
“Son günlər Rusiya tərəfinin daha da aktivləşdiyi göz önündədir. Vladimir Putinin prezident İlham Əliyevə son günlər tez-tez telefon zəngləri açması, Rusiya hökumətində yüksək vəzifə tutmuş şəxsləri, emissarları Azərbaycana göndərməsi də bunu bir daha sübut edir. Göndərilən bu emissarların əsas məqsədi Azərbaycana təzyiq etməklə Rusiya tərəfə çəkmək, bizdən Türkiyəyə qarşı istifadə etmək və balansı pozmaqdır”.
Bu sözləri Modern. az saytına açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın son zamanlar regionda Azərbaycan və Türkiyə il bağlı atdığı addımları şərh edərkən söyləyib.
“Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Ermənistanın dəyirmanına su tökdü. Azərbaycanı isə müəyyən qədər çətinliyə saldı. Azərbaycan indi artıq daha ölçülü-biçili, ehtiyatlı siyasət yürütməyə məcburdur. Çünki Rusiyanın niyyəti bütün Türk dilli Respublikalarla Türkiyənin əlaqələrini kəsməkdir. Bu, hələ ki alınmır. Xüsusilə Azərbaycanla heç alınmır.
Bu gün həmçinin Türkiyənin Konya şəhərində Azərbaycan və Türkiyə hava şahinlərinin “TURAZ Şahini-2016” birgə taktiki-uçuş təlimləri həyata keçirilir. Bu da təbii ki, öz növbəsində Rusiyanı çox narahat edir. Rusiya da Xəzərdə hərbi dəniz donanmasının geniş miqyaslı təlimini keçirir. Bir növ Rusiya bununla region ölkələrinə nümayiş etdirmək istəyir.
Çox gərgin siyasi mühit mövcuddur. Azərbaycan uzun illərdir ki, Türkiyə ilə iki qardaş dövlət kimi strateji əməkdaşlığı həyata keçirir. Eyni zamanda yaxın qonşu və Müstəqil Dövlətlər Birliyinin(MDB) üzvü kimi Rusiya ilə də əlaqələri normal istiqamətdə aparır. Bu münasibətlərdə hər hansı bir problem yoxdur.
Mənə elə gəlir ki, Azərbaycanın xarici siyasət xəttində hər hansı bir dəyişiklik etməsinə ehtiyac yoxdur.
Çünki Rusiya ilə aparılan siyasətə görə Türkiyə və Türkiyə ilə yüksələn xətlə aparılan siyasətə görə isə Rusiya bizi başa düşməlidir. Azərbaycan ayrı bir dövlətdir və öz dövlət maraqlarına uyğun siyasət həyata keçirir “ -deyə politoloq əlavə edib.
Ekspert həmçinin Türkiyənin baş naziri Əhməd Davudoğlunun bu yaxınlarda Azərbaycanla bağlı verdiyi siyasi bəyanatına da münasibət bildirib :
“Əhməd Davudoğlunun “Rusiyanın növbəti hədəfində Azərbaycandır “ formasında verdiyi bəyanatı tamamilə həqiqət idi. Amma çox təəssüf ki, biz bütün həqiqətləri deyə bilmirik.
Əgər həqiqətləri desək bu münasibətlərin korlanmasına gətirib çıxarar. Azərbaycan tərəfinin bu bəyanat qarşısında susması normaldır. Çünki Azərbaycan buna reaksiya versə idi tərəfsiz olmadığını göstərə bilərdi. Yəni ya müsbət ya da mənfi reaksiya versə idi Türkiyə və yaxud Rusiyanın maraqlarına zidd addım atmış olardı. Rusiya da öz növbəsində buna şərh vermədi. Əgər Rusiya Əhməd Davudoğlunun həmin bəyanatını şərh etsəydi meydan qızışa və yeni faktlar ortaya çıxa bilərdi “.
Politoloq Davudoğlunun bəyanatının nə zamansa baş tutacağını da bildirib:
“Mən hesab edirəm ki, Əhməd Davudoğlunun verdiyi həmin bəyanat qeydiyyatdan keçdi. Vaxt gələcək ki, tarixin müəyyən dövründə Davudoğlunun söylədiyi o sözlər Azərbaycan üçün çox əhəmiyyətli və həyatı əhəmiyyətli sözlərə çevriləcək. Davudoğlu o bəyanatı ilə Rusiyanın Azərbaycanla bağlı olan planları haqqında proqnoz verdi”.
Ağa AKİFOĞLU