Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl talış separatçılarının fəallaşması haqda məlumat yayıb. Məlumatda qeyd olunur ki, Moskvada yayımlanan “Talışıstan milli televiziyası” 18-ci buraxılışını təqdim edib. Həmin verilişdə “Talışıstan problemi” gündəmə gətirilib. İlham İsmayılın sözlərinə görə, talış separatçılarının liderləri Fəxrəddin Aboszada və İsmayıl Şabanov 27 fevral 2016-cı il tarixində də İrəvanda "Azərbaycanın köklü xalqları" elmi konfransına internet vasitəsilə qoşulub dövlətimizin əleyhinə çıxışlar edib.
Modern. az saytı məsələ ilə bağlı “Azəri-Talış Birliyi”nin təsisçisi Eldəniz Quliyevdən münasibət öyrənib.
O, Moskvada yayımlanan “Talışıstan milli televiziyası”nın qurama TV olduğuna diqqət çəkərək deyib ki, talışların da separatçı qrupları var.
“Həmin televiziya kanalı talışları elə təqdim etməyə çalışır ki, guya, talışların separatçı qrupları var. Bəli, onlar var. Amma Azərbaycanda deyil, ola da bilməz. Azərbaycanı sevən adam separatçı xülyalara, fikirlərə heç zaman üstünlük verməz.
Moskvada yayımlanan həmin o televiziya kanalı qurama bir kanaldır. Bir çox hallarda separatçılar həmin kanaldan istifadə edirlər. Halbuki, öz xalqını, dövlətini sevən talışlar o kanala qarşıdırlar. Bunu dəqiq deyirəm. Ümumiyyətlə, separatizm anlayışı sadə talışlar, eləcə də talışın əsl ziyalıları üçün qəbuledilməzdir. Onlar dövlətçilik maraqlarını hər zaman üstün tuturlar. Azərbaycanın bir hissəsi olduqlarını daim bəyan edirlər. Həm talış ağsaqqalları, həm talış ziyalıları, həm də mütərəqqi fikirli istənilən talış ziyalısı özünü bərabərhüquqlu Azərbaycan vətəndaşı hiss edir. Bunu da bir çox hallarda Azərbaycan hakimiyyətindən tələb edirlər ki, insanlar arasında etnik fərqlilik qoymaq olmaz”.
E.Quliyev talış separatçılarının liderlərindən olan İsmayıl Şabanovun çıxışına da münasibət bildirib.
“Bu məsələ ilə bağlı fikrimi belə ifadə edərdim ki, İsmayıl Şabanovun İrəvanda hər hansı bir tədbirə qatılmasına inana bilmərəm. İsmayıl Şabanov mütərəqqi fikirli ziyalıdır. Ola bilər ki, belə ifadə işlətsin ki, “talış zonasında yaşayan əsasən talış əsilli insanlar mədəni muxtariyyət tələb edirlər”.
Hesab edirəm ki, bu da onların hüququdur. Öz dili, teatrı, ədəbiyyatının olmasını, mədəniyyətlərinin inkişaf etdirilməsini istəyirlər. Buna təbii yanaşmaq lazımdır. Bunu separatçılıq kimi təqdim etmək olmaz”.
Namidə BİNGÖL