqlı görüş idi.

Bahar Muradovanın Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyanın çıxışına münasibətini də razılıqla qarşıladılar. Bahar xanım əslində hər birimizin ürəyindən keçən fikri gözəl şəkildə ifadə etdi. Qeqamyanı bir siyasətçi kimi  fərqləndirən cəhətləri belə açıqladı: "Bilirsinizmi, sizinlə mənim bir siyasətçi kimi fərqimiz nədədir? Siz əli azyaşlı günahsız uşaqların, qadınların, qocaların qanına batmış, gec-tez ədalət məhkəməsi qarşısına çıxacaq bir prezidenti dəstəkləyirsiniz. Mən isə dünyada sülh, qarşılıqlı yardım, multikultural dəyərləri, ölkəsinin iqtisadi və coğrafi imkanlarını bir örnək kimi təqdim edən prezidenti dəstəkləyirəm. Buna görə də, sizin çıxışlarda konstruktivlik və sülhpərvərlik əvəzinə daha çox aqressiya və süni emosionallıq hiss olunur. Xahiş edirəm, öz çıxışlarınızda bir daha mənim prezidentimin adını çəkməyin!".
Mətbuat səhifələrindən artıq bu çıxışla tanışsınız.

- Avropaya üz tutan qaçqın axını, yurd-yuvasından didərgin düşmüş insanlar, xüsusən qadınlar və günahsız körpələr barədə sizin fikirləriniz...

- Məni düşündürən də bu uşaqların acı taleyidir.  Bəzi dövlətlərin ədalətsiz, işğalçı siyasəti nəticəsində digər dövlətlərin günahsız dinc əhalisi öz tarixi torpaqlarından, dədə-baba yurdundan qovulur. Nəticədə minlərlə günahsız uşaqlar stresə məruz qalır. Əksər dövlətlərin yürütdüyü siyasətdə uşaqların psixoloji drumuna təsir edəcək faktorlara həssaslıqla yanaşılır. Bu faktoru nəzərə alsaq və müqayisə etsək, görün öz torpağında güllə-barana məruz qalmış, qorxu və stress içində bilmədikləri, tanımadıqları istiqamətdə, təlaş içində yerdəyişməyə məruz qalmaq körpələrin psixikasında hansı silinməz izlər buraxır, bunu ifadə etməkdə acizəm. Bu güllə-baranda, bombardman nəticəsində evi dağıdılmış, ata-anasını itirib bu dəhşət içində tək qalmış uşaqların keçirdiyi hisləri ifadə etmək ağırdır.

Bu gün dünyada sülhün bərqərar olması, ailələrin dağılmaması, dinc əhalinin yurd-yuvalarından didərgin düşməməsi, gələcəyimiz olan uşaqların bu stresi yaşamaması istiqamətində hər bir vətəndaş əlindən gələni əsirgəməməli, bütün səylərini səfərbər etməlidir. Suriyadan qaçmış, qışın oğlan çağında rezin qayıqlarda qaçaraq canını qurtarmaq istəyən, Avropaya pənah gətirərkən sulara qərq olan minlərlə körpənin, qadın və qocaların acı taleyi bəşəriyyəti düşündürməlidir. Biz hamılıqla belə acı fəlakətlərə, insanlıqdan kənar hərəkətlərə biganə qalmamalıyıq. XXI əsrdə yaşayırıq. Artıq insanların həyata baxışları da dəyişməlidir. İnsanların zəkası müharibələrə, qanlı münaqışələrə deyil, problemlərin dinc yolla həll olunmasına yönəlməlidir.

Qeyd: Ülviyyə Ağayeva ötən ilin noyabrın 1-də  V çağırış Milli Məclisə keçirilən seçkilərdə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilib.





Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir