
Hazırda “Təmiz Dünya” İctimai Birliyinin sığınacağında 15 qadın məskunlaşıb. Bu haqda Modern.az saytına birliyin sədri Mehriban Zeynalova məlumat verib.
O, qeyd edib ki, müraciət edənlər əsasən, özünü təhlükədə hiss edən, köməksiz olan, boşanıb aliment ala bilməyən xanımlardır:
“Bəzən evdən qaçan gənc qızlar olur ki, biz müvafiq dövlət qurumlarını bu barədə məlumatlandırırıq. Bizə müraciət edənlər əsasən16 yaşından yuxarı xanımlardır, hətta hazırda 58 yaşında bir qadın da bizimlədir. Bu yaxınlarda 3 uşaqlı bir xanımı ailəsilə barışdırdıq. Onun problemi çoxdur. Məsələ burasındadır ki, qadının və uşaqlarının sənədi, hətta doğum haqqında şəhadətnamasi belə, yox idi. Ucar Rayon İcra Hakmiyyəti ilə əlaqə saxladıq. İcra rəsmiləri doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsini, həmçinin uşaqların sənədlərini almaqda köməklik edəcəklərini bildirdilər.
Həmçinin dəfələrlə ailəsində münaqişə olanları barışdırmağa çalışırıq. Amma olur ki, heç bir halda onları barışdıra bilmirik.
Bu yaxınlarda Neftçalada yaşayan bir ailədə boşanma, aliment məsələsi qaldırılmışdı. Hətta məsələyə müdaxilə edərkən qarşı tərəf bizim nümayəndəmizi döyməyə çalışmışdı. Biz də polisə müraciət etməli olduq. Bəzən müraciət edilən problemlərlə bağlı hansısa dövlət qurumlarına, ayrı-ayrı məmurlara müraciət edirik. Kimisi get-gələ salır, kimisi yerində kömək etməyə çalışır. Elə olur ki, həlli olmayan məsələni məmur özü müəyyən etdiyi istiqamət üzrə həll edir. Elə məmur da olur ki, heç problemi dinləmir də”.
M.Zeynalova deyib ki, bu ilin yanvar ayından etibarən bütün icra strukturlarına məktubla müraciət ediblər:
“Biz qarşılıqlı əməkdaşlıq etmək istəyimizi və sığınacağımızın onların üzünə açıq olduğunu dedik ki, problem yarandığı zaman bizə müraciət edə bilər. Onlar da razılıqlarını bildirdilər.
Hazırda iki xanımı işə düzəltmişik. Onlardan biri dövlət qurumunda, digəri isə mühafizə xidmətində çalışmağa başlayıb”.
Xanım sədr aidiyyatı qurumları və məmurları indiki şəraitdə vətəndaşların yanında olmağa çağırıb:
“Ümumiyyətlə, hazırda cəmiyyət psixoz vəziyyətdədir. Cəmiyyətin psixoz vəziyyətdə olması isə böyük təhlükədir. Ölkədə baş verən iqtisadi, sosial və s. problemlər insanların yaşayışına sirayət edir. Məsələn, 3 uşaqlı ailənin başçısı olan ata bildirdi ki, vəziyyət çətin olduğundan ailədə gərginlik yaşanır. Biz ona başa saldıq ki, xidmət paketləri olan təşkilat və qurumların köməyindən istifadə edə bilərlər. O, məsələn, elə bilirdi ki, sənədlərin düzəldilməsi üçün böyük miqdarda vəsait tələb olunur. Biz onu başa saldıq ki, hansısa sənədin alınması üçün “ASAN xidmət” kimi qurumların fəaliyyətindən yararlana bilər.
Düşünməliyik ki, problemini həll edə bilməyən insanlar cəmiyyət üçün aqressiv fərdə çevrilirlər. Bu təkcə onun ailəsi üçün təhlükə deyil. İnsan taleyinə biganə məmurlar bir az da bu barədə düşünməlidirlər..”.
Güləşən RAUFQIZI