Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Fənn müsabiqələrinin qaliblərinin mükafatlandırılması” mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin sektor müdirləri, məktəb direktorları, müsabiqə qalibləri və valideynlər iştirak edib.
BŞTİ – nin müdiri Məhəbbət Vəliyeva bilik yarışlarında qazanılan uğurların ilbəil artdığını söyləyərək müsabiqə qaliblərini təbrik edib onlara daha böyük nailiyyətlər arzulayıb.
2015-ci ilin noyabr və dekabr, 2016-cı ilin yanvar aylarında Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin VII sinif şagirdləri arasında riyaziyyat, VIII sinif şagirdləri arasında isə fizika, kimya, biologiya fənləri üzrə üç mərhələdə müsabiqələr keçirilib. Ümumilikdə 2212 şagirdin iştirak etdiyi müsabiqələrin nəticələri təhlil edilib və yüksək göstəricilər əldə etmiş şagirdlər müəyyənləşdirilib. Fənn müsabiqələrinin Bakı şəhəri üzrə 3 mərhələsinin yekununa əsasən 94 nəfər qalib olub.
Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Aytən ZƏHRA